Noyabrın 21-22-də Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti birləşmiş krallığın paytaxtında Azərbaycan mədəniyyəti günləri keçirib. İngiltərə paytaxtının mərkəzində yerləşən Kadoqan sarayında ardıcıl iki gün davam edən konsert və mədəniyyət günləri çərçivəsində keçirilən digər tədbirlər barədə qəzetimizin əvvəlki saylarında xəbər verdiyimizdən, bu dəfə öncə təşkilatçılar haqda bir qədər məlumat vermək istərdik. 

   Ötən il təsis edilmiş Avropa Azərbaycan Cəmiyyətinin («The European Azerbaijan society») əsas məqsədi ölkəmizi Avropada tanıtmaqdır. Xatırladaq ki, əvvəllər bu cəmiyyət London-Azərbaycan Cəmiyyəti adı altında fəaliyyət göstərib. Fəaliyyət əhatəsinin genişlənməyi ilə əlaqədar adı dəyişən cəmiyyətin sədri Tale Heydərov hələ ötən il kutləvi informasiya vasitələrinə verdiyi müsahibələrində bildirmişdi ki, qurumun məramı milli mədəniyyətimizi, tariximizi tanıtmaq, dövlətimizin iqtisadi potensialını avropalılara göstərməkdir. Əsas fəaliyyət məsələlərindən biri də Dağlıq Qarabağ münaqişəsinin gerçəkliyini Avropa ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarətdir. Cəmiyyətin ingilis dilində nəşr etdirdiyi «Visions of Azerbaijan» dərgisi ingilisdilli oxucuları ölkəmizə dair yeniliklərlə tanış edir.
   Ötən ay baş tutan Azərbaycan mədəniyyəti günləri Britaniya paytaxtında ilk dəfə milli mədəniyyətimizi, ölkəmizin turizm imkanlarını belə geniş miqyasda nümayiş etdirib. Ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, diplomatik korpusun nümayəndələri, şəhərin mədəniyyət və biznes elitasının nümayəndələri də mədəniyyət günlərinin iştirakçıları arasında olublar.
   Ayın 21-də Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov salona toplaşanları salamlayaraq günlərin açılışını elan etdi. Cənab Heydərov öz çıxışında Azərbaycan mədəniyyətinin dərin kökləri və cəmiyyətin qədim mədəniyyətimizi Avropada təbliğ etmək sayəsində gördüyü işlər barədə danışıb.
    Ağzınadək dolu salon Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərini, xalq artistləri, tanınmış xanəndələr Aygün Bayramova və Mənsum İbrahimovu, həmçinin gənc muğam ifaçılarının I respublika televiziya müsabiqəsinin qalibi, 13 yaşlı Elməddin İbrahimovu hərarətlə qarşılayıb. İkinci hissədə isə Salman Qənbərovun başçılıq etdiyi «Bakustick Jazz» qrupu çıxış edib. Konsertin iştirakçısı xanəndə Mənsum İbrahimov London təəssüratlarını bizimlə bölüşdü:
   - Səkkiz yüz nəfər tamaşaçı tutan «Kadogan Hall» sarayına toplaşanlar təkcə İngiltərədə yaşayan soydaşlarımız, orada təhsil alan tələbələr deyildi. İngilis musiqiçiləri, sənətşünaslar tamaşaçıların arasında daha çox idi. Salman Qənbərovun rəhbərlik etdiyi caz qrupu, saksafonçu Rain Sultanovun çıxışı kimi, muğam və xalq mahnılarımız da böyük maraqla qarşılandı. Aygün xanım, mən, bir də Elməddin həm xalq mahnılarını, həm də birlikdə «Segah» muğamını ifa etdik. Bizi respublikanın əməkdar artistləri Elçin Həşimov və Elnur Əhmədov müşayiət edirdilər.
   Ertəsi gün isə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun idarəsi ilə London «Orion» simfonik orkestri çıxış edib. Azərbaycan və İngiltərə bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert V.Uoltonun «Kral fanfarası» və Fikrət Əmirovun «Azərbaycan kapriççiosu» ilə başlayıb. Sonra Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» oratoriyası ifa olunub. Xanəndələr Mənsum İbrahimov, Aygün Bayramova və Elməddin İbrahimovun solo muğam parçaları ilə ingiltərəli musiqiçilərin birgə çıxışı salona toplaşanlara o qədər güclü təsir bağışlayıb ki, oratoriya başa çatandan sonra salon bu çıxışı ayaq üstə alqışlayıb. Mənsum İbrahimov deyir:
   - Mən Londonda ilk dəfə çıxış etsəm də, bilirdim ki, ingilislər çox həssas, diqqətli, amma bir qədər soyuqqanlı dinləyicilərdir. Amma onların «Qarabağ şikəstəsi» oratoriyasını belə böyük rəğbətlə qarşılamaları, hərarətlə alqışlamaları məni çox təsirləndirdi. Həm də bu konsert iki ölkə musiqiçilərinin birgə yaradıcılıq işi kimi mənimçün maraqlı idi.
   London «Orion» simfonik orkestrinə dirijorluq etmiş əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov da bizə məlumat verdi ki, onda xoş təəssüratlar oyadan bu konsertin ikinci hissəsində orkestr Q.Qarayevin, U.Uilyamsın, S.Hacıbəyov və Niyazinin əsərlərini səsləndirib. Konsert bəstəkar Elqarın Böyük Britaniyada çox sevilən «Nimrod» əsəri ifa olunub.
   İngiltərə mətbuatı və BBC kanalı hər iki konserti geniş işıqlandırıblar. «Orion» orkestrinin baş dirijoru Tobi Purser öz azərbaycanlı həmkarının çıxışını belə qiymətləndirib: «Cənab Adıgözəlovun idarəçiliyini uğurlu adlandırmaq azdır. O, böyük ürəyi olan fantastik dirijordur».
    İki gün ərzində «Karogan Hall» sarayının foyesində Azərbaycana həsr edilmiş sərgi də nümayiş etdirilib. Həmin sərgidə ölkəmizin təbiətini, tarixini, mədəniyyətini və ənənələrini əsk etdirən yüzdən çox fotoşəkil yer alıbmış. Fotosərginin tarix bölümündə göstərilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fotoşəkillərlə yanaşı, əcnəbilərə bu barədə informasiya çatdırmaqdan ötrü məlumat lövhəsi də asılıbmış. Tədbir çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin ingilis dilində hazırladığı «Dünyanın unutduğu adamlar: Qarabağ müharibəsinin mənzərələri» kitabının da təqdimatı keçirilib. Fotoalbom kimi tərtib olunmuş kitabın girişində oxuculara bu münaqişənin yaranma tarixi və səbəbləri barədə söhbət açılır.
   
   Gülcahan MİRMƏMMƏD