Novruzun isti nəfəsi hər yerdə duyulmaqdadır. Təbii ki, bayrama bir neçə gün qaldığından televiziyalarda da Novruz proqramlarına ciddi hazırlıqlar gedir. Oxucularda yaranacaq marağı nəzərə alıb bayram çəkilişlərindən reportaj hazırlamaq məqsədiylə bir neçə TV kanalına müraciət etsək də, təəssüf ki, onlardan yalnız ikisinin, AzTV və ANS kanallarının razılığını ala bildik. Görünür, televiziyalarımız göstərəcəkləri sürprizlərin öncədən qəzet səhifəsində yayımlanmasından ehtiyatlandılar.
Yoxa lənət, iki kanalı tapdığıma şükür edib, bir əlimdə diktofon (çörək ağacı), o biri əlimdə fotoaparat günorta və axşam saatlarında alman dəqiqliyi ilə lazım olan məkanlara yollandım...
Kamera sevdası
Metronun «İçərişəhər» stansiyasının arxasında AzTV kanalı çəkiliş hazırlıqlarına başlamışdı. Yoldan ötənlər zurna-balaban səsinə addımlarını yavaşıdıb çəkiliş prosesini həvəslə izləyirdilər. Qəribə bir məqam heç vaxt gözümdən yayınmır. Nədənsə adamlarda kameraya qarşı hədsiz sevgi var. “Hansı məqamda olur olsun, təki məni televizorda göstərsinlər” fikri burda da lap yerinə düşürdü. “Kameramaniya” xəstəliyindən əziyyət çəkənlər hər bir cəhdlə bircə kadrla da olsa, ekranda iz qoymaq istəyirdilər. (Yadıma “Kişi sözü” filmindən “İndi məni göstərəcəklər” kadrı düşdü...).
Bəh-bəh-bəh!.. Hər tərəfdə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü: bəzəkli xonçalar, al-əlvan yumurtalar, yamyaşıl səmənilər, milli geyimli rəqqaslar... İnsan baxdıqca könlü xoş olurdu. Hətta çəkiliş meydançasında gedən proses kənardan ötən xarici turistlərin də diqqətini özünə cəlb etmişdi.
Çəkiliş “Çobanlar” rəqsi ilə başladı. Musiqinin ritmləri soyuq havada bura yığılmış insanlar üçün sanki göydəndüşmə oldu. Kimi yerində dingildəyib rəqsəbənzər hərəkətlər edir, kimi də elə rəqs edirdi... Lakin bir kənarda dayanıb öz çəkiliş növbəsini gözləyən aşıqların əllərindəki sazın əsməsindən hiss olunurdu ki, soyuq iliklərinədək işləyib... “İncəsənət qurban tələb edir” deyimi lap yerində deyilmişdi. Şənliyə «İrs» mahnı ansamblı da qoşularaq öz mahnılarıyla daha da rəng qatdılar.
Kosanın intizarında
Hamı sevinirdi. Novruz sevincini ətrafa toplaşanların simasında hiss etmək olurdu. Lakin şənlik boyu Novruz bayramının əsas personajı olan Kosa və Keçəlin yoxluğu camaatı intizarında saxlamışdı. Bir az zaman keçdikdən sonra, nəhayət ki, Kosa və Keçəl təlxəkvari hərəkətləri ilə ortalıqda görünməyə başladılar. Qəribəsi də onda idi ki, Kosa və Keçəl bu dəfə təkcə boş qalan xurcununu yox, həm də cibini doldurmaq fikrində idi.
Kosanın Dərbənddən gəlməsi, ordan aldıqları, sonra yıxılıb ölməsi və digər rituallar bir daha təkrarlandı.
Ümumiyyətlə, çəkilişlərdə iştirak etmək maraqlı olsa da, bir məqam insanları adətən bezdirir: «STOP! STOP! Motor! Yenidən!». Elə burda da həmin sözlər heç də az eşidilmədi.
Növbəti...
ANS tamaşaçılara bayram üçün maraqlı sürpriz hazırlayıb. Doğrusu, artıq sürpriz deməyə dilim də gəlmir, çünki bəndəniz gördüklərini oxuculara çatdırmaq fikrindədir. Telefonda min bir xahişlə TV əməkdaşlarını yola gətirib Novruza həsr olunmuş televiziya filmindən reportaj hazırlanmasına icazə ala bildim. Budəfəki yollanacağım ünvan Musiqili Komediya Teatrı idi.
Bizim televiziyonçuların gecikmək adətindən danışmayasan... Bir saata yaxın ANS-çilərin yolunu gözləməkdən gözlərimin kökünü saraldıb, soyuqda buz heykələ dönəndən sonra çəkiliş heyətinin gəldiyini gördüm. Elə bil gözlərimə işıq gəldi. Ətrafıma baxmadan rejissorun üstünə cumub (elə sözün birbaşa mənasında) giley-güzar edəndən sonra çəkilişin nə vaxt başlayacağını soruşdum. Cavabı eşidən də isə elə bil başımdan qaynar su tökdülər: axşam saat 10-da. Bu isə o demək idi ki, minimum geci saat 2-dək çəkilişlər davam edəcək.
Diqqət! Motor!
Yəqin, hamınız “Bəxtiyar” filminə baxmısınız... Bu dəfə rejissor Adil Azay “Bəxtəvər” filmini çəkirdi, özü də eynən “Bəxtiyar” filminin ssenarisinə uyğun... Bircə fərq kişi rollarının qadınlarla, Bəxtiyarın Bəxtəvər adlı qızla əvəzlənməsində idi. Ssenari isə müasir dövrə uyğun yazılmışdı.
Təbii ki, hər yerdə olduğu kimi, jurnalist burada da diqqət mərkəzində idi. Belə ki, hələ əlimə qələmi alıb «bismillah» etməmiş kameralar qurulur, səs yoxlanılır, rejissor öz göstərişlərini verir, aktyorlar qrimlənir və s. Amma nədənsə, çəkilişlərə hələ də başlamırdılar. Vaxt isə əleyhimə işləyirdi. Hətta bu qədər qarmaqarışıqlığın içində mənə də rol təklif etdilər... doğrusu, jurnalist kimi gəlib “aktrisa” kimi getmək istəmədiyimdən, həm də reportaj üçün lazım olan məqamları gözdən qaçıracağımdan ehtiyatlanıb imtina etdim.
Bayaqdan məşq edən televiziyonçular, nəhayət ki, birinci epizodu çəkməyə hazırlaşırdılar. Diqqət! Çəkiliş başladı. Bu, rejissorun göstərişi idi. “Bəxtiyar” filmində belə bir kadr var, deputat içəri daxil olur və özfəaliyyət dərnəyinin sədri Ağabala Hüseynovu “Kirpi” jurnalında necə biabır olduğunu və onun fırıldaqçılığını ifşa edir. “Bəxtəvər”də isə Ağabala yox, Qastrol büronun administratoru Ağanisə Hüseynova ifşa edilmişdi, özü də “Sarı” jurnalında. (“Atova lənət, Sarııı” - filmdən)
Bu kadrların çəkilişi hər dəfə bir aktrisanın ssenaridən kənar gülüşünə səbəb olduğu üçün epizod yenidən çəkilirdi. Bəxtəvər rolunun ifaçısı isə müğənni Elnarə idi.
Beləliklə, bayram çəkilişləri də beləcə yekunlaşdı. Digər televiziya kanallarımızda gedən çəkilişlərə icazə bir tərəfdən məni məyus etsə də, digər tərəfdən onlara hardasa haqq vermək olar. Axı, bu, tamaşaçılar üçün hazırlanmış sürprizlərdi...
Bayramınız mübarək!
Yeganə CANSAİL