Çində keçirilən EXPO-2010 beynəlxalq sərgisindən ürəkdolusu təəssürat
   
   Tarixi 1851-ci ildən başlayan beynəlxalq sərgilər içərisində EXPO ən möhtəşəmidir. İNSANIN YARADICILIQ İLHAMININ VƏ ZİYASININ BARİZ NÜMUNƏSİ!
   Şahzadə Albertin Londonun Hayd Parkda yerləşən Büllur Sarayda “bütün millətlərin sənaye əməyini” nəhəng miqyasda sərgiləmək ideyası təkcə yüksək ideallara xidmət edən bir yaradıcı hadisə kimi yox, bu missiyasını qoruyub saxlamaq şərtilə yaradıcılığı mütərəqqi kommersiya planları ilə birləşdirən, beynəlxalq ticari əlaqələrdən başlamış dövlətlərarası münasibətlərə, memarlıq və dizayn, turizm, şou-biznes və reklamın formalaşması da daxil olmaqla, cəmiyyətdə baş verən müxtəlif proseslərə təsir etmək, bəzi hallarda isə bu prosesləri istiqamətləndirən inanılmaz möhtəşəm bir layihə kimi gerçəkləşdi.

   
   EXPO-nun inkişaf prosesi əslində beynəlxalq cəmiyyətin inkişaf prosesidir. Bu prosesdə üç mərhələ öz əksini tapıb: sənayeləşmə, mədəni mübadilə və milli özünüdərk prosesi. Sənayeləşmə mərhələsində (1851-1938) EXPO-nun fəaliyyəti yalnız dünyanın iqtisadi tərəqqisinə təsir etmiş ticari və texnoloji yeniliklərin nümayişi məqsədini daşıyırdı. Amma 1939-cu ildən başlayaraq Nyu-Yorkda mədəniyyətlərarası əlaqələr, artıq bütün bəşəriyyətin gələcək rifahına xidmət edə biləcək məqamlar vurğulanmağa başladı.
   1988-ci ildə Brisbendə keçirilən EXPO 1992-ci ildə başlayan və bu günə qədər davam edən yeni mərhələnin carçısı kimi tanındı. Bu mərhələnin mahiyyəti hər bir dövlətin obrazının gücləndirilməsi və populyarlaşdırılması idi. Necə ki, 2000-ci ildə Hannoverdə pavilyonların 73%-i milli ideyanın formalaşdırılması oldu. Bu gün güclü milli obraz və fərdilik xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də EXPO hər hansı bir ölkənin ticarət markasının reklamı üçün ən parlaq məkandır. Bu cür nəhəng reklam kampaniyası yalnız EXPO-da mümkündür. Təbii ki, XXI əsrin EXPO-su da bəşəriyyətə xidmət edən idealların carçısı olaraq sərginin konkret mövzusu çərçivəsində hər bir ölkənin və millətin tarixini, mədəniyyətini, ideallarını, arzularını və ümidlərini ehtiva etmək, mədəni və texnoloji inteqrasiyaya xidmət yolunda bütün dünyanın birlikdə göstərdiyi növbəti güclü cəhddir.
   İldən-ilə EXPO-nun vəzifələri dəyişsə də, mahiyyəti dəyişməzdir. Televiziya və internet kimi güclü kommunikasiya vasitələrindən istifadə edən müasir İNSAN özünü Dünya Vətəndaşı sayır. Lakin bu vasitələr ona birlik və harmoniya, bəşəriyyətlə vəhdət hissini aşılaya bilmir. Məhz bunlara nail olmaq cəhdləri yeni kəşflərə gətirib çıxarır. Əbədiyyən bu duyğular dünyada yeni ideyalar, yeni tapıntılar, yeni kəşflər üçün ilham mənbəyidir. Kimisi bu kəşfləri edəcək, kimisi onlardan istifadə edib qiymətləndirəcək və yalnız EXPO onların dəyişməz görüş yeri olacaq. EXPO sərgidə iştirak edənlərin hər biri ilə birlikdə yaşayan, bəşəriyyətin gələcək taleyini fərziyyələrdə gerçəkləşdirən və vahidləşdirən nöqtədir.
   Bütün bu söylənənlərin kontekstində müstəqillik qazanandan sonra Azərbaycan Respublikasının EXPO sərgilərində üçüncü dəfə iştirak etməsi misli görünməmiş bir uğurdur. 2000-ci ildə Hannoverdə, daha sonra 2005-ci ildə Yaponiyada və 2010-cu ildə Şanxayda!
   
   “Ən yaxşı şəhər - ən yaxşı həyat”

   
   Budəfəki görüş yeri Şanxay oldu. Son illər dünyanın ən gəlişmiş ölkəsinin ən inkişaf etmiş şəhərlərindən biri! Elə məhz bu “ən” ədatı da həm dünyanın beş ölkəsinə qalib gəlib EXPO-nu keçirmək hüququnu Şanxaya qazandırdı, həm də 2010-un şüarını özündə ehtiva etmiş oldu. Son 30 ildə Çinin əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə mütərəqqi bəşəriyyətin ümumi razılığı ilə Şanxay şəhəri «EXPO -2010»un məkanı seçilən gündən Huanqpu çayının hər iki sahili Şanxayın mərkəzində, Nanpu və Lupu körpüləri ətrafında 5,28 kv km ərazidə EXPO şəhərciyi tikilməyə başladı. Bu layihədə hər şey nəzərdə tutulmuşdu. Yollar, hotellər, iaşə müəssisələri, bir sözlə, “Ən” müasir şəhərə lazım olan “Ən” gözəl və yeni dünyanın dilində danışsaq, “Ən” “Full” şərait!... Və bu baş verdi... Çinlilər bu az müddətə şəhəri tikə bildilər. “EXPO -2010” sərgisi üçün seçilən mövzu “Ən yaxşı şəhər - ən yaxşı həyat” həm də bəşəriyyətin can atdığı ideal məkandır. Deyilənə görə, 1800-cü ildə əhalinin yalnız 2%-i şəhərlərdə yaşayırdısa, 2010-cu ildə bu rəqəm artıq 55% təşkil edir. Demək, urbanizasiyaya uğrayan cəmiyyətin həyati keyfiyyəti gələcəyin şəhərlərinin necə olacağından asılıdır! Bəşəriyyət gələcəyin şəhərini necə təsəvvür edir? Çiçəklənən, səhər-axşam nəğmələr eşidilən, əyləncəli, rahat bir yuva kimi, bəlkə sağlam həyat tərzi keçirən, ekoloji təmizliyə üstünlük verən asketik bir ərazi kimi, bəlkə sadəcə mədəni, yaxud bu yalnız bomond aləminin qəbul etdiyi fetiş obyektidir, bəlkə.... bəlkə uçan şəhərdə yasayacaq gələcəyin İNSANI... Bax belə, inanılmaz ehtimalların, gerçəkləşdirilməsi mümkün olmayan fərziyyələrin, fantastik ideyaların məkanıdır «EXPO-2010» Şanxay Çin sərgisi!
   «EXPO -2010» Şanxay Çin sərgisinin möhtəşəm açılış mərasimi 2010-cu il aprelin 30-da baş tutdu. Qeyri-adiliyi ilə keçmiş EXPO -lardan seçilən bu mərasimdə bir neçə ölkələrin birinci simaları da iştirak etdilər. Azərbaycanı da «EXPO -2010»un açılışında nüfuzlu nümayəndə heyəti təmsil edib. Sərginin ərazisində, Azərbaycan da daxil olmaqla, 192 ölkənin iqtisadi, sosial, turizm potensialını əks etdirən pavilyonlar qurulub. Bütün ölkələrin pavilyonlarının dizaynı sərginin ümumi devizi «Ən yaxşı şəhər - ən yaxşı həyat» konsepsiyasına xidmət edir. Sərginin emblemində «EXPO-2010» yazılan bir stend üzərində üç insan fiqurunun - “mən, sən və o”nun sanki bütün bəşəriyyəti qucaqlayaraq insanlığı ünsiyyət və vəhdətə səsləyən əksi təsvir olunub. Sərginin qoruyucu bazubəndi isə Çin əlifbasında “sülh” sözünü ifadə edən körpəyəbənzər işarədir. İngilis dilində «Better siti - better life» kimi səslənən şüar tərcüməsiz işlənir. Mövcud olduğu müddət ərzində hər gün sərginin ərazisində iyirmiyədək tədbir keçirilir və yeri gəlmişkən, ilk dəfə olaraq «EXPO -2010»un gedişatını bütün dünya online rejimində izləyə bilir. Təbii ki, ölkələrin milli günləri keçirilən zaman da hər bir xalqın mədəniyyət proqramları bütün dünyaya açıq olur. Nəzərdə tutulub ki, EXPO bağlanandan sonra səsvermə yolu ilə ən yaxşı pavilyonlar saxlanacaq, o biriləri isə ya söküləcək, ya da biznes məqsədləri üçün hərraca çıxarılıb əhaliyə satılacaq. Bugünkü hesablamalar göstərir ki, Şanxay sərgisi ziyarətçilərin sayına görə dünyada birinci yeri tutur, daha dəqiq desək, bu rəqəm 70 milyonla 100 milyon arasında tarazlaşmalıdır.
   
   İncəsənət ustalarımızın çıxışı çinliləri heyran etdi
   
   Azərbaycan pavilyonu EXPO ərazisinin, demək olar ki, mərkəzindədir. İnsan seli hər on-on beş dəqiqədən bir dəyişir və pavilyona daxil olmaq üçün bir-birini sıxışdırır. Onu da deyim ki, Çin kimi əhalisi çox olan bir ölkədə insanlar belə növbələrə öyrəşib və hamı özünü çox səbirli aparır.
   Azərbaycan Respublikasının nümayəndə heyətinə baş nazirin müavini və Azərbaycan pavilyonunun baş komissarı Abid Şərifov rəhbərlik edirdi. Rəsmi nümayəndə heyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini, baş komissarın müavini Ədalət Vəliyev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli daxil idilər.
   İşçi qrupunu Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin əməkdaşları Sevda Məlikova, Mənzərxanım Nurəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov, nazirliyin mətbuat katibi, bəndəniz Zöhrə Əliyeva, Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov, səs rejissoru İsa Kərimi, «Salnamə» studiyasının operatoru Elşən Əliyev təşkil edirdi. Yaradıcı kollektivlərdən Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin üzvləri, xanəndələr Təyyar Bayramov, Arzu Əliyeva, musiqiçilər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), vokalçılar İnarə Babayeva, Xalq artisti Azər Zeynalov, Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupu, ölkənin baş kulinarı Tahir Əmiraslanov və komandası həmişə olduğu kimi, bu dəfə də üzümüzü ağ etdilər. Bakı Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova miniatür kitabları ilə sərgidə xüsusi maraq doğurdu.
   Oktyabrın 15-də “EXPO -2010” Şanxay Çin Sərgisində Azərbaycanın Milli Günü keçirildi!
   Nümayəndə heyətinin rəhbərliyi və bir qrup artist EXPO Mərkəzinə rəsmi açılış mərasiminə, bir qrup isə EXPO-nun “Avropa” meydanına yollandılar. Həmin gün incəsənət ustalarımız üç konsertlə çıxış edirdi. Rəsmi mərasimdə və iki dəfə EXPO-nun ən böyük səhnəsi olan “Avropa” meydanında...
   Rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və bayraqqaldırma mərasimi ilə başladı. Himnimiz Çin nəfəsli alətlər orkestri tərəfindən ifa olunurdu. Azərbaycan gününün davam etdiyi müddətdə sərginin doqquz girişində Azərbaycan bayrağı Çin bayrağı ilə yanaşı dalğalandı. Mərkəzin “yaşıl” zalında keçirilən tədbirdə çıxış edən Çinin insan resursları və sosial təhlükəsizlik nazirinin müavini Vanq Syaoku Azərbaycanın Şanxay sərgisində iştirakını yüksək qiymətləndirərək baş nazirin müavini, Azərbaycan pavilyonunun baş komissarı Abid Şərifova söz verdi. Abid Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına təbrik məktubunu oxudu. O, Çin-Azərbaycan Əməkdaşlıq Komissiyasının həmsədri kimi iki ölkə əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirdi.
   Sonra Azərbaycan nümayəndə heyəti tərəfindən aparılan hədiyyələr sərgi rəhbərliyinə təqdim olundu və Abid Şərifov «EXPO-2010»un xatirə kitabına öz ürək sözlərini yazdı. Mərasim incəsənət ustalarımızın çıxışları ilə yekunlaşdı. Konsertdə Dövlət Kamera Orkestri, Dövlət Rəqs Ansamblı və “Natiq” ritm qrupu çıxış etdi. Şanxayın kütləvi informasiya vasitələri Azərbaycan nümayəndələri ilə yaxından maraqlanırdılar. Nümayəndə heyətimiz tərəfindən Şanxay televiziyasına geniş bir müsahibə verildi. Çinli jurnalistlər bizim mədəniyyət ustalarının çıxışlarından danışmaqdan yorulmurdular. Onlar belə geniş və çoxşaxəli mədəniyyətimizi tamaşaçılara lakonik proqramla bu qədər dolğun çatdıra bilməyimizdən heyrətləndiklərini söyləyirdilər.
   
   Azərbaycan pavilyonunu 3 milyona yaxın insan ziyarət edib
   
   Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin nümayəndəliyi ilə bərabər Çin pavilyonunu ziyarət etdi. Bu pavilyon da EXPO-nun konsepsiyasına uyğun qurulmuşdu. İnsan burada özünü sanki nağıllardakı kimi hiss edirdi. Pavilyonun üst hissəsi Pekindəki imperator sarayını xatırladır və «Şərqin tacı» adlanırdı. Bir neçə hissədən ibarət pavilyonun içərisi Disneylend attraksionlarına oxşayırdı. Mürəkkəb konstruksiyalar, bütün məkan boyu ölkənin tarixini anladan animasiyalar, gələcək ailə modelinin artıq 2030-cu ilin şəhərində yaşayış konsepsiyası, salon boyu uzanan projektorlar «EXPO-2010»un niyə məhz Çində keçirilməsinə bir daha bəraət qazandırırdı.
   Daha sonra rəsmilər Azərbaycan pavilyonuna yollandılar. Burada qonaqlar xanəndələrimiz Təyyar Bayramov və Arzu Əliyevanın ifasında səslənən muğamlarla qarşılandı. Milli musiqimiz ziyarətçiləri sözün əsl mənasında valeh etdi. Ölkəmizin bütün infrastrukturu, iqtisadi inkişafı, sənayesi, tarixi və mədəniyyəti, turizm potensialı Azərbaycan pavilyonunda öz əksini tapmışdı. Abid Şərifov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğundan, dünya dövlətlərinin Azərbaycana marağının artmasından söz açdı. Qonaqları Azərbaycanın tarixi, min illər boyu formalaşan mədəniyyəti, müasir iqtisadi inkişafı, neft strategiyası, müxtəlif sahələrdə əldə etdiyi uğurları əks etdirən stendlərlə tanış etdi. Pavilyonda respublikanın iqtisadi durumu, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında da çinli qonaqlara məlumat verildi. Azərbaycan pavilyonunun baş komissarının sözlərinə istinadən deyə bilərik ki, bu günə qədər ölkəmizin bir parçası olan bu məkanı artıq 3 milyona yaxın insan ziyarət edib.
   Daha sonra Türkiyənin və Gürcüstanın da pavilyonlarını gəzdik. Təbii ki, hər pavilyonda özünəməxsus yaradıcı məqamların şahidi olurduq.
   Nəhayət, “Avropa” meydanında keçirilən Azərbaycan incəsənət ustalarının baş konsert proqramı barəsində xüsusi danışmağa ehtiyac var. Axşam saat 16.00-da bütün EXPO bu meydana toplaşmışdı... Biz tamaşaçılar tərəfindən həmişə diqqət və maraqla qarşılanmağa bir növ alışmışıq. Xarici ölkələrə səfərlərimiz zamanı bunu daim müşahidə etmişik. Zatən lap əvvəldə söylədiyim məqamlara görə Şanxaydakı diqqət fərqli və daha möhtəşəm idi. Çünki burada bütün dünya sanki vəhdətdə olaraq azərbaycanlıların onlara təqdim etdiyi mədəniyyəti qəbul etməyə hazır dayanmışdı. Dünyanın etibarını doğrultmaq lazım idi.... Sərginin mədəni proqramlarının təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinin üzərində olduğundan nazir müavini Ədalət Vəliyevin, qrup rəhbərlərinin həyəcanı sonsuz idi, çox böyük bir məsuliyyət hiss edirdik. “Natıq” ritm qrupunun lap başlanğıcda kütləyə yaşatdığı coşqu bütün proqram boyu - həm Xalq artisti Təranə Muradova və Rüfət Xəlilzadə və ansamblın başqa üzvləri rəqs edərkən, həm muğam ustalarımız Təyyar Bayramov və Arzu Əliyeva Qarabağ nəğmələrini və “Sarı gəlin” həsrətini dilləndirərkən, həm kamera orkestri Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini ifa edərkən, həm Xalq artisti Azər Zeynalov və İnarə Babayevanın solo və duet partiyaları səslənərkən, rəqqaslarımızın xalqımızın döyüş ruhunu ifadə edən “Qılınclılar” “ordusu” meydana çıxarkən davam etdi. Çox maraqlı mənzərələr müşahidə olunurdu: çinlilər rəqs edir, hərəkətlərini bizimkilərə oxşatmağa çalışırdılar. Çinlilər azərbaycanlı tələbələr və orada yaşayan azərbaycanlılar kimi bizim milli bayrağımızı elə əzizləyirdilər... sanki onlar da azərbaycanlı idilər!
   
   «Natiq» ritm qrupunun çıxışı insanları ovsunlamışdı
   
   Azərbaycan Milli Gününün sonunda isə milli xörəklərimizdən ibarət böyük bir ziyafət təşkil edildi. Tahir Əmiraslanovun rəhbərlik etdiyi aşpazlar heyətinin hazırladığı milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olundu. Çin dilində “məcun” sözünün tərcüməsini bilməsəm də, çinlilərin yeməkdən sonrakı nidaları yalnız bu anlamı verirdi.
   Yenə də xüsusi vurğulanmağa layiq məqamlardan biri Nazim Tatlıyevin rəhbərliyi ilə 6 ay ərzində Şanxayda fəaliyyət göstərən qrupun işi ilə bağlıdır. Çində təhsil alan tələbələrimiz, oradakı nümayəndələrimiz və ölkəmizin Çindəki səfirliyinin əməkdaşları pavilyonumuzun tanıtdırılması naminə, Azərbaycan mədəniyyətinin, tarixinin insanlara yetərincə təbliğ edilməsi istiqamətində əllərindən gələni əsirgəməyib. Bundan əlavə, burdan gedən nümayəndə heyətini qarşılamaq, yerləşdirmək, sərginin ərazisində gəzmək, pavilyonda qonaqları qarşılamaq kimi təşkilati məsələlər də onlara həvalə olunmuşdu. Uşaqlar çin və ingilis dillərini mükəmməl bildiklərindən biz heç bir problem yaşamadıq.
   Oktyabrın 16-sı axşamı şanxaylılarla birlikdə bizi də heyrətləndirən bir məqam yaşandı. İnsanların kütləvi şəkildə meydana axışdığını görüb ora yollandıq. Gördüyümüz mənzərə bizi çox qürurlandırdı. «Natiq» ritm qrupu hotel şəhərciyinin mərkəzində öz ifası ilə tamaşaçıları sanki ovsunlamışdı. Bizimkilər «EXPO-2010»da bir ənənənin olduğunu öyrənibmiş: hər nümayəndə heyəti milli günlərini məhz belə yekunlaşdırırmış.
   Beləliklə, Azərbaycan musiqiçiləri Şanxayı heyran etdilər! İndi növbə 2015-ci ildə Milanda keçiriləcək EXPO-nundur. Sağlıq olsun!
   
   Zöhrə Əliyeva,
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi
   Bakı-Şanxay-Bakı