Almaniyanın ədəbi və klassik paytaxtı - Veymar
   
   Dövlət kimi yarandıqdan bəri öz tarixində iki dəfə birləşən Almaniya, əslində hər kəs üçün maraqlı ölkədir. Antik tikililər, intibah dövrü mədəniyyəti, məşhur saraylar, muzeylər, qalereyalar, vaxtilə bütün dünyanı lərzəyə salan və bu gün muzeyə çevrilən faşizmdən qalan Berlin divarı, Reyxstaq və başqaları bu qədim dövlətin tarixini özündə əks etdirir. Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Cənubi Qafqaz jurnalistlərinin bu ölkəyə baş tutan bir həftəlik səfərində məqsəd də elə bu möhtəşəm diyarın mədəniyyəti ilə tanış olmaq idi.
   
   Səfər təəssüratlarıma Almaniyanın klassik və ədəbi paytaxtı olan Veymar şəhərindən başlamaq istərdim. Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar.
   Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci Dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub.
   Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb.
   Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.
   Təsadüfi deyil ki, Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirləri şəhəri 1999-cu ildə Avropa Mədəniyyətinin Paytaxtı seçiblər.
   
   Turistləri ən çox muzeylər cəlb edir
   
   Cəmi 64 min əhalisi olan Veymarın ərazisi o qədər də böyük deyil. Qeyd etdiyim kimi, əhalinin gəlir mənbəyi turizmdir. Amerika və Çindən olan turistlər üstünlük təşkil edir. Turizm mövsümü aprel ayından sentyabra qədər davam edir. Hər il şəhərə gələn turistlərin sayı 3 milyona yaxın olur. Şəhər əhalisini üç təbəqəyə bölmək olar: tələbələr, təqaüdçülər və turistlər.
   Veymarın ərazisi kiçik olduğundan turistlər muzeyləri və qalereyaları nəqliyyatdan istifadə etmədən asanlıqla gəzə bilərlər.
   Bu şəhərdə orta əsrlər, intibah erası və nəhayət, yeni dövrü xatırladan tikililər, saraylar, ən qədim saray apteki, orta əsrlər operasının binası, bazar meydanı almanların tarixini özündə əks etdirir. Şəhərə gələn turistləri isə ən çox cəlb edən muzeylərdir. Veymarda ilk baş çəkdiyimiz məkan avanqard incəsənəti əks etdirən Yeni muzey, yəni Müasir İncəsənət Muzeyi oldu. Artıq iki ildir ki, muzeyin yanında tarixi tikilidə ticarət mərkəzi fəaliyyət göstərir. Lakin tələbələrin əksəriyyəti həmin binadan ticarət məqsədi ilə istifadə edilməsinə qarşı çıxır. Yeni muzey 1931-ci ildə, Veymar Respublikası dövründə fəaliyyətə başlayıb. Lakin Hitler 1933-cü ildə muzeyi ləğv edir və onun sonuncu direktoru Amerikaya miqrasiya edir. Çünki nasistlər avanqard incəsənəti sevmirdiər və onlar daha çox milli üsluba üstünlük verirdilər. Müşayiətçinin bildirdiyinə görə, həmin illərdə Almaniyada yaşayan yəhudilər ana vətənləri, İsrailə köçüb. Ona görə də indi Təl-Əvivdə bu muzeyə bənzər çoxlu tikililəri görmək olar.
   Ümumiyyətlə, Veymar Bauhaus hərəkatının, yəni müasir incəsənətin mərkəzi olub. Bauhaus məktəbi özündə sənətkarlığı və müasir incəsənəti birləşdirir. Əsası Valter Qroupus tərəfindən qoyulan bu məktəb 1919-cu ildən 1933-cü ilə qədər fəaliyyət göstərib. Maraqlıdır ki, məktəbin əsasının memar tərəfindən qoyulmasna baxmayaraq, yaranışının ilk illərində Bauhausun memarlıq departamenti mövcud olmayıb. Bauhaus məktəbi incəsənət, memarlıq, qrafik dizayn, daxili dizayn, sənaye dizaynı və topoqrafiyanın inkişafına hərtərəfli təsir edib. Məktəb Almaniyanın üç şəhərində, Veymar, Desau və Berlində fəaliyyət göstərib. 1933-cü ildə məktəblər nasist rejimi tərəfindən bağlanılıb və yalnız müharibədən sonra bərpa olunub.
   
   Saray muzeyi
   
   Veymar həm də klassik sarayların incəsənət xəzinəsidir. Bu məkanda olan hər kəs orta əsrlərdən başlayaraq XX əsrin modernizmi ilə rastlaşa bilərlər. Şəhərdə turistləri özünə cəlb edən muzeylərdən biri də dəbdəbəli kral sarayıdır.
   Bu gün muzey kimi fəaliyyət göstərən saray kolleksiyalarının tarixi nüvəsi Veymar Kral evinin sahiblərinin incəsənət işlərindən formalaşıb. 500 il Veymar sarayı Ernestinianın Kral evi kimi fəaliyyət göstərib. Ernestiniaların əsas mülklərinin Vittenberqdən Veymara köçürülməsindən sonra əsl qala intibah dövrünün sarayı kimi saxlanılıb. 1618-ci ildə bu tikili yanğının qurbanı olub və 30 illik müharibədən sonra IV Vilhelmin krallığı dövründə üçqanadlı dəbdəbəli tikili ilə əvəz olunub. 1774-cü ildə Vilhelmsburq adlandırılan bu tikili də yanğın nəticəsində dağıdılıb. Karl Avqustun dövründə 1789-cu ildə isə Hötenin rəhbərliyi altında sarayın tikilməsi üzrə komissiya yanğından qalmış daşların üzərində yenidən bərpa və tikinti işləri aparır. 1803-cü ildə hersoq ailəsi saraya köçəndə daxili otaqlar yüksək klassik memarlıq üslubunda bərpa olunur.
   Muzey XIX əsr boyu fasiləsiz olaraq genişləndirilib. Lukas Kranaçın rəsmləri, heykəlləri, Höte dövrünün əl işləri muzeyin dəyərli ekspozisiyalarıdır. Bundan başqa, kolleksiyalarda Veymar rəssamlıq məktəbinin avanqard rəsmləri də toplanıb. Tikilidə yunan-Roma üslubundan istifadə olunub.
   Birinci mərtəbədə yerləşən orta əsrlər incəsənət nümunələri və Rusiya ikonalarının kolleksiyası ziyarətçiləri özünə daha çox cəlb edir. Sarayda qiymətli ağaclardan hazırlanan çoxlu musiqi alətləri də qorunub saxlanılır. Sarayın arxa tərəfində olan yol faytonların həyətə rahat daxil olması üçün nəzərdə tutulub. Muzeydə ən çox diqqəti cəlb edən dəbdəbəli zaldır.
   Veymarda digər cəlbedici tikili orta əsrlər alman operasının, müasir dövrdə isə milli teatrın fəaliyyət göstərdiyi binadır. Orta əsrlər bazar meydanında yerləşən və qarşısında Şiller və Hötenin heykəlləri ucalan bina bu fonda olduqca möhtəşəm görünür.
   
   Mehparə,
   Bakı-Berlin-Bakı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar