Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Tarix-Memarlıq Qoruğunun vəziyyəti ilə tanış olmaq üçün Şabran rayonuna üz tutduq. Qoruğun direktoru Cavid Xudaverdiyevin köməyi ilə Çıraqqalaya yollandıq. Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. Neçə yüz ildir zamanın tufanlarına, dövrün qasırğalarına mətanətlə sinə gərərək ulularımızın şanlı tarixini yaşatmaqdadır. Çıraqqala vaxtilə istehkam məqsədi ilə tikilib, Gilgilçay səddinin baş qarovulxanası olub. Qala Xəzər dənizindən Babadağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılıb, Çıraqqala isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.
   
   
   Çıraqqalaya gedən tozlu-torpaqlı yol
   
   Çıraqqalaya gedən yol “Siyəzənneft”in ərazisindən keçir. Yolboyu “Siyəzənneft”in buruqları boz dağlarda ağaclara bənzəyir. Tozlu-torpaqlı, dərəli-təpəli yol adamı yorur. Yol üstündə “Qalaaltı” sanatoriyası və müxtəlif özəl istirahət mərkəzləri yerləşir. Amma bu mərkəzlərin sahibləri, görünür, torpaq yoldan heç də narahat deyillər. Ancaq məlumdur ki, mədəniyyət və inkişaf yoldan başlayır. Heç bir xarici turist 30 km-lik torpaq yolu keçib həmin istirahət mərkəzlərinə getməz.
   Çıraqqala Tarix-Memarlıq Qoruğunun həndəvərinədək torpaq yol davam edir. Qalan yolu isə meşənin içərisindən piyada qalxmalı olursan. Həmin yolun başlanğıcında lövhədə bu sözlər qeyd edilib: “Çıraqqala Tarix-Memarlıq Qoruğu. Ümumi uzunluğu 120 km olan Gilgilçay müdafiə səddinin 34-cü kilometri. Gilgilçay müdafiə səddinin 200 metr eninə mühafizə zolağıdır. Qorunur”.
   Bizi qoruğun gözətçisi Rəşad qarşıladı. Ərazidə istirahət məqsədilə qurulmuş çadırların ətrafındakı məişət tullantıları diqqəti çəkir. Rəşadın sözlərinə görə, buraya istirahətə gələnlər onların etirazına məhəl qoymur, ərazini zibilləyirlər.
   Qoruğun direktoru Cavid Xudaverdiyev deyir ki, qoruğun sərhədləri hələ dəqiq müəyyənləşmədiyi üçün bu cür halların qarşısını tam almaq mümkün olmur.
   
   Çin səddindən sonra dünyada ikinci böyük sədd
   
   Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Uzunluğu 120 km olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Gilgilçay səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib. Bir vaxt Bakı-Rostov şəhərlərarası şosse yolunun genişləndirilməsi ilə bağlı bu nadir abidələrin bir qismi dağıdılıb.
   
   17 bürclü qala
   
   Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib. Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.
   Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.
   Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə o qalalardan fərqlənir.
   
   Çıraqqala tarixi mənbələrdə
   
   Tarixi mənbələrdə Çıraqqala haqqında müxtəlif versiyalar var. Bu müdafiə istehkamı haqqında məlumat verən ərəb tarixçisi Əl Bəlazuri (IX əsr) “Kitab Fütih Əl-Buldən” (“Ölkələrin Fəthi” kitabı) adlı əsərində yazır ki, Sasani şahı Qubad Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi. Digər ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-cü illər) əvvəl də Kaspisahili müdafiə sədləri olub. Deməli, “Uzun divarlar” adlanan bu sədd eramızdan əvvəllər də mövcud olub. Fransız səyyahı Vilhelm Rubrik (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük”.
   Çıraqqalanın tarixinə gəlincə, tarixçilər belə güman edirlər ki, qala böyük ehtimalla, eradan əvvəl IX-VIII əsrlərdə Manna dövründə tikilib. Bu barədə Aşşur və Urartu mənbələrində də məlumat verilir.
   Qalanın XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan xəbəri digər qala və məntəqələrə çatdırılarmış. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında “Çıraqqaya” adlanır.
   
   Tarix-memarlıq qoruğu
   
   2003-cü ildə “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” prezident sərəncamı verilib. Sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-memarlıq qoruğu elan edilib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix-memarlıq qoruğunun bərpası ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Bu yaxınlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəzi məsələlərlə yerindəcə tanış olmaq üçün qoruğun ərazisində olub, bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması, bərpası ilə bağlı lazımi işlərin həyata keçiriləcəyini vurğulayıb.
   
   Bölgənin turizm potensialı
   
   Sonda onu da qeyd edək ki, Şabran rayonu turizm üçün əlverişli zonadır. Həm yay, həm də qış istirahəti üçün coğrafi imkanlar var. Relyefi müxtəlif olan rayon şərqdə Xəzər sahilləri ilə qovuşur, düzənliklər tədricən təpəliklər, daha sonra meşələr, sonra dağlarla əvəzlənir. Buranın sıx meşəsi, sıldırım qayalar arasından axan çayı və müalicəvi əhəmiyyətə malik olan kükürdlü su bulaqları var. O cümlədən Çıraqqala da təkcə tarixi abidə kimi deyil, həm də qoynunda səfa qaynağı olan bulaqları ilə turistlər üçün cəlbedici məkan ola bilər. Əsası V əsrdə qoyulmuş qədim Şabran şəhəri zəngin tarixi-arxeoloji abidələri ilə turizmin inkişafına mühüm zəmin yaradır.
   
   İntiqam Hacılı