Onu «başımızın ağası» adlandırırlar... Deyəsən, yanılmırlar. Uzun illərdir bərbər işləyən Şahlar ustanın müştəriləri saçlarını etibar etdikləri usta haqqında belə deyirlər. Amma ağa da ağadır ha....Müştərilərinin hər nazıyla oynamaqdan tutmuş, maraqlı söhbətlərəcən çalışır ki, kimsə ondan narazı qalmasın. Onun bütün sənətlərə dair ümumi bir fikri var. Əsas olan odur ki, sənətinin ustası olasan. Deyir ki, yaxşı sənətkara xalq da yaxşı qiymət verər. Elə biz də onunla söhbətimizi bir iaşə mədəniyyətinin sənətkarını dinləmək kontekstində qurduq.
   Bir az sənətindən, bir az özündən, bir az da cəmiyyət hadisələrindən sual verib, cavab aldıq.

   
   Əsgərə işi düşən general
   
   Artıq yaşı 50-ni keçib. Təxminən 30 ildir ki, əlinə qayçı-daraq alıb, özü demişkən, insanları gözəlləşdirməklə məşğuldur. Müxtəlif müəssisələrin tərkibində, müxtəlif ünvanlarda işləsə də, indi uzun illərdir “28 May” metrostansiyasının yaxınlığındakı obyektdə məskunlaşıb. Əvvəlcə dahi Nizaminin “Kərpickəsən kişinin dastanı”ndan söz açıb mətləb üstünə gəlir. Deyir ki, hələ uşaqlıqdan zəhmətə alışan əl, sahibini heç vaxt ac qoymaz. Hələ məktəbli olanda zəhmət tələb edən işlərdə çalışıb.
   “Əl ki, zəhmətə, sənətə öyrəşdi, insana zaval yoxdu. Bax, bu dəqiqə bərbərliyi qoyum qırağa, hansı sənəti deyirsən öyrənim”.
   Amma bizi başqa sənət yox, onun məhz bərbərliyi seçməsinin səbəbi maraqlandırır. Seçim isə tam təsadüfdən yaranıb.
   “Əsgərliyimi Belarusda çəkmişəm, Ogilyansk şəhərində. Bir dəfə hissə komandirinə bərbər lazım oldu. Hansısa vacib tədbirdə olmalıydı. Vaxt az qaldığından bərbər tapılmırdı. Bilmirəm, hardan ağlıma gəldi ki, özümü qabağa verim. Həm də gördüm ki, komandirin saçı o qədər də çox deyil, seyrəkdir. Nə isə qayçını, darağı verdilər əlimə. Əsgər prostinasını bağladım “müştərimin” boynuna. Pis alınmadı. Özüm də gördüm ki, bacardım. Əsgərliyin qalan vaxtını bərbər kimi işlədim, incəlikləri də təcrübədə mənimsədim”.
   Əsgərlikdən qayıtdıqdan sonra isə məhz bu sənət Şahlar kişinin həmdəminə çevrilib. Və artıq kamil usta kimi işə başlayıb.
   
   Tələbələr üçün endirim
   
   Bərbərliyi isə zərgərlik kimi incə iş sayır usta. Deyir ki, hər ikisi insanlara gözəllik verir. Bərbərliyin həm də məsuliyyəti var. Hərə bir cür saçını düzəltdirmək istəyir. Üstəlik, sən də fikir verməlisən ki, müştəri işindən narazı qalmasın. Yoxsa bir az naşılıq etdinsə, müştərinin kefinə soğan doğramalı olacaqsan.
   “Mən sənətimlə fəxr edirəm. Heç nəyə ehtiyacım olmasa da, sənəti davam etdirəcəyəm. Bu sənətlə 4 övlad böyütmüşəm, hamısı da ali təhsillidir. Əsas pul deyil. Əsas odur ki, insanlar səndən razı qalsınlar, bax onda yorğunluq da bilmirsən. Sizə zarafat gəlməsin, bütün günü ayaq üstə dayanmaq lazım gəlir. Əsl sənətkar həm də yaradıcı olmalıdır. Burda da fantaziya lazımdır ki, kimə hansı saç düzümü yaraşır”.
   İaşə xidmətini insanın zahiri gözəlliyinə xidmət sahəsi kimi vacib amil sayan usta ən əsası tələbələrə güzəşt etməyi savab iş sayır.
   “Tələbə həmişə imkansız olur. Əsasən rayondan gələn tələbələrdən pul almıram. Çoxları indi vəzifə yiyəsi də olub. Tələbə sabah bizim elm adamımızdır. Millətimizin gələcəyi onlardan asılıdır.Mən də əlimdən gələni edirəm”.
   
   Şekspiri oxu, Nizamini əzbərlə
   
   Söhbətimiz teleməkanın üzərinə gəlir. Deyir ki, müştərilərim də son vaxtlar telekanallarda şou tipli verilişlərin çoxalmasından narazılıq edirlər.
   “Demirəm, şou olmasın. Müasir dünyadır. Amma hər şeyin əndazəsi olmalıdır. Mən muğama niyə gecəyarı qulaq asmalıyam? Amma şou əhli ən sərfəli vaxtda ekranda peyda olur. Bir də ki, milliliyə fikir verməliyik. İndi millətlər arasında yarışdı. Biz özümüzə oxşamalıyıq, sizə, yenə əsgərlikdə başıma gələn bir əhvalat danışım... Təsəvvür edin, hissədə bir tək azərbaycanlı mən idim.Bir gün əsgərli-zabitli söhbət millətin üstünlüklərindən düşdü.. Mən də Nizamini, Füzulini sitat gətirib, bildiklərimdən danışdım. Cəmi 18 yaşım var, rus dilini də tam öyrənməmişəm. Gördüm ki, bacara bilmədim. Çox pis oldum. İki gün sonra bir zabit həmyerlimiz bura gəlib çıxdı, fizik olsa da hərtərəfli biliyə malik adama oxşayırdı.Əhvalatı danışıb kömək istədim. Şərtləşdik ki, mən söz salım, həmən şəxslərlə söhbəti o davam etdirsin. Belə də oldu. Qardaş necə lazımdır mədəniyyətimizi, ədəbiyyatımızın gücünü onlara başa saldı.Həmin gün qürurla gəzirdim.Bax, milliliyimiz qürurumuzun əsasıdır. Şekspiri oxumaq olar, Nizamini isə əzbər bilməlisən”.
   
   Bəs kino?
   

   Demə, ustamız milli kinomuzun əsl pərəstişkarıymış. Hələ bu pərəstişin tarixi də var. Bu tarix də onun əsgərlik dövründə yazılıb.
   “Şənbə-bazar hissənin klubunda həmişə film nümayiş etdirilirdi. Növbəti dəfə bizim “Bakıda küləklər əsir” filmini göstərirdilər. Bi filmdə də xəyanətkar surətlər var axı...Əsgərlər mənə deyirdilər ki, Həsənov, bu sizin millətdir. Hirsimdən bilmirdim nə edim. Növbəti şənbəyə qədər nəsə etmək lazım idi. Özümü verdim milliyyətcə qazax olan kino-mexanikin yanına.
   Dedim sənin familiyan Asanovdur, mənimki Həsənov, hardan olsa, Azərbaycan filmi tap, gələn həftə nümayiş etdir, bu ruslar məni lağa qoyur. İki nəfər arxivdə bütün günü eşələndik və “Uzaq sahillərdə” filmini tapdıq. Əvvəlcə heç kim filmə baxmaq istəmirdi. Sonradan tələb etdilər ki, bir neçə gün film nümayiş olunsun. Hissənin tarixində yeganə hal idi ki, həftənin birinci günü də film nümayiş olundu. Hamı deyirdi ki, niyə sizin Mixaylonuz olduğunu əvvəlcədən deməyibsən. İndi də öz kinolarımızı izləyirəm. Ara-sıra da olsa, verirlər. Keçən həftə “Bəxt üzüyü»nə baxdım. Tez-tez öz kinolarımızı versələr, yaxşı olar».
   
   Bu toylara nə deyəsən...
   

   Asudə vaxtını kitabxanasına və bir də ev işlərinə sərf edən ustanın, görəsən, toylarla arası necədir?
   “Vallah, bu işin açarını itirmişik. Mən bilmirəm biz hansı üsulla toy ənənəsi yaratdıq. Məsələn, toy edirsən, şadlıq evinin yiyəsi deyir ki, ən azı 400 nəfərlik yer götürməlisən. Qardaş, harda yazılıb ki, mən 400 nəfər toya çağırmalıyam? Bütün şadlıq evləri bu gündədir. O gün eşidirəm ki, toy sahibi şadlıq evinin pulunu verə bilmədiyi üçün toyun axırında girov saxlanılıb. Qardaş, yeni qurulan ailə ilə belə rəftar edərlər? Ermənidən düşmən də olsa, öyrənmək lazımdır. Onlar toya düz 22 cütlük çağırırlar. Gələn yalnız gəlinə, ya da bəyə lazımlı əşyalar hədiyyə verirlər. Bizim gözəl toy ənənəmiz olub. İndi elə vəziyyət yaradıblar ki, qazandığının yarısını toylara xərcləməli olursan.Nə deyim e...”
   
   Erməni reklamı
   

   Usta saçlarının ağasına çevrildiyi tanınmışları da sadalayır. Ağabəy Sultanov, Cavanşir Quliyev, Yaşar Nuri...Deyir ki, onların bir çoxu təsadüfi müştərisi olub. Bax bu yerdə xatırladıram ki, bir vaxtlar tanınmış adamlar hər hansı sahədə ustaların erməni olması ilə fəxr edirdilər. Xatırlatdıq və ustanın sual yağışına düşdük.
   “Məgər bizim əlimiz yox idi? Kimlər üçünsə belə idi. Bizim psixologiyamız belədir də...Bəs indi ayaqqabı tikən, dərzilik edən, bərbərlik edən ermənidir? Qız Qalasını ermənilər tikib? Yusif Məmmədəliyevin ixtirasını ermənilər edib? Bizdə həmişə yaxşı sənətkar olub, sadəcə özümüzə qiymət verməyi bacarmamışıq. Mən özüm Vedibasarda doğulmuşam. 22 yaşımda kəndimizdə butulkadan ev tikmişdim, ermənilər məəttəl qalmışdılar ki, bunu necə etmisiniz. Vallah, bizim reklamımız olmayıb.Hər şeyin kökü burdadır”.
   
   Bu da müştərilər
   

   Şahlar ustayla söhbətimiz uzandıqca uzana bilərdi.Amma görəndə ki, müştəriləri gözləməkdədir, söhbətimizə son verməyi lazım bildik. Axı onu başlarını, daha doğrusu, saçlarını etibar edənlər gözləyirdi. Etibarı isə itirmək olmaz. Elə bu da ustanın bizə söylədiklərindəndir.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar