Bakı-Şamaxı-Astara istiqamətindəki yoldan keçən hər yolçu bir neçə dəqiqəlik də olsa, dayanır. Kimisi maraq xatirinə, kimisi də özünun mənəvi borcu hesab edir. Türk Zabitin Məzarını ziyarət etməyi.
    Şamaxı-Mərəzə arasında Acıdərə deyilən yerdə, Şamaxı-Bakı arasındakı yoldan təxminən 100-120 metrlik kənarda yerləşir bu abidə. 10 may 2000-ci ildə inşa edilib.
   Bu abidə 1918-ci il Qafqaz hərəkatında şəhid olan 1130 qəhrəman Məhmətciyin xatirəsinə ucaldılsa da, tarixi faktlar bu məzarı daha çox bir zabitin adı ilə bağlayır. Bəzi qaynaqlarda bu zabitin adı İzzət, bəzilərində isə Qadir kimi bilinir.   

    ...1918-ci il idi. Azərbaycan tarixinin ən qan-qadalı səhifəsi. Vətənin bir çox şəhərləri düşmən tərəfindən ələ keçirilmiş, ölkə işğala məruz qalmışdı. Şaumyanın idarə etdiyi işğalçı hərəkatı xalqa yönəlmişdi. Bakıda, türklərə qarşı 18 mart - 1 aprel 1918-ci il tarixləri arasında dəhşətli qətliam yerinə yetirildi. Bu aktda 12000 Azərbaycan türkü şəhid edildi. Təzyiq və vəhşiliklərdən qurtulmaq üçün Bakıdakı xalqın yarısı şəhəri tərk etmək məcburiyyətində qalmışdı...
   O acınacaqlı dönəmdə yardıma ehtiyac vardı. Tək ümid yeri isə Anadolu türkləri idi. Və bu haqda İstanbula xəbərlər gəlməyə başlamışdı. Vəziyyətə Qafqaz İslam Ordusu qarışır...
   Ənvər Paşa, qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədilə Azərbaycana göndərir. Düşmənlərin vəhşilikləri ağlasığmaz hala çatmışdı. 25 may 1918-ci ildə Nuru Paşa Gəncəyə gəlir. Ordu hazırlıqlarını gercəkləşdirdikdən sonra komandanlığı ilə işğalçıların əlinə keçmiş Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını geri qaytarır. Bakı isə hələ də işğal altında idi. Paytaxta hücum edən türk ordusunun ilk hərəkatından bir nəticə əldə edilmədi. İşğal altında olan Bakı da işgəncələrin son həddini yaşayırdı...
   Türk ordusu, Bakı və digər bölgələrdəki döyüşlərdə yüzlərlə şəhid verdi. Bu cəbhələrdən birisi də Şamaxıdır. Şamaxı yaxınlarında şəhid olan bir türk zabitinin yaralanmasından şəhid olmasına qədər keçən müddət ərzində müxtəlif duyğulu anlar yaşandı.
   Deyilənə görə, İzzət bəy, Aşot adındakı bir düşmənin atəş açması nəticəsində ağır yaralanır. Köməyinə ətrafda yaşayan sakinlər gəlirlər. Hadisəyə əvvəldən şahid olan Gülsabah adlı bir qadın, başörtüsünü çıxarıb əsgərin yarasını bağlamaq istəyir. İzzət bəy: “Bacım, qolumdan möhkəm tut, mən mərmini çıxardım” deyir. Daha sonra Gülsabahdan bir dəsmal istəyir. Qadının cibindən cıxarıb verdiyi dəsmalın icinə İzzət bəy canından cıxardığı mərmini qoyur. Yarasını bağlamaq istəyən Gülsabaha isə, “Hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur, bacım. Qanım bu torpağa axsın”, -deyir.
   ...Halsız halda yerdə uzanan İzzət bəy, silah səslərinə ayılır. Türk ordusu gəlib çıxır. Əsgərlər İzzət bəyi vuran əsgəri həmin döyüşdə öldürürlər. Ordunun gəlməsinə İzzət bəy çox sevinir. Qarşısında Nuru Paşanı görüb həyəcanlanır. Nuru Paşa yaralının yanına yaxınlaşır, başını dizləri üzərinə qoyur. Həyatının son anlarını yaşayan türk zabiti Nuru Paşaya: “Paşam, bir türk paşasının dizləri üstündə can vermək mənim üçün böyük bir şərəfdir” deyir. Nuru Paşa isə “Sən yaşayacaqsan, daha çox zəfər qazanacaqsan”, deyə təsəlli verirdi.
   Əldən düşmüş halda uzanan zabitin ətrafında hər kəs diz çökür, Şeyx Muhsin Quran oxumağa başlayır. İzzət bəy vətənindən minlərlə kilometr uzaqda ölüm-qalım savaşı verən soydaşlarına kömək etməyin hüzurunu yaşadığı anlarda sakit bir halda oxunan Quranı dinləyir. Hadisələrin şahidi olan insanlar bu səhnə qarşısında duyğularına, gözyaşlarına hakim ola bilmirlər. İzzət bəy, bir anlığa dikəlir və yanındakılardan haqlarını halal etmələrini istəyir. Cibindəki dəsmalı çıxarıb Nuru Paşaya: “Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşaraq ağır yaralandı. Vücuduna dəymiş mərmini güclə çıxardıqdan sonra, yanındakı silahdaşlarına, “bu mərmini oğluma verin, mən vətənim üçün qəhrəman kimi vuruşdum, ölkəm üçün canımı verirəm. Ona deyin, məni yaralayan bu mərmini yanında gəzdirsin və bunu iki etsin”, deyir. Daha sonra zabit, vücudundan çıxan mərmi ilə əkiz qardaşlar kimi görünən şəhadət nişanlarını göstərərək: “Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi mərmini iki etdim. Bu mərminin üzərindəki qanım hələ qurumayıb. Siz də bu mərmini oğluma verin, ona, atasının da qəhrəman kimi vuruşduğunu sonra şəhid olduğunu və bu mərmilərin sayının üç etməsini söyləyin” deyir və gözlərini yumur.
   Xalq, İzzət bəy yaralananda onu Şamaxıya aparmaq istəsə də, zabit orada, öz vətəni olaraq gördüyü torpaqlarda - Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilməsini vəsiyyət edir. O gündən bu günə qəbrin adı “Türk məzarı” olaraq yad edilir.
   ... Məzar, dəfələrlə müxtəlif təhriflərə uğrasa da, xalq tərəfindən təmir edilir. Qəbirdaşı ilk dəfə Şamaxı qəsəbəsi rəhbərliyi tərəfindən tikdirilir. Bu xeyirxah insan daha sonra 1928-ci ildə öldürülür. Qəbirə xalqın sahib çıxması ilə yanaşı, şairlər - Bəxtiyar Vahabzadə “Tənha məzar”, Qabil “Türkün qəbri” adlı şeirləri ilə də öz vəfa borclarını yerinə yetirmişlər.
   Sonrakı dövrdə qərib qalan qəbrə hər zaman xalqın diqqəti olub, ətrafını şamaxılı, Məhəmməd adlı bir sürücü düzəltmişdi. Daha sonra eyni şəkildə şamaxılı Babaxan Rzaxanov adlı başqa bir sürücü də məzarın ətrafına dəmir hasar saldırıb. Babaxan 1964-cü ildə həbs olunur, dindirildikdən sonra altı gün saxlanılır. O dövrdə Türkiyə ilə Sovet İttifaqı arasındakı əlaqələrin yumşalması nəticəsində Babaxan azadlığa buraxılır. Sonrakı dövrlərdə Bəxtiyar İsmailinin (Türkcanlı) oğlu Atilla tərəfindən təmir edilən qəbrə Türkiyə bayrağı da həkk olunur.
   Artıq uzun illərdir ki, bu abidənin uzərindən daim Azərbaycan və Türkiyə bayraqları dalğalanır.
   
   Sevda Babayeva,
   Bakı-Şamaxı-Bakı