Yayın cırhacırında əyləncə və dincəlmək üçün arzu olunan məkanlardan biri də zooparkdır. Çoxdandır ki, Bakı zooparkında olmamışdım. Bu arada heyvanat parkında hansı yeniliklərin baş verməsini öyrənmək, zooparkın indiki vəziyyəti ilə tanış olmaq üçün bu məkana üz tutdum. Bəribaşdan vurğulayım ki, zooparkda budəfəki gəzintim və aldığım təəssürat, öncəki illərdən fərqli olaraq, daha zəngin və xoş ovqatlı oldu. Qəfəs boyu fırlanan ayılara, qəzəbindən qəfəsi pəncələri ilə silkələyən şirə elə hey doyunca baxmaq istəyirsən.
   
   Öncə bir qədər statistika
   
   Bakıda ilk zoopark 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami adına park) kiçik guşə şəklində yaradılıb. Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. 1980-ci ildə 45 ha-lıq ərazinin cəmi 2, 25 hektarı zooloji park üçün istifadəyə verilir. Daha sonralar rəsmi idarələrə edilən müraciətlərdən sonra 2001-ci ildə zooparkın ərazisi 2 ha da artaraq 4,25 ha ərazini əhatə edir.
   Zooparkda üç şöbə var: Terialogiya (məməlilər-yırtıcılar, gəmiricilər, dırnaqlılar); Ornitologiya (quşlar); Akvarium və terrarium (balıq və sürünənlər) şöbəsi. Hazırda zooparkda 160 növdə 1200 heyvan qorunub saxlanılır. Bu rəqəmlər ilk növbədə insanları təəccübləndirə bilər. Lakin bir akvariumda 15-30 balığın olduğunu nəzərə alsaq, rəqəmin o qədər də təəccüblü olmadığını görərik.
   Hər bir zooparkın öz simvolu olduğu kimi Bakı Zooparkının da simvolu var, bu, flaminqo quşlarıdır.
   Burada nəsli kəsilməkdə olan, adı qırmızı kitaba düşmüş müxtəlif növ heyvanlar var. Zooparkın ən gənc sakini cəmi 1 aydır ki doğulmuş Qafqaz maralının balası, ən qocaman sakini isə 25 yaşlı lamadır.
   1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvü olan zoopark heyvanları daha çox mübadilə yolu ilə alır. Belə alınmış heyvanlarla yanaşı öz faunamızdan olan müxtəlif heyvanlar da (quşlar, uzunqulaq, canavar və s.) zooparka bağışlanıb.   

   Zooparkda gördüklərim
   
   Zooparkın yaşıllıq zonada yerləşməsi heyvanları bir qədər istidən xilas edir. Lakin darısqal qəfəslər vəhşi heyvanlar üçün heç də uyğun deyil. Bir vaxtlar cəngəlliklərdə, səhra və meşələrdə ayaq açıb qaçan vəhşilər kiçik qəfəslərdə gün boyu fırlanmağa məcburdurlar.
   Burada olarkən dovşanı diri udan ilanın qidalanması prosesini də izlədim. Zooloji şöbənin müdiri Pərvanə Səfərovanın dediklərinə görə, ilanlar adətən yemlərini diri şəkildə udurlar. Əgər ov ilana ölmüş şəkildə verilərsə ilan ona yaxın durmur. Ovunu udmuş ilan qidanın həzmi üçün 1-2 həftə yatmalı olur. Adətən ilanlar hər qidalanmadan sonra dərilərini corab kimi çıxarır. Əgər ilan sağlamdırsa dərisini bütöv, xəstədirsə parça-parça çıxarır.
   Hava isti olduğu üçün heyvanlardan çoxu öz yuvalarına çəkilmişdi. Heyvanlar gün ərzində 2 dəfə (səhər, axşam) yemlənir. Qəfəslərə yemək qoyularkən yuvalardakı dəmir qapılar bağlanır və işçilər tam təhlükəsiz şəraitdə onların yerlərini təmizləyərək yemini verirlər. Qəfəslərin üstündə heyvanların ziyarətçilər tərəfindən yemlənməsi qadağan edən lövhə olduğu halda, çoxları bu qadağaya məhəl qoymurlar. Lakin bu da öz növbəsində heyvanlar üçün təhlükə yaradır. Belə ki, bəzən qida heyvanlara sellofan torbalarda atıldığı üçün heyvanların həzm sistemində problemlər yaranır. Pərvanə xanımın dediklərinə görə, heyvanları əməliyyat edərkən onların mədəsindən dəfələrlə sellofan torbalar çıxarılıb.
   Heyvanlar arasında meymunlar öz dəcəlliyi ilə hamının diqqətini cəlb edir. Ziyarətçilər isə öz növbəsində meymunu oynadıb əsəbiləşdirməyə çalışırlar. Təbii ki, bu da cavabsız qalmır. Bir dəfə meymunlardan biri ona əl uzadan adamın barmağını dişləyib. Zooparkda müxtəlif növ balıqlar da var: psevdotraflus, elenqatus, sumatra, Aralıq dənizi tısbağası, skalari, tetradon, qızıl balıqlar (qırmızı papaq), quppi və s.
   
   Münasibət
   
   Zooparkın direktoru Azər Hüseynov: “1995-ci ildən bu vəzifədə çalışıram. Bu vaxta qədər müxtəlif təşəbbüslər irəli sürmüşəm. Azərbaycanın müxtəlif bölgələrində belə zooloji parkların salınmasını istərdim. Mən Çexiyada dəfələrlə olmuşam. Orada 18-20 zooloji park fəaliyyət göstərir. Bu bir növ mədəniyyətin inkişafıdır. Heyvanlar aləminə, təbiətə diqqətdir. Bu yaxınlarda Minsk zooparkı (Belarus) ilə müqavilə bağlamışıq. Həmin zooparka erkək şir verib 6 növ heyvan almışıq. Tallin zooparkı ilə də müqaviləmiz var. Təmənnasız olaraq 2 baş Dağıstan turu alınacaq, əvəzində isə gələcəkdə biz onlara 1 bala qaytarmalıyıq. Daşkənd zooparkı ilə də danışıqlar gedir, oradan dişi pələng üçün erkək pələng gətiriləcək”.
   Bəzən müxtəlif əyləncə mərkəzlərində, hətta ev şəraitində vəhşi heyvanları bəsləyirlər. Bu, maraqlı məşğuliyyət olsa da, təhlükəlidir. Azər müəllim belə halların qanunla qadağan olunduğunu vurğuladı: “Kafe-restoranlarda və s. əyləncə məkanlarında meymun, ayı və digər vəhşi heyvanları saxlayırlar. Bəslənməsi ilk baxışda asan görünən bu iş əslində çox çətindir. Elə yəqin bu səbəbdəndir ki, dəfələrlə həmin məkanlardan bizə heyvanların baxılması üçün müxtəlif müraciətlər olub”.
   
   Yeganə Cansail