Əgər cəsarət edib özümüz üçün balaca bir etiraf kitabçası açsaydıq, orada özünə ön sıralarda yer alan cümlələrdən biri bu olardı: “Milli geyimlərimiz yalnız Novruzdan Novruza, uzaqbaşı isə toy məclislərinə aş “təşrif buyuranda” yada düşür!”
   
   Deyir, ağıllıların içində ağıllı görünmək daha asandır, nəinki dəlilərin içində! Dəlilərin başqalarının üzərinə zillənmiş baxışlarından bu kimi fikirlər yağır: “Dəlidir bu, nədir?” Məsələn, mən bu dəqiqə milli geyimlərimizdən birini geyinib hələ bir başıma kəlağayı bağlayıb küçəyə çıxsam, üzərimdəki baxışlardan həmin fikirləri oxuyaram: “Dəlidir bu, nədir?” O baxışların altında əzilmək istəmədiyim və eyni zamanda milli geyimlərimizdən birini geyinib bir anlıq da olsa, Azərbaycan xanımı olduğumu yaşamaq istədiyim üçün, yolumu Qız Qalası tərəfdən salmalı oldum.
   Eşitmişdim ki, bizim həmvətənimiz olan Mehriban adlı gözəl bir xanım, super bir təşəbbüs qaldırıb. Düzü, tamaşaçı ekspertizama müraciət edərək, həmin o təşəbbüsün həqiqətən də super olub-olmamasını təyin etmək üçün göstərdiyim marağı da istəyimin üstünə gəlmək lazımdır. Beləliklə, maraqdolu fikirlərimdən beynim ayılanda bir də gördüm ki, Qız Qalasındayam.
   Bir etirafda da mən bulunum. Çox qədim, gözəl, dəyərli abidələrimizdən biri olduğunu bilsəm də, düzü, hər dəfə Qız Qalasının o qədimi, dar, ensiz, darıxdırıcı, qaranlıq, rütubətli pillələrini qalxanda ürəyim sıxılır. Amma M- studionun 7- ci mərtəbədə təşkil etdiyi bu ekspozisiya aləminə gəlib çatanda, pillələri qalxa- qalxa yaşadığım darıxdırıcı hisslər bir andaca silindi duyğu dolabımdan!
   Əgər gözlərimi bağlayıb, heç bir söz demədən bura gətirib “dadadadam... Zaman maşınıyla keçmişə xoş gəlmisən! İndi sən təxminən XIX əsrin əvvəllərindəsən!”- deyə, mənə bu köhnə Bakı evinin interyerini göstərsəydilər, bir an belə şübhələnmədən Eynşteynin edə bilmədiyini bir azərbaycanlının etdiyinə inanardım, yəqin ki...
   Buranı milli geyimlərimizin, milli adət-ənənələrimizin, bir növ, təbliğ olunduğu məkan adlandırsaq, güman ki, yanılmarıq. Məkan onsuz da qədimidir, yerə döşənmiş, divardan asılmış qədimi xalçalar, qoyuluşu belə keçmişi xatırladan qədimi saxsı və dəmir qablar, sandıqçalar, xurcunlar isə bu məkanı daha da qoca göstərir.
   Fotostudio kimi istifadə olunan bu mərtəbədə bir neçə dəqiqəyə milli kişi və qadın geyimlərimizdə şəkil əldə etmək mümkündür. Qiyafətlər gündəlik paltarlarımızın üstündən də asanlıqla geyinilir. Qız Qalasındakı maraqlı gəzintidən yadigar saxlamaq istədiyimiz şəkillərin çəkilişi zamanı həmin bu qədimi ev əşyalarından istifadə etmək də olar. Amma ən maraqlısı o anı yaşamaq, o auranı tuta bilmək, keçmiş həyat tərzimizə müvəqqəti olsa da, səyahət etməkdir. M- studio bizə həmçinin seçdiyimiz hər hansı bir yerdə maraqlı fotosessiya, milli tərzdə olan geyim və aksessuarların toplu şəkildə hazırlanaraq naxışlanmasını, şəxsi evimizdə və ya istənilən başqa bir yerdə Şərq interyerinin yaradılmasını və ənənəvi cehiz sandıqların təşkilini təklif edir. Fotosessiya zamanı maraqlı planlarda şəkil çəkdirmək olar. Məsələn, yerdə əyləşən xanım yuxayayanın üzərində xəmir açır, kişi isə əlində əsa, yaxud ağzında qəlyan ona baxır. Xanım kişinin əlinə səhəngdən su tökür. Kişi öz xanımını da yanında əyləşdirib onun üçün kitab oxuyur. Danışmaqla qurtaran deyil, gərək gözünlə görəsən.
   Maraqlıdır, ilk ideya kimə mənsub olub? Bu studiya daha çox hansı məqsədlə yaradılıb? Bəs görəsən, xaricilərdən də buraya gələnlər varmı? Bu kimi suallarımız olduğuna görə, Qız Qalasının işçilərindən Yaqut xanım Həsənova, Əsgər bəy İsmayılzadə ilə də söhbətləşdik. Yaqut xanım bizə maraqlı məlumatlar verdi: “Hamının bildiyi kimi, Qız Qalası Azərbaycanın ən qədim, ən dəyərli muzey- qoruqlarından biri, öz tarixi və forması ilə digərlərindən çox seçilən unikal abidəsidir. 7- ci mərtəbədə yaradılan bu fotostudiyaya aid ilk ideyanın sahibi Mehriban xanımdır, həmçinin Ramella xanım, filial müdirimiz Svetlana Məmmədova, Şirvanşahlar sarayının direktoru Rəna xanım da bu ideya ilə maraqlanmış, onun həyata keçirilməsində Mehriban xanıma dəstək olmuşlar. Ümumiyyətlə, Mehriban xanımın uşaqlıqdan belə bir arzusu olub. O, həm də istəyib ki, insanlar onun nənəsinin qədimi əl işlərini görsünlər. Hətta buradakı xalçaların əksəri onun nənəsinin toxuduğu xalçalardır. Milli baş geyimlərimizdən olan araqçınlar isə Türkiyədəki sərgiləri zamanı 1- ci yerə layiq görülən Rəna xanıma məxsusdur. Ümumiyyətlə, muzeydə çalışan insanlar həmişə mədəniyyətə yaxın adamlar olur. Həm də ki, qəlbən! Rəna xanım da belə insanlardandır. Bütün baş geyimləri, araqçınlar, hətta üst geyimlərinin də hazırlanmasına şəxsən özü baxır.
   Əgər bu studiyanın yaradılmasında bir məqsəd yerli əhalimizə İçərişəhər, Köhnə Bakı evinin interyerini hiss etdirmək, onlara Qədim Bakı ab-havasını yaşatmaqdırsa, bir məqsəd də xarici vətəndaşları qədim Azərbaycanla tanış etmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
    Əgər fikir verdinizsə, buradakı əşyaların qoyuluşunda da bir qədimilik sezilir. Burada elə əşyalar var ki, onlardan indi, müasir zamanda da istifadə edirik, amma burada həmin əşya qədimdə necə istifadə olunubsa, məhz o tərzdə qoyulub. Buraya xarici ölkələrdən də tez- tez müxtəlif insanlar təşrif buyururlar. Məsələn, hindlilər, çinlilər, yaponlar, ərəblər, ruslar, ukraynalılar və bir çox başqa millətdən olan adamlara bizim milli geyimləri geyinmək çox maraqlı gəlir. Ən çox isə bizə İrandan qonaqlar gəlirlər. Bu, bizim mədəniyyətimizin tanınması üçün çox şey deməkdir. Hər hansı bir əcnəbinin beynində Azərbaycanın milli geyimləri, keçmiş adət- ənənələri haqqında fikir yaranmış olur. Onlar birbaşa bizim mədəniyyətimizə daxil ola bilirlər. Hətta biz bəzi xarici xanımların göz- qaşlarına azərbaycansayağı sürmə çəkərək, kişilərə isə bığ yapışdırmaqla onları əsl Azərbaycan xanımı və kişisi görünüşünə gətiririk. Təsəvvür edin ki, hazırda müxtəlif xarici ölkələrdə yaşayan yüzlərlə insanların evindəki divardan onun Azərbaycanın milli geyimində çəkdirdiyi şəkil asılır. Əcnəbilər bizim simvol, suvenir, milli şarflarımızı da alıb aparırlar”.
   Yaqut xanım bizə bildirdi ki, onlar üçün Qız Qalasına baxmağa gələn hər bir tamaşaçının fikri, varsa təklifi çox maraqlıdır. Əgər həqiqətən də nə isə bir maraqlı təklif irəli sürülərsə, ümumi razılaşmadan sonra onlar bunu yerinə yetirməyə də hazırdırlar.
   XIX əsrə etdiyim bu bir saatlıq səyahət beləcə sona çatmış oldu. Amma artıq mən milliliyi harada axtarmaq lazımdır, yaxşı bilirəm. Çünki, yerini tapmışam...
   
   Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar