Kitabxanada...
   Fikrimdə suallarım, əlimdə dəftər-qələm Türkan qəsəbəsinin sakit və dar küçələri ilə irəliləyirəm. O qədər sakitlikdir ki, addım səslərimin əks-sədasını belə eşidirəm. Uzaqdan baxa-baxa “görəsən, kitabxana hansı binadır?”- deyə öz-özümə sual verirdim ki, qarşıma əlində iki kitab olan 11-12 yaşlı bir oğlan uşağı çıxdı. Sanki gözlərimə işıq gəldi. Salam verməyi belə unudaraq, tələm-tələsik uşaqdan kitabxananın yerini soruşdum. Sağ olsun, mənimlə birgə yenidən kitabxanaya qayıtdı. Uzaqdan kitabxanaya bənzəməyən bina köhnə və balaca olması ilə diqqətimi cəlb etdi. Binanın kiçik həyətindəki tək-tənha tut ağacını görəndə “yəqin kitabxananın içərisində də bu cür tənhalıq hökm sürür” - deyə düşündüm. Gümanım düz çıxmadı. Gördüklərim düşündüklərimin tam əksi oldu. Kitabxanada əməlli-başlı təmir işi gedirdi.
   Əvvəlcədən topladığım məlumatlardan bilirdim ki, Türkan kitabxanası 70-ci illərə qədər mədəniyyət evinin nəzdində fəaliyyət göstərib. 1970-ci ildə təmir olunduqdan sonra isə mədəniyyət evindən ayrılaraq, müstəqil fəaliyyətə başlayıb. İndi kitabxana kimi fəaliyyət göstərən bu bina əvvəllər Hacıyevlər ailəsinin xüsusi mülkü olmuşdur. Sovet dövründə buranı doğum evi etmək məqsədilə Hacıyevlər ailəsini öz şəxsi mülkündən zorla çıxarıblar. Sonra binada doğum evi açılmır. İstifadəsiz qaldığından bina yararsız hala düşür. Nəhayət, 1970-ci ildə yaşayış binası kitabxanaya çevrilir. Bu gün kitabxanada təmir işlərinin getdiyini görəndə doğrusu, mən sevindim. Binaya daxil olub direktor Sevda Əlifəttahzadə ilə kitabxananı gəzməyə başladım. Kitabxana da kiril və latın əlifbasında çap edilmiş kitablardan ibarət 2 fond fəaliyyət göstərir. Kitabxananın direktoru Sevda xanımın sözlərinə görə, kitabxana əvvəllər təmirsiz olduğundan oxucuları cəlb etmək də çətin idi: - “Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Ə. Əliyevin tapşırığı ilə, Ramazan bayramından sonra kitabxanamızın təmirinə başlanıldı. Artıq təmir işləri tamamlanmaq üzrədir”.
   Kitabxananın oxucu statistikası ilə də maraqlandım. Məsul işçi Ağabacı xanım Yarayeva kitab götürməyə gələn oxucuları yola saldıqdan sonra kitabxananın 847 nəfər oxucusunun olduğunu bildirdi. Kitabxananın oxucu tələbatını ödəməsi ilə maraqlanaraq, mən də kitabxanaçıdan Aristotelin “Poetika” və Əli Sultanlının “Antik ədəbiyyat tarixi” kitablarını soruşdum. Ancaq Ağabacı xanım maraqlandığım bu kitabların olmadığını bildirdi və onu da qeyd etdi ki, Türkan kitabxanası məktəbliləri bədii kitablarla təmin edə bilsə də, tələbələrin zəruri ehtiyaclarını tam ödəyə bilmir: “Kitabxanamızda elmi ədəbiyyat və xarici ədəbiyyat sarıdan çatışmazlıq hiss olunur. Lakin biz yaxın zamanlarda bütün oxucularımızı istənilən kitabla təmin edəcəyimizə inanırıq”.
   Mədəniyyət evində...
   Kitabxanadan sonra üz tutdum Türkan Mədəniyyət Evinə. Mədəniyyət evi qəsəbənin mərkəzində yerləşir. Mədəniyyət evinin eksteryeri - həyətindəki ağaclar insanın ürəyini açsa da, interyeri barədə bu fikri deyə bilmərəm. Binanın daxilində olan stol-stullar, şkaflar, pərdə və çilçıraqlar, akt zalı və s. köhnə, bina təmirsizdir.
   Bu gün mədəniyyət evi kimi istifadə edilən bina, keçmişdə məscid olub. Bu məscidi 1908-ci ildə Yunis və Yusif adlı iki qardaş öz şəxsi vəsaitləri hesablarına tikdiriblər. Sovet dövründə isə məscid mədəniyyət evinə çevrilib, indiyə kimi də mədəniyyət evi kimi fəaliyyət göstərməkdədir.
   Bina təmirsiz olsa da, mədəniyyət evi öz fəaliyyətini davam etdirir. Burada ilk dəqiqədən bir canlanma gördüm. Orada, həqiqətən, iş var idi. İçəridə yaxın günlərdə açılacaq piano kursuna hazırlıq gedirdi.
   Mədəniyyət evinin fəaliyyəti ilə maraqlandım. Təşkilatçı Zöhrə Əliyeva bu il keçirilən “Deyilən söz yadigardır” müsabiqəsində poeziya dərnəyinin üzvü Məhbubə Məmmədovanın axırıncı tura qədərki iştirakından və mədəniyyət evinin poeziya dərnəyinin üzvlərinin 119 və 262 saylı orta məktəblərdə hazırladıqları tədbirlərdən söz açdı. O həmçinin yeni kurslar açmaq üçün qəsəbədə elan vurduqlarını da qeyd etdi. Metodist Məsmə Qafarova məni mədəniyyət evinin tədbirlər planı və hesabatları ilə tanış etdi. İşçilər gördükləri işlərdən fəxrlə danışsalar da, direktor Həmidə Quliyeva kurslara gələn uşaqların azlığından şikayətləndi: “Bura əvvəllər məscid kimi fəaliyyət göstərdiyindən, həm də bina təmirsiz olduğundan kənd camaatı buraya uşaqlarını qoymaq istəmir. Buna görə də bizim əsas ümidimiz təzə tikilən mədəniyyət evinədir. Hətta indidən orada necə işləyəcəyimiz barədə işçilərimizlə birlikdə düşünüb-daşınırıq.” Zöhrə xanım Həmidə xanımın sözlərini təsdiq etdi: “Kənd əhalisi arasında mədəniyyət evinə gələnlərə rişxənd edənlər, öz uşaqlarını və qohum-əqrəbalarını bura gəlməyə qoymayanlar var. Bir çoxları da rişxənd obyektinə çevrilmək istəmədiyindən müxtəlif bəhanələrlə gəlmirlər. Amma kənd əhalisi içərisində mədəniyyətə yüksək qiymət verənlər də az deyil”.
   Təzə mədəniyyət evinin harada yerləşdiyini xəbər aldım və yollandım mədəniyyət evinin yeni binasına. Yeni mədəniyyət evinin tikilməsi, həqiqətən də, alqışlanasıdır. Amma onun qəbiristanlığın yaxınlığında tikilməsi nə qədər düzgündür, bax onu, deyə bilmərəm?! Yeni mədəniyyət evində tikinti işləri artıq başa çatıb. Hazırda dizayn işləri gedir. Tikintiyə başçılıq edən məsul şəxs bizə bildirdi ki, mədəniyyət evinin həyətində park da salınacaq. Onlar yeni binanı elə yeni ildə təhvil verməyi düşünürlər.
   
   Könül MAYILOVA
   
ssenarist-az@mail.ru