2009-cu il iyunun 16-19-da Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Qonşu ölkəyə səfər etmiş nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib. Gürcü tamaşaçıları və orada yaşayan soydaşlarımız qarşısında xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının Kollektivi, xalq artisti Rauf Babayevin rəhbərliyi ilə “Qaya” ansamblı, Salman Qəmbərovun “Bakustik-caz” qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən - vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları - İlkin Əhmədov, Vəfa Orucova, tarzən Rüfət Həsənov, kamança ifaçısı Toğrul Əsədullayev, aşıq Samirə Əliyeva çıxış etmişlər. Konsertlərin rejissoru əməkdar incəsənət xadimi, professor Əli Usubov olub.
   
   İyunun 16-da Tbilisidəki “Tbilisi Kortiat” mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi ilə Gürcüstanda Azərbaycan mədəniyyəti günləri başlanıb.
   Tədbiri Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev açıb. Səfir həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olmuş Mirzə Şəfinin ömür yolundan geniş bəhs edib.
   Kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının unudulmaz və az məlum olan rus dilindən tərcümələrin toplandığını deyən N.Əliyev, bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini bildirib. N.Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulayıb. Diplomat bu ərazidə tarixi keçmişin bərpası istiqamətində addımlar atılmasını təklif edib. Onun sözlərinə görə, həmin binanın bərpası sayəsində xalqlarımızın qədim mədəni əlaqələrinə işıq salınması ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına nail olmaq mümkündür.
   Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlığa diqqəti cəlb edən N.Əliyev, kitabın müəllifi, xalqımızın vətənpərvər oğlu, həyatdan erkən köçmüş istedadlı alim Rövşən Mustafayevin də vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulayıb. O, səfirliyin təşəbbüsü ilə Tbilisinin “Universal” nəşriyyatında işıq üzü görmüş bu kitabı Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt adlandırıb. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua, Gürcüstan Yazıçılar Birliyinin sədri Maqvala Qonaşvili, şair-tərcüməçi İmir Məmmədli və başqaları çıxış edərək mərhum professor R.Mustafayevin “Mirzə Şəfi nəğmələri” kitabının təqdimatı ilə rəsmən açılan Azərbaycan mədəniyyət günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti və musiqisi ilə yaxından tanışlığında mühüm rol oynayacağına əmin olduqlarını bildiriblər.
   R.Mustafayevin həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.
   Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak ediblər.
   Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyunun 16-da Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incənəsət ustalarının iştirakı ilə konsert olub. Konsertdən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Gürcüstan mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua qonaqları salamlayaraq Azərbaycan mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu bildirib. Belə tədbirlərin, görüşlərin dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan N.Rurua Azərbaycan və gürcü xalqlarının tarixi bağlılığına diqqət çəkib və deyib ki, bu dostluğun qədim tarixi var və həmişə də davam edəcək.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti adından qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycan və gürcü incəsənət xadimlərinin mehriban əlaqələrindən söhbət açan Ə.Qarayev, son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsində fasilələrə yol verildiyini və bu məsələnin Azərbaycan və Gürcüstan prezidentlərinin tövsiyəsi ilə həllini tapdığını deyib. Ə.Qarayev Azərbaycan incəsənət ustalarının gürcüstanlı tamaşaçılar üçün maraqlı proqram hazırladığını bildirib. Müstəqil Azərbaycanın müstəqil Gürcüstanda mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu vurğulayan nazir, bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
   Konsert Eldar Mansurovun “Azərbaycan” xoreoqrafiya süitası ilə başlanıb. Müğənnilər Vəfa Orucova, İlkin Əhmədov, aşıq Samirə Əliyeva və başqalarının ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları tamaşaçıların rəğbətini qazanıb.
   İyunun 16-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi Gürcüstan Prezidenti Mixail Saakaşvili qəbul edib.
   Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin iştirakçıları iyunun 17-də ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.
   Əklilqoyma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, respublikamızın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva iştirak ediblər.
   Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyində keçirilən görüşdən sonra nazirlər - Əbülfəs Qarayev və Nika Rurua birgə brifinq keçiriblər.
   Nika Rurua azərbaycanlı həmkarı ilə gələcək fəaliyyət planlarını müzakirə etdiklərini bildirib. Əbülfəs Qarayev jurnalistlərin “Gürcüstanda qədim Azərbaycan və türk abidələrinin dağılmaq təhlükəsi var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət aparıldımı?” sualını cavablandıraraq, bildirib: “ Təəssüf ki, həm Azərbaycanda, həm də Gürcüstanda abidələrin qorunması məsələsində problemlər vardır. Bu istiqamətdə tədbirlər görülür və nazirliklərin mədəniyyət üzrə komissiyalarının iclası keçiriləcək. İclasda bu qəbildən olan problemlərin həlli yollarına baxılıb, birgə fəaliyyət planı işlənib hazırlanacaq.
    Gürcü həmkarlarımla Tbilisinin Nəbatat bağında azərbaycanlı ictimai xadimlərin dəfn olunduqları qəbiristanlığın qaydaya salınıb qorunması məsələləri barədə də söhbət etdik və Gürcüstan tərəfi bu işi öhdəsinə götürdü”.
   Jurnalistlərin Qaxdakı gürcü teatrı ilə bağlı sualını cavablandıran nazir teatrın normal fəaliyyəti üçün müvafiq tədbirlər görüldüyünü deyib.
   Sonra hər iki nazir gələcəkdə mədəniyyət xadimlərinin, yazıçı və şairlərin, musiqi kollektivlərinin yaradıcılıq gecələrinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, birgə film çəkilişi layihəsinin də planlaşdırıldığını bildiriblər.
   Həmin gün Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət edib, onun fəaliyyəti ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
   Ə.Qarayev Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan məktəbində olub, bu təhsil ocağı şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxıb.
   Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində Tbilisidəki “Karvansara” şəkil qalereyasında müasir Azərbaycan incəsənəti sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə 17 azərbaycanlı fotoqrafın əsərləri nümayiş etdirilir.
   Həmin gün Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, iyunun 18-də isə Bolnisi rayonunda geniş konsert proqramı ilə çıxış ediblər.
   2009-cu il iyunun 18-də Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Gürcüstanda respublikamızın mədəniyyət günləri çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun “Maska” tamaşasını tamaşaçılara təqdim edib. Tamaşanı əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə səhnələşdirib. O, həm də tamaşanın plastik həlli üzrə rejissorudur. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Əsas rollarda respublikanın əməkdar artisti Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli və Ceyhun Dadaşov çıxış ediblər.
   Mədəniyyət günləri çərçivəsində Salman Qəmbərovun rəhbərliyi ilə “Bakustik-caz” qrupunun Tbilisidə tamaşaçılar qarşısında çıxışı da maraqla qarşılanıb.