«Gələcəksiz bir də haçan...»
   
   Son sözü «durnalar» yox, «qonaqlar» oxuyun
  
 
   Yəni, «Gələcəksiz bir də haçan, qonaqlar?» Əvvəli ustaddan, son kəlməsi ab-havadan yaranan bu misra Qazaxda - elə buralara məxsus şairanə görünüşlü Mədəniyyət evində üç saatdan çox sürən yubiley törəninin lap sonunda yayımlandı könüllərdən.
   
   Ulu şair, ulu baba
   
   Molla Vəli Vidadi təkcə ulu şair yox, həm də elə ulu babalardandı ki, onun avtoqraflarından olan bu misrasına əl qatmaqdan çəkinmədim. Həm də bu «rekonstruksiya» ağlıma o elatda gəlmişdi ki, orda nəinki durnanı, sözün özünü də gözündən vururlar.
   Bu məclis elə gözəl keçdi, elə özəl alındı ki, deyərdin bəs, ozan-düzənini Molla Vəli özü veribmiş, mizan-tərəzisini Molla Pənah (yeri gəlmişkən və ya hələ gəlməmişkən, başdan-başa klassik bir tamaşa təsiri bağışlayan bu tədbirin mizan-düzən müəllifi Gənc Tamaşaçılar Teatrının quruluşçu-rejissoru xalq artisti Vaqif Əsədov idi). Bu mənzərə, tez-tez işlətdiyimiz «aləm bir-birinə qarışmışdı» kimi mənfi trafareti çox xoş bir rəyə çevirmişdi; aləm bir-birinə qovuşmuşdu. Bütün sənət-səhnə adamları - şairlər, aktyorlar, musiqiçilər, xanəndə-sazəndələr, yerli aşıqlar səhnədə bir-birini gözəl qafiyələr kimi tamamlayırdılar. O üç saat ərzində o səhnədə düz üç əsrin dövrləri, dövranları, düşüncələri, qoşmaları, qəzəlləri, gözəlləri, şikayətləri, alxışları… və ağzınadək dolu salonun alovlu alqışları görüşdülər. «Alqış, alxış» demişkən, bu yerdə Qazax camaatına bir alqış. «Niyə»sini öz ləhcələriynən deyəjəm, vallah! «Aya, Allahsız, buxartana dahimi yetirmək, məşhurmu bitirmək olar?! Öyün yıxılmasın, küçədə-meydanda heykəl əlindən dəbərməy olmoor, yubiley gejələrinnən gejəmiz-gündüzümüz yoxdu!»
   Zarafata qalsa - yerlibazlıq, ciddiyə qalsa (nəticə etibarilə) - millibazlıq kimi qiymətləndiriləsi bu sözlərdən sonra, məncə, salondakıların ürəyində və Vidadinin ruhunda səslənən «Gələcəksiz bir də haçan, qonaqlar?» misrasını təkrarlamağım pis çıxmaz və gümanımca bu arzu-istək elə səhnədəkilərin də ürəyincə idi. Deyim ki, səhnədəkilər arasındakı şairlər - yubilyara lap bir köynək yaxınlar - Ədalət Əsgəroğlu, Musa Ələkbərli, Barat Vüsal, İbrahim İlyasoğlu isə bu müqəyyəd duyğunu daha ruhsal incələyə bilərdilər.
   Ümumiyyətlə, hər şeyi hamının ürəyincə olan bu törənin lap əvvəlindən başlayaq.
   
   Qoşalar
   
   22 may. Sübh çağı. Vidadi adına, Vidadi poeziyasına, Vidadi koloritinə köklənmiş qazaxlılar sübh tezdən rayon Mədəniyyət evinin qarşısındadırlar. Çayçılar, bağbanlar, fontançılar daha çox sevinirlər. Nədən ki, bu gün həm ziyarət, həm ticarət günüdü. Qarşıdakı «Abidələr bağı»nda da qələbəlikdir. Bu bağda bu yurdun adını «göylərə baş çəkən Göyəzən dağı» kimi ucaldanların büstləri, heykəlləri sıralanıb. Bağın o ucunda - «abidələr məclisi»nin yuxarı başında isə M.V.Vidadi ilə M.P.Vaqifin qoşa heykəlləri. Əsrdaş, sənətdaş, məsləkdaş və nəhayət, heykəldaş qoşalar.
   Saat 12.00. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov və digər rəsmi şəxslər, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, incəsənət şöbəsi teatr sektorunun baş məsləhətçisi Vəfa xanım Novruzova və başqa qonaqlar yubilyarın abidəsinə doğru irəliləyirlər və bu anlar Maraqlı nüanslar müşahidə edirəm: bağın sağında-solunda əyləşmiş yerlilər rayon rəhbərliyinin və qonaqların gəlişinə hörmət əlaməti olaraq ayağa qalxıb, baxış-duruşlarıyla onları salamlayır, pir ağsaqqallar isə öz şahanə ixtiyarlıqlarıyla yerlərindən dəbərməyib, öz halal-haqq məqamları ilə rəsmilərin salam-sayğılarını qəbul edirlər. Vidadi-Vaqif abidəsi önünə gülqoyma mərasimi də çox xəlqi, kolorital formatda keçir; rayonun icra başçısı Rauf müəllim öz səmimi davranışları ilə adamları başına toplayıb, maraqlı bir «beşdəqiqəlik» keçirir, Vidadi ilə Vaqifin kitablara düşməmiş xalqarası deyişmələrindən, həyati «öcəşmə»lərindən gülləmələr edir.…
   
   Teatr səhnəsində həyati səhnə
   
   Qazax rayon Mədəniyyət evi. Geniş, cazibədar teatr salonu. Salon ağzınadək dolu, səhnə - stullarınadək boş. Yuxarıda bütün Azərbaycan xalqına oxşayan qədimi, qoca bir kişi portreti; əlbəttə, M.V.Vidadi. Bir azdan aktyorlardan biri bu qocanın 230 il öncə M.P.Vaqifin qənşərində dediyi bir atmaca-misrası ilə bu qocalığın qədir-qiymətini bəyan edəcək: «Vaqif kimi min cavanə dəyər».
   Bəli, bir azdan başlanacaq bədii hissədə tədbirin istedadlı rejissorunun təqdimatında, xalq artistləri Rafiq Əzimov, İlham Əsgərov, Teyyub Aslanov, İsmayıl Həmidov, əməkdar artistlər Əli Nur, Gülyanaq Məmmədova, Gülüstan Əliyeva, Bilal Əliyev və başqalarının ifalarında Molla Vəli bir daha sübut edəcək ki, o, həmişəcavan, həmişəyaşar sənətkardır. Hələliksə, yığıncağın rəsmi hissəsidir və törənin açılışı üçün söz Qazax RİH başçısı Rauf Hüseynova verilir. Natiq yubiley iştirakçılarını salamladıqdan, qonaqlara çox səmimi xoşgəldindən sonra, bu yurdun şeir-sənət banisinin həyat və yaradıcılığı haqda müxtəsər məlumat verir.
   Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Vaqif Bəhmənli öz çıxışını ölkəmizdə bərqərar olan hökumət və sənət, rəsmilik və xəlqilik ittifaqı üstdə qurur: «Belə bir fikir var ki, may öz təbiət gözəlliklərindən başqa, yaddaşlara bir şey yazan ay deyil. Amma bu ay xalqımızın yaşam təqviminə ümummilli liderimiz Heydər Əliyevin doğum ayı kimi düşüb. Bu ay Şərqdə ilk demokratik cümhuriyyətin - Azərbaycan Demokratik Respublikasının yaranış ayıdır. Bu ay bizim nazirliyimizdə həyata keçirilən çox tədbir və layihələrin tarix göstəricisinə çevrilib. Və nəhayət, bu ay biz 300 il öncə dünyaya gəlmiş, dünyanın çox gözəlliklərini öymüş, çox kəm-kəsirlərini elə dünyanın öz üzünə söyləmiş böyük Azərbaycan şairi M.V.Vidadinin yubiley təntənəsinə yığışmışıq. Hörmətli nazirimiz Əbülfəs Qarayevin adından hamınıza poetik ovqat, bu səmimi, istiqanlı tədbirə uğurlar arzulayıram».
   
   Nələr gördüyümüz sənə əyandır
   
   «Nələr çəkdiymiz sənə əyandır» - deyə Xudaya müraciət edən Vidadiyə xitabdır bu. Mümkün deyil ki, o gün o səhnədə yaşananlar Vidadi ruhuna əyan olmasın. «Səhnə» deyiləndə ən çox dramatizm termini yada düşür. Lakin o gün o səhnə başdan-başa lirizmlə süslənmişdi. Hətta pərdə açılarkən heykəlləşmiş Vidadinin (istedadlı sənətkarımız Rafiq Əzimovun) əsrə bərabər donuq anında belə, çox dramatik bir lirika vardı. Bütün görkəmi, səsi-nəfəsi ilə tamaşaçılara canlı bir Vidadi təqdim edən aktyor M.P.Vaqifin (İlham Əsgərovun) «Ay ev yiyəsi!» sədasına «Aman, olmasın bu, Vaqifin səsi!» nidası ilə də ilahi bir lirizm yaratdı və mən o an «Küll-Qarabağın abi-hayatı, Nərmənazik bayatıdı, bayatı» misralarının bir vaxtlar hansı qəlbdən süzüldüyünün də fərqinə vardım.
   Bunun ardınca muğam çağladı. Adını öyrənə bilmədiyim bir oğlanın zəngulələri Vidadidən dediyi qəzəl və qoşmaların şirin qafiyələri kimi cəh-cəhləndi. Sonra həzin musiqi sədaları altında oğlan-qız aktyorların deyişmə kompozisiyaları. Bu yerdə hər yerdəkindən daha ecazkar, daha ruhsal səslənən saz çalğıları. Aşıqların avazları ayazımamış, şairlərin - M.Ələkbərlinin, Ə.Əsgəroğlunun, İ.İlyasoğlunun, B.Vüsalın gah ustad Vidadidən, gah öz sinələrindən söyləmələri salonun sənət təzyiqini şahə qaldırır. Belə yerdə səhnəyə kimin çıxacağını, kimin nə oxuyacağını elan etmək gərəkməz. Bir də ona görə ki, o halda «ifa edir» kimi quru sözlər işlənər. Amma burda sənətkar və sənətçilər sadəcə, ifa etmirdilər, «mürəkkəbcə» - yanıb-yaradırdılar. Əməkdar artistlər Gülüstan Əliyeva, Gülyanaq Məmmədova, Bilal Əliyev və Aşıq Samirə öz səs-sədaları ilə özlərinə gurultulu alqış və hüsn-rəğbət qazandılar, «baiskarlığı» ilə onları bura toplayan Vidadiyə isə qəni-qəni rəhmət. Yerli saz-söz ustalarından Aşıq Camoy, Aşıq Saqif və Aşıq Hacı uzaqdan gəlmişləri ulu sazın məhz bu bölgəyə məxsus allı-güllü xallarına qonaq etdilər. Əməkdar artist Əli Nur öz general səs tembri ilə Vidadinin həcmcə uzun, məzmunca doyulmaz bir şeirinə çox zabit-zabitəli bir ton və can verdi. Məşhur qarmon ustası, xalq artisti Kamil Vəzirovun ansamblı o səhnədə, belə demək mümkünsə, qan elədi. Keçənlərin ruhunu şad, qalanları heyran etdi.
   
   ...Və nəhayət
   
   Hə, nəhayət, bu pərdəsiz səhnə-tamaşanın pərdə arxasında qalan quruluşçusu - Gənc Tamaşaçılar Teatrının quruluşçu-rejissoru xalq artisti Vaqif Əsədovla eksklüziv-zakuliziv müsahibə:
   - Vaqif müəllim, uzun bir sualıma çox qısa bir cavab verin, xahiş edirəm: Hamının məhz belə görmək istədiyi bu bənzərsiz teatral mənzərəni əvvəldənmi bu cür görürdünüz, ya bir az da bədahətən belə alındı?
   - Mənim anlayışımca, xalqa bu qədər yaxın və doğma olan Vidadi dünyasını, bu məqamda əlavə edim ki, Vidadi-Vaqif aləmini xalqa rəsmi, «müasirlik» naminə müasir təqdim etmək günahdır. İdeyam bu idi, nəticə isə bu...
   - Xalqın şairini şairin xalqına bu sayaq təqdim etdiyinizə görə, təşəkkürlər...
   
   Tahir Abbaslı