Görəsən, dünyada türklər qədər yer üzünə səpələnən ikinci xalq olubmu? Bir ucu Altay, o biri Anadolu, Balkanlar... Bir yanı Ural, Sibir, o birisi İraq, Suriya... Amma türk harda olursa-olsun, özü olaraq qalıb - dəli orman türküləri, qopuzu, sazıyla...
   
   
   Çağdaş dönəm isə çox qarışıqdır, qloballıq bir əjdahaymış kimi ağzını açıb hər şeyi udmaq istəyir və udur da. Belə dönəmdə özünü qoruyub saxlamaq hər xalqın başlıca görəvlərindən birinə çevrilir. Özünü saxlamaq üçünsə qardaşların kürək-kürəyə verməsi lazımdır! Artıq on iki ildən bəri Türkiyənin YAFEM (Yalova Folklor Eyitim Mərkəzi) təşkilatının təşəbbüsüylə Yalova şəhərində keçirilən Türk Boyları Şüləninin başlıca görəvi məhz bu mənəvi-mədəni birliyi möhkəmləndirməkdən ibarətdir.
   YAFEM on iki il öncə - 1988-ci ildə Özəl Koyunçunun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış qeyri-dövlət təşkilatıdır. Bu günə qədər də təşkilata Ö. Koyunçu rəhbərlik edir. Türklər onu zarafatla YAFEM-in əbədi başkanı adlandırırlar. Təşkilatın rəhbərliyi ilə hər il keçirilən şülənlərin gedişində YAFEM-in aparıcı təmsilçilərindən olan Halil Ülker və onun həyat yoldaşı Fatoş xanım Ülkerin də əməyi böyük olur. Bu il də qonaqların qarşılanması, yerbəyer olunması, tədbirlər planının həyata keçirilməsində onların işi qabarıq görünürdü. Təşkilat üzvlərinin sayı ildən-ilə sürətlə artmaqdadır. Hazırda təşkilat öz sıralarında 1000 000-dan artıq üzv və rəğbət bəsləyəni birləşdirir.
   İyulun 16-dan 26-dək keçirilən şülənə 24 türk boyu qatılmışdı. Elə bil ki, xanlar xanı Bayındır uca çadırını göy üzünə tikdirmiş, türk tayfalarını bir yerə cəm eləmişdi. Bu dəfə şülənə qatılan boylar 24 idi, eynilə ulu babamız Kaşğarlı Mahmudun məşhur “Divan”ında xatırladılan qədər. İndi gəlin görəlim, kimlər gəlmişdi şülənə: Türkiyə, Çeçenistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, İraq, Kabardin, Qaraçay, Bulqar, Acarıstan, Bosniya-Herseqovina, Makedoniya, Quzey Kıbrıs, Krım, Tatarıstan, Kosova, Rumıniya, Sancaq, Osetiya, Yakutiya, Çuvaşıstan və nəhayət, Azərbaycan türkləri.
   Azərbaycanı şüləndə biri Bakı, biri Sumqayıtdan olan iki rəqs ansamblı təmsil edirdi. Biz (“Mədəniyyət” qəzetinin baş redaktoru Nigar Mənsimli və “Körpü” dərgisinin baş redaktoru Əsəd Cahangir) şülənə mətbuat və ədəbiyyat nümayəndələri kimi qatılmışdıq. Artıq 16-sından başlayan şülənə yalnız 18-i gəlib çatdıq. Rəngarəng milli geyimlərdə olan oğlanlar və qızlar Yalovanın Sahil caddəsi deyilən əsas küçəsiylə Atatürkün heykəli ucaldılan mərkəzi meydana doğru yürüşü başa vurmaqdaydılar.
   Tədbir isə hələ günlərcə davam edəcəkdi. Mərmərənin zümrüd kimi yaşıl sularının qoynunda sakitcə uyuyan mehriban Yalova şəhərinin yuxusu qaçacaqdı hər gecə Barış Manço adına Açıqhava Tiatrosundakı çal-çağırdan. Amma festivalın məkanı sadəcə Açıqhava Tiyatrosu və Yalova ilə məhdudlaşmırdı. Tədbirlər Yalova ilə yanaşı Kocaeli, Bursada da keçirilirdi.
   Festivalın ana məkanı isə Açıqhava Tiyatrosu idi. Yalovalalıların “amfi” adlandırdıqları teatr YAFEM təşkilatının təşəbbüsüylə tikilib. Yarımçevrə iri daş oturacaqlar insanı özündən asılı olmadan antik dünyaya aparırdı, özü də antik yunan yox, antik türk həyatına. Qədim türklərin sevgisi, igidliyi, sədaqəti, mərhəməti, ədaləti, yeri gələndə qəzəbi, nifrəti, etirazı amfiteatrda göstərilən rəqslərin əsas məzmununu təşkil edirdi.
   Ən çox uğur qazanan, bizcə, Acarıstan rəqs qrupu oldu. Məktəb yaşlı uşaqlardan ibarət ansamblın çıxışı heyrətamiz bir coşqunluq, qürür, əzəmətlə müşayiət olunurdu. Tamaşaçılar onların çıxışlarını səbirsizliklə gözləyir, həvəslə alqışlayırdılar. Türkiyə, Qazaxıstan, Kosova, Makedoniya, Tatarıstan, Kabardin türklərinin də çıxışları yaxşı anlamda seçilirdi. Hər şeydən öncə ona görə ki, bu rəqslər həqiqi folklor səciyyəsi daşıyırdı - geyimlərindən tutmuş hərəkətlər və musiqiyəcən. Onlar rəqslərə sonradan əlavə olunmuş gözəllik nümayiş etdirməyə çalışmırdılar. Bu çıxışların ən böyük gözəlliyi onların əsrlərin sınağından keçib gələn sadəlik və təbiiliyində, xalq ruhu və məişəti ilə bağlılığında idi. Və bununla da onların çıxışları folklor festivalının əsas istiqaməti ilə tam səsləşirdi. Bu cəhətdən Quzey Kıbrıs Respublikası təmsilçilərinin təqdim etdiyi “Biçinçilər” rəqsi xüsusi maraq doğurdu. Maraqlı, çətin akrobatika hərəkətləri, rəngarəng tryuklarla müşayiət olunan, bitkin süjetə malik rəqsi tamaşaçılar əvvəldən axıracan nəfəslərini dərmədən izləyirdilər. Qazaxıstan, Kabardin, Qırğısıstan rəqs ansamblllarının rəqsləri öz zəriflik və incəliyi ilə seçilirdi.
   Azərbaycan kollektivlərinin çıxışları da tamaşaçılar tərəfindən pis qarşılanmırdı. Sumqayıt kollektivinin “Cəngi”si və Bakı rəqs ansamblının “Çobanlar”ı daha çox alqışlara səbəb oldu. Ümumən, artıq on iki ildən bəri keçirilən Yalova festivalı tamaşaçıları arasında Azərbaycan mədəniyyəti nümayəndələrinin özəl nüfuzu olduğu hiss olunurdu. “Azərbaycan səhnəyə çıxanda, yerdə qalanlar həmişə kölgədə qalıb”. Türklərin bu sözləri Azərbaycan mədəniyyət nümayəndələrinə verilən ən böyük qiymət idi.
    Bu il Azərbaycan mədəniyyət nümayəndələrinin ən yaxşı çıxışçılar olduğunu desək, yəqin ki, mübaliğə etmiş olarıq. Amma türk və Qafqaz elementlərinin sintezindən ibarət Azərbaycan musiqisinin bütün türk xalqları rəqsləri arasında elə bir təkrarolunmaz, özünəməxsus koloriti var ki, buna biganə qalmaq sadəcə mümkün deyil.
   Amma bir qeydi etmədən ötüşmək fikrimiz yoxdur. Sumqayıt ansamblı festivala Mədəniyyət və Turizm Nazirliyinin təyinatı ilə qatılmışdı, Bakı ansamblı isə sadəcə şəxsi təşəbbüs yolu ilə. Bizə elə gəlir ki, dünya alanında milli mədəniyyəti təmsil edən kollektivlərə mütəxəssislər müsbət rəy verməli, onlar belə mötəbər törənlərdə iştirak etmək üçün dövlətin rəsmi icazəsini almalıdırlar. Bununla Bakı kollektivinin Sumqayıt kollektivindən zəif çıxış etdiyinə işarə etmək fikrimiz yoxdur. Söhbət bu işin uluslararası kültürəl ilişgilər səviyyəsində mötəbər bir səciyyə daşıdığına diqqəti cəlb etməkdir.
   Festivalın keçirildiyi ongünlük yalovalılar və bütün türklər üçün iki əlamətdar hadisəyə təsadüf edirdi. İyulun 19-u Yalovanın yadelli müdaxiləçilərdən azad edildiyi gün olmaqla yanaşı, həm də merac qəndili günüydü. Bir tərəfdən də festivalın yaratdığı bayram təntənəsi. Necə deyərlər, bayram bayrama, toy toya qarışmıdı. Üstəlik, türk dünyası media mənsublarının iyulun 20-də Yalova şəhəri Uğur Mumcu Kültür Mərkəzində keçirilən buluşması.
   Buluşmada müxtəlif məsələlər üzrə komissiyalar yaradılmış, hər kəs arzu etdiyi komissiyanın tərkibinə daxil edilmişdi. Buluşmanın işində Türkiyədən Əhməd Tüzün, Ufuk Tuzman, Bünyamin Aksunqur, Abdullah Satoğlu, M.Kemal Sallı, Necdet Sivaslı, Bolqarıstandan Nurten Remzi, Makedoniyadan Erdin İbrahim, Suriyadan Əli Öztürkmən, Davud Kabağoğlu, Çüvaşıstandan Marina Karyagina və Albina Yuzatu, Kabardin-Balkardan Örüzman Bolat və digər media mənsubları, yazarlar iştirak edirdi.
   Media mənsublarının müzakirə etdiyi məsələlər göstərdi ki, dünyanın ən müxtəlif yerlərindən türklər bura təkcə oxuyub-oynamaq üçün yığılmayıb. Bu gün fərqli siyasi rejimlərdə yaşayan dünya türklərinin fərqli də problemləri var. Özəlliklə də nəinki siyasi müstəqillikdən, hətta ana dilində təhsil almaq haqqından belə məhrum Bolqarıstan, Makedoniya, İraq, Suriya və Çuvaşıstan türklərinin. Bu ölkələrin təmsilçiləri ən azı mədəni sahədə azadlıqlarının əldə edilməsi üçün qardaş türk ölkələrindən dəstək umurdular. Bu baxımdan Suriya prezidenti Bəşər Əsədin Azərbaycana gəlişi və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, iki ölkə arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanması Suriya türkmənlərində böyük ümidlər doğurmuşdur.
   Sonra komissiyaların gəldiyi qənaətlər ümumi toplantıda müzakirə olundu və genəl qərarlar qəbul edildi. Türk xalqları media və televiziya işçilərinin, ədəbiyyat adamlarının mənəvi və işbirliyini nəzərdə tutan bu qərarlar əsasən aşağıdakılardan ibarət idi:
   - türk dünyası jurnaistlər birliyini təsis etmək;
   - türk dünyası media mənsublarının həftəlik qəzet və aylıq dərgilərini nəşr etmək;
   - türk dünyası media mənsublarının özəl internet saytını açmaq;
   - türk dünyası şairlərinin hər il poeziya almanaxını dərc etmək.
   İyul ayının 22-də isə Yalova şəhəri Uğur Mumcu Kültür Mərkəzində türk dünyası şairlərinin möhtəşəm buluşması oldu. Müxtəlif türk cümhuriyyətlərindən onlarla şairin qatıldığı buluşmada hər şairin cəmi bir neçə şeir oxumaq imkanı varıydı. Açıqhava Tiyatrosunda olduğu kimi, şairlər buluşmasında da Türkiyədən sonra sözü Azərbaycana verdilər. Azərbaycan poeziyasının təmsilçisi kimi Əsəd Cahangirin şeirləri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılandı və buluşmanın özünəməxsus, seçilən məqamlarından biri oldu. Onun Elxan Zal Qaraxanlının sözlərinə bəstələdiyi “Türkün ordusu” marşını oxuması isə gözlənilməz olduğu qədər də xoş təsir bağışladı.
   
   Budur türkün ordusu
   Bayrağında ay gəlir.
   Ölümə qənşər duran
   Yenilməz alay gəlir.   

   Türkdü türkün qardaşı,
   Axınların yoldaşı.
   Türkü deyir minbaşı
   Min ağızdan hay gəlir.
   
   Ərənlər gözündə qan,
   Nə yağma var, nə talan.
   Ölümsüzlük axtaran
   İgidlər kolay gəlir.
   

   Bolqarıstan təmsiçisi Nurten Rəmzi və Əsəd Cahangirin duet kimi ifa etdikləri orman türküsü - “Dəprədə”də buluşma iştirakçılarının ürəyindən xəbər verdi.
   Buluşma iştirakçılarından N.Remzi “Türkün ordusu” marşını festivalın himninə çevirməyi təklif etdi. A.Satoğlu isə bu mövzuda müsabiqə elan etməyi və birincilik qazanmış mahnını himnə çevirməyi təklif etdi və əksəriyyət bu təkliflə razılaşdı.
   Bu gün dünyada üst-üstə götürəndə 300 milyondan artıq türk yaşayır. Onların iqtisadi, siyasi, hərbi, mədəni birliyinə nail olmaq türk cümhuriyyətlərini dünyanın ən böyük gücləri sırasına çıxara bilər. İstər Yalovada, istərsə də digər yerlərdə keçirilən kültür səciyyəli görüşlər və buluşmaların daha uzaq hədəfi əslində budur. Lakin siyasi güc, hərbi qüdrət, iqtisadi gəlişmə son məqsəd yox, bu məqsədə aparan yoldur. Məqsəd yenə də mədəniyyətdir. Hər xalq öz varlığını mədəni inkişafında təsdiq edir. Ona görə dahi türk şairi Hüseyn Cavid yazırdı:
   
   Turana qılıncdan daha kəskin ulu qüvvət,
   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
   
   YAFEM təşkilatının təşəbbüsü və dəstəyi ilə Yalovada keçirilən Türk Boyları Şüləni bizi bu mədəni birliyə aparan yolda mühüm dayanacaqlardan biri oldu.
   
   Nigar Mənsimli,
   Əsəd Cahangir
   Bakı-Yalova-Bakı