Alman xalqının otuz il iki müxtəlif sistemlərdə yaşaması bu ölkə üçün heç də asan olmayb. Bu müddət ərzində digər sosialist ölkələrində olduğu kimi, Almaniyanın şərqində də sistem bəyənmədiyi dəyərləri məhv edib. Beləliklə, 3 oktyabr 1990-cı ildə Almaniya vahid dövlətdə birləşdikdən sonra sosializm sisteminin dağıtdığı dəyərləri, xüsusilə də mədəniyyət abidələrini bərpa etməklə məşğuldurlar.
   
   Bu ölkənin ikiyə bölünməsinin və «soyuq müharibə»nin simvolu kimi yadda qalan faktor məşhur Berlin divarlarıdır. 1961-ci ildə inşa edilmiş və uzunluğu 155 kilometr olan bu divarlar yalnız sosializmin dağılmağa başladığı dövrdə, 1989-cu ildə sökülüb. İndi tarixin arxivinə köçən bu divarlar almanların Qərbə axınının qarşısını almaq üçün tikilmişdi və Qərbi Berlini Almaniya Demokratik Respublikasının paytaxtından ayırırdı. Xatırladaq ki, Qərbə keçmək istəyən 200-dək alman ADR sərhədçiləri tərəfindən güllələnmişdi. Divarlar söküldükdən sonra həmin almanların xatirəsini əbədiləşdirmək məqsədilə onların simvolik qəbirləri qurulub və üzərində şəkilləri vurulub. Həmin divarlar iki qatdır və divarların arasında bir neçə metr məsafə var. Əsgərlər məhz həmin aralıqda qarovul çəkirlərmiş və Qərbə tərəf keçmək istəyən alman yerindəcə güllələnirmiş. Divardan keçmək insanların həyatları bahasına başa gəlirdi. Divarın yanındakı yaşayış evlərinin dağıdılmış qalıqlarının izləri qalıb. 80-ci illərdə isə divar yeni formada tikilib. Bu divar əvvəlkinə nisbətən daha hündür idi. Bu gün isə bu divarlar üzünü turistlər üçün açıb. Çünki tarixin bütün mərhələlərini qorumağa çalışan almanlar acı xatirələri ilə yadda qalan Berlin divarlarının da bir hissəsini məhz muzey kimi saxlamaq fikrindədirlər. Bu divarın ətrafında onun salınma tarixi haqqında məlumatlar, dövrü əks etdirən şəkillər vurulub. Divarın uzandığı digər yerlərdə onun izlərini tamamilə yox etmək üçün sərhəd ərazilərdə binalar tikir, bağlar, parklar salırlar. Berlin divarı ilə üzbəüz «Berlin divarı Sənədləşdirmə Mərkəzi tikilib». Həmin mərkəzdə divarın salınması haqqında film nümayiş etdirilir. Sənədləşdirmə mərkəzinə gələn turistlər Berlin divarının tarixi ilə bağlı məlumatlarla təchiz olunur. Bu informasiyalar maraqlanan insanlara geniş bilgilər verir. Bir sözlə, mərkəz Almaniyanın bölünməsi ətrafında araşdırmaları və onun tarixini təqdim edir. Sənədləşmə mərkəzi 1999-cu il noyabrın 9-da, divarın sökülməsinin 10-cu ildönümü münasibətilə açılıb. Burada Berlin divarının salınması ilə bağlı tarixi və siyasi situasiyalar haqqında təfərrüatlı informasiyalar verilir və videoçarxlar nümayiş etdirilir. Bundan əlavə, turistlərə yuxarı qalxıb panorama mərkəzindən bu divarı ətraflı seyr etmək imkanı da yaradılıb. Bu gün faşizmin daha bir nişanəsi olan Reyxstaqda Almaniya parlamenti fəaliyyət göstərsə də. Binanın bir hissəsi muzey kimi istifadə edilir. Eyni zamanda İkinci Dünya müharibəsi dövründə törədilən yəhudi soyqırımının qurbanlarının ruhuna hörmət əlaməti olaraq Berlində simolik qəbiristanlıq salınıb.
   
   Muzeylər adası
   
   Bu gün Almaniyada bütün tarixi abidələr qorunur və mühafizə olunur. Bu abidələr arasında isə turistləri ən çox cəlb edən muzeylərdir. Buraya insanların növbə ilə daxil olması da bu məkana böyük maraqdan xəbər verirdi. Berlində ən qiymətli və böyük tikili də elə Muzeylər adasıdır. Hazırda adaya daxil olan muzeylərdə təmir-bərpa işləri aparılır və bu işlərə federasiya hər il 100 milyon yevro məbləğində pul ayırır. Adada hələ də təmir işləri gedir. Qarşıda olan 15 ildə ərazidə işlərin başa çatması gözlənilir. Muzeylərin arasında ən əhəmiyyətlisi 1929-cu ildə tikilən Perqamon muzeyidir. Bu tikili 1945-də İkinci Dünya müharibəsi zamanı dağıdılıb. 1952-ci ildə təmir-bərpa işləri aparılıb. Hazırda burada ikinci təmir-bərpa işləri gedir. Qədimliyi bərpa etmək üçün muzeyə 50 komponent gətirilib. Muzeyə bir neçə bölmə daxildir: Qədim incəsənət əşyaları bölməsi, qədim Yaxın Şərq muzeyi və İslam İncəsənəti bölmələri. Digərlərindən fərqli olaraq Perqamonda həmişə sərgilər keçirilir və ziyarətçilər olur. Muzeyin birinci mərtəbəsində qədim Şərq sivilizasiyasının nümunələri olan incəsənət əşyaları toplanıb. Ön Asiyanın qədim dövlətlərindən olan Babilin möhtəşəm İştar darvazalarının olduğu kimi bərpa olunaraq muzeydə yerləşdirilməsi olduqca əsrarəngiz görünür. Bu darvazalar Babildə aparılan qazıntılar zamanı bərpa olunub və 1930-cu ildən bəri Perqamon muzeyində yerləşdirilib. Darvazadakı kərpiclərin üzərində şüşə örtüklər parıldayır. Müasir istehsal edilmiş şüşə kərpiclər darvazanın bərpasına imkan verib. Müharibə zamanı və müharibədən sonrakı dövrdə darvaza ziyan çəkdiyindən onun yenidən orijinal bərpası gözlənilir. Qeyd edək ki, darvazadakı ən kiçik parçalar orijinaldır. Muzeyin bu hissəsindəki saray divarları, qədim ibadət yerlərini əks etdirən eksponatlar o qədər canlı görünür ki, insan sanki özünü Qədim Şərq sivilizasiyası dövründə hiss edir. Perqamonun ikinci mərtəbəsində yerləşən İslam incəsənəti muzeyində qədim Şərq dövlətlərinə məxsus xalçalar, qablar, eksponatlar, silahlar özünə yer alıb. Qeyd edək ki, ziyarətçilər üçün muzeyin bütün zallarında yerləşdirilən eksponatlar haqqında çap olunmuş məlumatlar yerləşdirilib.
   
   San-Susi
   
   Deyirlər, Almaniyada olub, San-Susini (fansız dilində «qayğısız») görməmək günahdır. Prussiya krallarına məxsus olan bu saray mülkü Potsdam şəhərində yerləşir. Saray kral Böyük Fredrik tərəfindən yay mülkü kimi tikilib. Cəmi 2 ilə, 1745-1747-ci illərdə ərsəyə gələn San-Susi XVIII əsrin yadigarıdır. 1990-cı ildə San-Susi saray və əraziyə daxil olan böyük parkla birlikdə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilib. San-Susinin saray və parkını tez-tez «Purissiyanın Versalı» adlandırırlar. Bu tikililər XVIII əsr Avropa şəhər və saray memarlığını sintez edir. Fredrikə məxsus bu saray mülkü Almaniyada turistləri özünə cəlb edən ərazilərdən biridir. Deyilənlərə görə, Fredrik həyatı boyu iki missiyanı eyni vaxtda icra edib: O, həm despotik kral, həm də gözəl flyeta ifaçısı, filosof olub. Elə mülkün qapıları qarşısında kral geyimində flyeta çalan alman bunun rəmzi ifadəsidir. İkinci Dünya müharibəsi illərində saray ziyan çəksə də, sonradan bərpa olunub. Fredrik təbiəti sevdiyindən sarayın daxilindəki ornamentlər də özü-özlüyündə təbiət gözəlliklərini ifadə edir. Ümumiyyətlə, insan və onu əhatə edən təbiət arasındakı harmoniya sarayın dekorativ quruluşunda öz əksini tapıb. Sarayın tavanı sanki açıq səmadır, divarlar isə üzüm bağlarını, müxtəlif meyvələri xatırladır. Tikilidə kralın kitabxanası, vəfat etdiyi kreslo da olduğu kimi qorunub-saxlanılır. Möhtəşəm sarayın həyəti böyük üzüm bağına açılır. Deyilənlərrə görə, kral bu bağı özünün «kiçik üzüm evciyi» adlandırırmış. 1745-ci ildə mərkəzində böyük fontan olan dekorativ bağ salınır. Prussiya monarxı bu sarayda özünün yay aylarını qayğısız keçirməyi arzulayırmış. Əmin-amanlıq vaxtları kral aprelin əvvəllərindən oktyabrın sonlarına qədər bu sarayda yaşayırmış. Saray binası kralın özü və onun dəvət olunmuş qonaqları üçün nəzərdə tutulmuşdu. O, sərt idarəçi olub, sadə və təmtəraqsız yaşamışdı. Deyilənlərə görə, Fridrix çöl tərəfdən sarayın bərpasını qadağan etmişdi, daxildən edilən bərpaya isə çox böyük səbirsizliklə davam gətirə bilmişdi. Xalq onu qoca Friç adlandırırdı. 1786-cı ildə o, San-Susidə öz kabinetində kresloda vəfat edib. Deyilənlərə görə, Fredrik ölümündən sonra sarayın həyətində dəfn olunmasını istəyirmiş. Ümumiyyətlə, hakimiyyətdə olduğu 46 il ərzində bu Prussiya monarxını ölüm mövzusu qorxudurmuş. Hər bir müharibəyə başlamazdan öncə yazdığı vəsiyyətnamələrdə eyni cümləni təkrar edir: «Mən filosof kimi yaşamışam, təmtəraq, bərbəzək olmadan filosof kimi də dəfn olunmaq istəyirəm. Qoy məni San-Susidə dəfn etsinlər». Qohumları kralın vəsiyyətinə əməl etməyib, onu kilsədə, atasının yanında dəfn etmişdilər. Onun qəbrinin yeri 4 dəfə dəyişdirilib. Yalnız Almaniya birləşdikdən sonra onun vəsiyyəti yerinə yetirildi. 17 avqust 1991-ci ildə ölümündən 205 il keçdikdən sonra kralın cəsədinin qalıqları fəxri qarovul dəstəsinin müşayiəti və təntənəli vida mərasimi ilə San-Susidə dəfn edildi. Bu qəbr yeri hələ 1744-cü ildə kralın əmri ilə üzüm bağlarının yuxarısında hazırlanmışdı. Hazırda kralın qəbri sarayın həyətində görünməyən yerdədir. Olduqca sadə olan qəbrin üzərində kartofların düzülməsi də səbəbsiz deyil. Buna səbəb Fredrikin ilk dəfə Almaniyaya kartof gətirməsi və əhaliyə onu yeməyi tövsiyə etməsidir. Kralın yanındakı digər qəbr onun sevimli itinə məxsusdur. Qəbrin ətrafında Roma imperatorlarının heykəlcikləri var. Deyilənlərə görə, Fredrik özünü bu krallarla müqayisə edirmiş. Qəbrin yanında gözəl görkəmli ilahə heykəlinin qoyulması da təsadüfi deyil. Ziyarətçilər sarayın həyətinə daxil olanda bu heykəl onların diqqətini cəlb edir və istər-istəməz daha yaxından baxmaq üçün ona yaxınlaşırlar. Beləcə, kralın qəbrinə diqqət kəsilirlər. Pilləkənlərlə aşağı düşüb mərkəzində fəvvarə olan böyük parka daxil olursan.
   Fontanın ətrafında Venera, Merkuri, Appallon, Diana, Yupiter, Marsın mərmər heykəlləri var. Həyətin dörd tərəfində klassik Qərb memarlıq elementləri ilə bəzənmiş skamyalar, içərisində balıqlar üzən böyük hovuz turistlərin istirahətinə gözəl imkan yaradır. Bundan əlavə, saraya məxsus əlavə həyətlər, kral faytonunu birbaşa sarayın həyətinə aparan xüsusi yol, dünyanın kilsəsi adlanan böyük kilsə də olduqca möhtəşəmdir.
   
   Mehparə
   Bakı-Berlin-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar