Və ya kabab şousu niyə baş tutmadı?
   
   Haqqında söhbət açacağımız kabab yarışması (oxu: «KABAB-şouFEST») iyulun 3-də «Eldarado» istirahət mərkəzində baş tutdu. Nə yazıq ki, mən də «Mədəniyyət» qəzetinin səlahiyyətlisi kimi həmin şounu bir neçə saat izləmək məcburiyyətində qaldım. Ki, belə bir «möhtəşəm» tədbirlə bağlı yazı hazırlayım. Zarafat deyil, axı bu yarışmanın qalibi ölkəmizi növbəti ildə dünyada keçiriləcək kabab festivalında təmsil edəcəkdi.
   
   Nə isə, mənim kababdan-zaddan bir o qədər başım çıxmaz. Neyçün ki, nə Eyyub Hüseynov (Azad İstehlakçılar Birliyinin rəhbəri) kimi ətin keyfiyyətinə, nə də Tahir Əmiraslanov (Azərbaycan Kulinariya Mərkəzinin direktoru) kimi yeməyin dadına zəmanət vermək səlahiyyətim yoxdur. Bu baxımdan da «KABAB-şouFEST»in mətbuatla əlaqələndiricisi Günay Quliyeva bizə bildirəndə ki, münsiflər heyətinin tərkibinə bəstəkar Xanım İsmayılqızı da daxildir, bir xeyli təəccübləndik. Axı bu, mahnı yox, kabab yarışması idi. Hərçənd ki, xanım bəstəkarı orada olduğumuz müddətdə görə bilmədik.
   
   Cəmi beş iştirakçı?
   
   Qeyd edək ki, “Kabab-şou” Bakıda Milli Kulinariya Mərkəzinin dəstəyi, “ERA Prodakşn”ın, “Bakı şişlik” klubunun təşəbbüsü ilə ilk dəfə olaraq keçirilirdi.
   “ERA Prodakşn”ın təmsilçisi Nazim Səmədov qəzetimizə açıqlamasında bildirdi ki, Bakıda ilk dəfə keçirilən bu şouya 20-dək restoran cəlb olunub. Lakin sonradan bu rəqəm öz təsdiqini tapmadı (elə buradaca bir məqamı qeyd edim ki, ümumiyyətlə festivalın təşkilatçılığı çox aşağı səviyyədə idi. Belə ki, tədbirlə bağlı bizi maraqlandıran suallara cavab almaq üçün özlərini təşkilatçı kimi təqdim edən bir neçə nəfərə müraciət etsək də sonda yenə də dəqiq məlumat əldə edə bilmirdik). Məlum oldu ki, yarışmada “Röya” şadlıq sarayının, “Anadolu”, “Elbaro”, “Monte Kristo” restoranlarının aşpazları, bir də Gəncə şəhərindən gələn bir neçə kulinar öz məharətlərini göstərəcəklər.
   Eyni zamanda Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun başçılıq etdiyi münsiflər heyəti (bura Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, kabab bişirmə üzrə mütəxəssis Niyazi müəllim - təəssüf ki, münsifin familiyasını festivalın təşkilatçıları da bilmirdi, bir də Kulinariya Mərkəzinin bir neçə əməkdaşı daxil idi) 500 ballıq qiymətləndirmə sistemi ilə qalibləri müəyyən edirdi. Maraqlısı isə bu idi ki, bu festivalın qalibi 2010-cu ildə Avropada keçiriləcək beynəlxalq “Kabab-şou”ya vəsiqə qazanırdı.
   
   Turizm potensialımızı beləmi tanıtmalıyıq?
   
   Festivalın baş tutduğu məkan, yuxarıda da qeyd etdiyimiz kimi, Şıx ərazisində yerləşən «Eldarado» istirahət mərkəzi idi. Məlumdur ki, Azərbaycanın mövcud turizm potensialının tanıtdırılması və xalqımıza xas olan Şərq qonaqpərvərliyinin əcnəbilərə layiqincə göstərilməsi turizm obyektlərinin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən istirahət mərkəzlərinin birbaşa vəzifəsidir. Amma nə yazıq ki, bunu «Eldarado» haqqında demək mümkün deyil. Nəzərə alanda ki, həmin tədbirdə əcnəbi turistlər də vardı, onda bu məkanda çörəyin birinin 1 manata satılması əsl biabırçılıq idi. Üstəlik, o şərtlə çörək ala bilərdin ki, həmin mərkəzin yeməkxanasından əlavə nələrisə sifariş verməlisən. Yoxsa heç o qiymətə də çörək ala bilməzdin.
   Məsələyə münasibət öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinə müraciət etdik. Lakin idarədən bildirdilər ki, «Eldarado» istirahət mərkəzi onlarda qeydiyyatdan keçməyib. Bura çimərlik kimi fəaliyyət göstərir. Amma adıçəkilən məkanın önünə böyük hərflərlə məhz «İstirahət mərkəzi» yazılmışdı.
   
   Festival niyə yarımçıq dayandırıldı?
   
   İyulun 5-də yekunlaşacaq «KABAB-şouFEST» Tahir Əmiraslanovun tövsiyəsi ilə yarımçıq saxlandı. Bəri başdan bildirək ki, bunun belə olacağı elə festivalın ilk günündən bəlli idi. Əslində nə baş verdiyini dəqiq bilməsək də müşahidələrimizdən gəldiyimiz qənaət bu idi ki, təşkilatçılar əməlli-başlı çaşqınlıq içərisində idilər. Şouda çıxış etmək üçün dəvət edilən musiqiçilərin, rəqs qruplarının qarşılanmaması, tədbirə gələn sıravi vətəndaşlara normal qulluğun göstərilməməsi də bunu deməyə əsas verirdi.
   Festivalın əsas təşkilatçılarından olan «ERA prodakşn»ın prodüseri Zaur Kamal bunun səbəbinin bir neçə məqamla bağlı olduğunu bildirdi. Sən demə, tədbir əslində iyunun 19-21-də Novxanıda yerləşən AF Hotel Aqua Parkda keçirilməliymiş. Lakin sinoptiklərin proqnozlarına görə, həmin günlərdə güclü külək olacagını bilən təşkilatçılar tarixi dəyişdirmək məcburiyyətində qalıblar. Sonra isə Aqua Parkda boş gün olmadığından yarışmanı məcbur olub «Eldarado»da reallaşdırmaq zorunda qalıblar. «Kabab-şou»nu keçirməkdə məqsədlərinin qətiyyən qazanc olmadığını deyən təşkilatçı vurğuladı ki, bunda sırf ictimai maraqları olub: «KABAB-şouFEST» 9 ildir dünya səviyyəsində keçirilir. Amma kabab bizim milli yeməyimiz ola-ola, Azərbaycan burada təmsil olunmur. Təsəvvür edin ki, ermənilər bir neçə dəfə bu yarışmada iştirak ediblər. Biz də fikirləşdik ki, ölkə daxilində belə bir yarışma təşkil edək və qalibi 2010-cu ildə dünya kabab festivalına çıxaraq». Festivalın yarımçıq dayandırılmasına gəldikdə isə Z.Kamal bildirdi ki, Respublika Epidemiologiya və Gigiyena Mərkəzinin 1 həftə əvvəl verdiyi açıqlamadan yalnız festivalın ikinci günü xəbər tutublar: «Biləndə ki, Şıx ərazisi çirklənmə səviyyəsinə görə təhlükəli elan edilib, riskə girmək istəmədik». Təşkilatçı ruhdan düşmədiklərini, hərtərəfli şəraiti olan bir məkan tapan kimi, layihələrini yenidən reallaşdıracaqlarını da bildirdi.
   Azərbaycan Kulinariya Mərkəzindən isə festivalın yarımçıq dayandırılmasının səbəbini təşkilatçılığın zəif olması və münsiflər heyətinin tərkibində professional aşpazların olmaması ilə izah etdilər.
   
   P.S. Bəlkə də təşkilatçıların məqsədi, doğrudan da Azərbaycan kababının dünya arenasına çıxarılması və ən peşəkar aşpazların məhz bizdə olduğunu əcnəbilərin diqqətinə çatdırmaqdır. Lakin məşhur bir məsəldə deyildiyi kimi, əvvəlcə evin içi, sonra çölü. Yəni birinci, ölkə daxilində seçimi normal etməliyik ki, sonra beynəlxalq səviyyədə biabırçılıqlarla üzləşməyək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar