IV yazı
   
   (əvvəli ötən sayımızda)
   
   Şöbəyə qayıdarkən yolüstü gördüyüm bir şey diqqətimdən yayınmadı. Yığcam parkın içərisində Məhəmməd Əmin Rəsulzadənin abidəsi vardı. Maraqlıdı, paytaxtda bu böyük şəxsiyyətə yer tapılmadığı halda Zaqatalada postament üzərindəki kresloda rahatca "əyləşmişdi". Bacardığımdan bir-iki kadr çəkib özümü Səfər Ramazanovun yanına yetirdim. Otağa girən təki əyləşənləri tanıdım. Yaxası orden-medallı Allahvedi Məmmədov, onunla üzbəüz əyləşənsə Sona Qazıyevaydı. Allahverdi kişi köhnə əyyamlardakı təki bayramsayaq bəzənmişdi, qazandığı mükafatları bircə-bircə pencəyinin sinəsinə düzmüşdü. Bu həmin Allahverdi kişidi ki, kinomexanik peşəsində ad çıxarıb. Ölkəmizdə öz sahəsində ilk və yeganə əməkdar mədəniyyət işçisi fəxri adınının daşıyıcısıdı. Yaşına baxmayaraq, gümrahdı, çöhrəsinin nuru və təbəssümü də yerindədi. Qonaqlarıma, özüm burda qonaq qola-ola dil-ağız eləyirəm ki, sizə əziyyət verib çağırmışam. Və sonra xatirələr üzərində gəzişə-gəzişə söhbətə başlayırıq. Daha doğrusu, söhbət artıq bayaqdan gedir. Aramızda yeganə qadın olan Sona xanım bu üstünlüyündən istifadə eləyib ötənlərdən danışır. Allahverdi dayı sanki onu birinci dəfə görürmüş kimi maraqla qulaq asır. Məncə, siz də bu söhbəti eşitsəniz pis olmaz:
   - Heç yadımdan çıxmaz o gün. Bacım Sevili con mənzilə yola salmağa gələnlər nə qədər idi Allah. Beyləqandan Zaqatalaya gələn maşın karvanı bütün yolu hərəkətsiz qoymuşdu. Onda mən on iki yaşlı, boynu pioner qalstuklu bir qızıydım. Bacı itkisinə yanıb-yaxılırdım. Uşaq ağlı, uşaq fəhmiylə bu ağrı-acını tam anlamasam da. Ailəmizin Zaqataladan Beyləqana köçməsinin səbəbkarı Seviliydi. O, üç il Mil düzünün pambıqlı qoynunda mexanizator kimi çalışdığı illərdə anam, mən və qardaşım oraları çox görmüşdük. Amma, ağlıma da gəlməzdi ki, 1963-cü ilin sentyabrında bacımla vidalaşan bu torpaqla bir neçə il sonra yenidən görüşəcəm. Və bu dəfə qardaşımla bərabər ikimiz Sevilin davamçıları qismində pambıqyığan maşınla sahəyə çıxacaqmışıq demə. Həyatdı, irəlicədən nə baş verəcəyini heç kim bilmir. Biz də eləcə. Məsələ, belə oldu ki, o vaxt orta məktəbi qurtarandan sonra komsomolun təşəbbüsüylə məni və qardaşımı Bərdəyə peşə məktəbinə, mexanizatorluğu öyrənməyə yolladılar. Ordan da Beyləqana getdik. Vaxtilə Sevilin işlədiyi 5 nömrəli sovxoza. O vədə Bakıda pedaqoji institutun əyani şöbəsinə daxil olmuşdum. İşimlə əlaqədar qiyabiyə keçməli oldum. Beləcə bir neçə il orda çalışdım. Deyilənə görə, yaxşı mexanizatoruydum. Hər il məhsul yığımında fərqlənirdim. Bacımın adını doğrultmağı qarşıma məqsəd qoymuşdum. İndiki kimi yadımdadı, 1972-ci ildə respublika komsomolunun 28-ci qurultayına nümayəndə seçilmişdim. Qurultayda çıxış elədim. Rəhmətlik Heydər Əliyev də ordaydı. Çıxışımı, xüsusilə, ona şeir demək olardısa, uydurduğum üç-dörd misranı çox bəyənmişdi. Hətta, yekun nitqində məni nümunə göstərmişdi. Səhərisi gün mətbuatda bu barədə yazılmışdı. O illərin şahidi "Azərbaycan müəllimi" qəzetini əziz xatirə kimi saxlayıram. Təsəvvür eləyin, qurultay qurtarıb, mehmanxanaya qayıtmışam. Mərkəzi komitədən zəng vurub deyirlər ki, hazırlaşın sabah səhər tezdən Daşkəndə uçmalısız. Deyirəm, axı mən Beyləqana qayıtmalıyam. "Heydər Əliyevin tapşırığıdı, mərkəzi komitənin katibi Hacağa İbrahimovla yola düşməlisiz" - söyləyirlər. Qərəz, sabahı gün Daşkəndə getdik. İlk dəfə idi Azərbaycandan kənara addım atırdım. Üstəlik, bu elə-belə səfər deyildi, respublikanın təmsilçisiydim və orda rus dilində çıxış etməliydim. Demək, işimə məsuliyyətlə yanaşmalıydım. Nə başınızı ağrıdım, Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov, Moskvadan gəlmiş SSRİ rəhbərliyinin nümayəndəsi Kulakov və başqa vəzifəli şəxslər rəyasət heyətində əyləşmişdilər. Vallah, necə çıxış elədim bilmirəm, bütün salon alqışladı. Sevilin adını çəkəndəsə hamı təsirlənmişdi. Nitqimi başa vurub yerimə dönmək istəyəndə kimsə arxadan məni qucaqlayıb əlləriylə gözlərimi yumdu. Tursunoy Axunovaydı. Qadın mexanizator hərəkatını başlayan, zəhmətiylə SSRİ boyda nəhəng ölkəyə səs salan, iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş Tursunoy. O ağlayırdı. Bir kəlmə soruşmadan mən də ona qoşulub hönkürdüm. Təsirli səhnəydi. Salondakılar özlərini saxlaya bilmirdilər. Tursunoy bacımı yaxşı tanıyırdı. Bir vaxtlar yarışmışdılar. Tale elə gətirdi ki, bacısı İnnabatla da mən yarışdım.
   Beləcə yüksək səviyyəli görüşlərə, tədbirlərə yolum açıldı. Sovetlər ittifaqında və xaricdə çox yerdə olmuşam. Həmişə Azərbaycanın üzünü ağ eləməyə çalışmışam. Və tək ölkəmizdən kənarda yox, elə burda da.
   Bayaqdan diqqətlə Sona xanımı dinləyən Allahverdi Məmmədov növbənin ona çatdığını duyub, sual gözləmədən özü danışır:
   - Əzab-əziyyətlə böyümüşəm. Amma həyatımdan razıyam. Allah bu dünyada mənə çox xoşbəxtlikləri nəsib eləyib. Hərçənd uşaq olanda, atam repressiyanın güdazına gedəndə dünya gözümə görünmürdü. Anamın himayəsində yaşadıq, zülm-zillət içində. Maddi imkansızlıq ucundan təhsilimi bitirib institutda oxuyammadım. Ölkədə müharibə gedirdi, çətin vaxtlarıydı. Birtəhər əlimi bir işə ilişdirib, ailəmizi saxlamaq qayğısından həyat, gələcək haqqında düşünməyə vaxt yox idi. Və tam təsadüfdən, ağlıma gətirməyəcəyim halda tale yolum dəyişdi. İşlədiyim yerdə zəhmətkeşliyimə, doğru-dürüst olmağıma ya nəyəsə görə, məni Bakıya altı aylığa kinomexaniklik kursuna oxumağa göndərdilər. Yarım il sonra qayıtdım Zaqatalaya. O vaxt rayonlarda, kəndlərdə kinoteatr, klub çox azıydı. Bizim Əliabad kəndinin camaatı kinodan elə sən deyən məlumatlı deyildi. Azərbaycan televiziyası fəaliyyətə başlamamışdı, kənd adamlarının əksəriyyəti də şəhərin üzünü görməmişdilər. Ta hardan biləcəkdilər kino nədi? Əliabadda ilk filmi mən göstərmişəm. Qonşu Balakən rayonunda da kinomexanik kimi müəyyən işlər görmüşəm. Peşəmə o qədər sevgi-məhəbbətlə yanaşmışam ki, bunu hamı hiss eləyib. Yəqin elə ona görə, qısa vaxtda bu sahədə tanınmışam, rayon və respublika rəhbərliyinin diqqətini çəkmişəm. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə iştirakımın səbəbini başqa necə izah etmək olar? 1976-cı ildə əlli yaşımı təzə yola saldığım bir vaxda əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşəm. Bu, sovet vaxtı adi məsələ deyildi ha. Necə sevinmişdim. Görkəmli kino sənətkarlarından, bizim sahəyə baxan rəhbər şəxslərdən çoxlarıyla görüşüm olub. 1990-cı illərin ortalarınadak işimdən ayrılmamışam. Sonra gördüm zaman dəyişib. Tamaşaçısız kinoteatrları görəndə ürəyim ağrıyırdı. Qabaq belə deyildi axı.
   Yaxşı ailəm, övladlarım, nəvələrim var. 70 və 75 illiyim rayonda hörmət-izzətlə qeyd olunub. İnşallah 85 illiyə bir ildən bir az artıq qalıb. Allah möhlət versin, onu da keçirək.
   Allahverdi dayı Oqtay Mirqasımovdan ürək dolusu danışmağı, salamlarını göndərməyi və bizi sözünə yaxşı baxan "Jiquli"sinə mindirmək təklifini də unutmadı. Mən də Səfər müəllimdən, Sona xanımdan və Allahverdi kişidən köhnə tanışlar kimi ayrılanda xatirə şəkil çəkdirməyi unutmadım.
   Qarşıda daha bir görüş qalmışdı. Aşağı Tala kəndində Zahid Mustafayev yolumuzu gözləyirdi. Ora getməyin əziyyətini sürücü Akif çəkdi.
   Zahid Şəki Musiqi Texnikumunun məzunudu. Tarzəndi. Rayonun mədəniyyət aləmində tanınan adamdı. Əvvəllər müntəzəm şəkildə el şənliklərində çıxışlar eləyib. Amma indi başı qarışıqdı. Uzun illərin gərgin zəhmətinin nəticəsi kimi ərsəyə gətirdiyi "Oğuz" milli elektron simli musiqi alətinin kütləvi istehsalı onu çox düşündürür. O, bu istiqamətdə müəyyən cəhdlər göstərir. Doğrusunu deyim ki, musiqiçi olmasına və kənddə yaşamasına baxmayaraq, Zahid qardaşımız elmi-texniki yeniliklərdən yetərincə xəbərdardı. Kompyuterdə çeşidli proqramlarda işləmək, internetə baş vurmaq onun üçün su içim kimi bir şeydi. Elə bunun nəticəsidi ki, düzəltdiyi alət milli və dünyəvi keyfiyyətə malikdi. "Oğuz" çanaq hissədəki ayparasını nəzərə almasaq, ümumən qədim simli alətlərimizə oxşayır. Səslənmə imkanlarısa fərqlidi. Və maraqlıdı ki, ifa edərkən, eyni vaxtda onda həm nəfəsli, həm də simli musiqi alətinə məxsus iki müxtəlif səsi almaq mümkündü. Heç şübhəsiz, "Oğuz" fərdi xüsusiyyətləri, bir alət kimi nəyə qadir olması sayəsində mütəxəssislərin diqqətini cəlb edə bilib. 2001-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ekspert komissiyasının rəyini və üç il sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin patent şəhadətnaməsi alması da bunu təsdiqləyir. Fransızların bu alətin sorağıyla Zahidlə görüşmələri və ona 100 min dollar təklifinisə məncə heç kim təsadüfə yozmaz. Kök dəyişmədən, bir tembrdən digərinə keçən, üst-üstə on beş Azərbaycan milli musiqi alətinin səsini çıxaran "Oğuz" həqiqətən maraq doğurur. Zahid Mustafayev aləti cərəyana qoşaraq, canlı ifasıyla bu marağı bir qədər də artırdı.
   Həmsöhbətimdən ayrılanda artıq şər qarışmışdı. Qarşıdasa növbəti görüşlər dururdu. Sabah qonşu rayonda başlayacaq görüşlər.
   
   (ardı gələn sayımızda ) 
   
      
   Seymur ELSEVƏR
   
seymur_elsever@yahoo.com