İkinci yazı
(Əvvəli qəzetimizin 13 oktyabr tarixli sayında)
Türkiyənin coğrafi quruluşuna və ekoloji tarazlığına nəzər salırsan, görursən, başdan-başa yamyaşıl məmləkətdir. İstər aranı olsun, istər dağı - hər tərəf ormanlıqdır, əkin-biçin yeridir, çaydır, şəhərdir, kənddir. İqtisadi çətinlik və sosial problemlər özünü göstərsə də, insanların üzündə yaşamaq-yaratmaq eşqi tükənməzdir, qəlblərdə dəniz boyda sevgi var…
Tarsus yolunda TÜRKSOY-un baş katibinin yardımçısı Firat Purtaşın söylədikləri yadıma düşür: «Türkün mədəniyyəti onun ən qədim nişanəsidir. Bu yenilməz xalq tarixən möhtəşəm şəhərlər, yaşayış məskənləri salıb, tikib, qurub, yaradıb, memarlıq inciləri yadigar qoyub. Qədim tarixə malik Tarsus şəhəri bəşər mədəniyyətinin ilkin beşiyidir. Əsrlər boyu intibahlar, sivilizasiyalar mərkəzinə çevrilib”.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TURKSOY-dakı təmsilçisi Elçin Qafarlının da söylədikləri maraq doğurmaya bilməzdi: «Qaracaoğlan böyük türk aşığı, saz-söz ustasıdır və həqiqətən ozanın doğum gününü bayrama çevirmək savabdır. Türkdilli yazarları eyni məkana cəlb eləmək, musiqi xadimlərini birgə dinləmək, kökü-soyu eyni xalqı bir növ özünə qaytarmaq deməkdir. Bu mədəni inteqrasiya həm də mədəni oyanışdır».
Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Sərhədləri Suriyayacan uzanan Tarsus mahalı həqiqətən möcüzəli torpaqdır. Söhbət təkcə bu ərazinin barından-bəhrindən, min bir nemətindən getmir. Axı bölgə həm tropik iqlimə malikdir və əksər tropik bitkilər burada bitir, münbit əkin-biçin plantasiyaları insanı heyran edir. Tarsus - əski mədəniyyətlərin qovşağıdır, həm Avropadır, həm Asiya, həm Şərqdir, həm Qərb. 10 min il yaşı olan Tarsus nələrə şahidlik etməyib. Qədim Roma imperiyası dövründə inşa etdirilən əski yaşayış məskəni dəfələrlə dağıdılıb, təbii fəlakətlər, zəlzələlər, vulkan püskürmələri də buradan yan ötməyib. Ancaq müasir Tarsus yaşayır, dünya şəhərlərinə meydan oxuyur, hər arxeoloji qazıntıdan sonra bir tarixi sirrini açır.
Yeraltı abidələr
“Beynəlxalq Qaracaoğlan Şəlalə Şeir Axşamları” festivalının təşkilatçısı Qüdrət Ünalın zabitəli səsi bütün tədbir iştirakçılarını səfərbər etdi: “Əfəndilər, Tarsusun ən qədim abidələrinin ziyarətinə çıxırıq”.
Şəhərdə dedilər ki, burada üç peyğəmbər dəfn olunub. Onların qəbirlərinə baxmaq, həmin ərazilərin ziyarətinə dalmaq hər bir səyyahın könlündən keçirdi. Ancaq bizə yalnız Daniyal peyğəmbərin məzarını göstərdilər. Bu qədim məzar-abidə şəhərin ən qədim iç məhəllələrinin birində yerləşir. Məzarın üzərində bərpa işləri getdiyindən əraziyə buraxılış məhdudlaşdırılıb. Yerli bələdiyyə inşaat işlərini tamamilə nəzarətdə saxlayıb. Layihəçilərə, tarixçi-etnoqraflara, memarlara tapşırılıb ki, məzar necə var, o görkəmini saxlamalıdır. Məzarın 3500 il yaşı göstərilir.
İkinci möcüzəli yeraltı abidə Müqəddəs Paulus (Pavel) adlanan əski su quyusudur. Bu memarlıq nümunəsinin tarixi eramızdan əvvəl V yüzilliyə gedib çıxır. Əfsanəyə görə, o zamanlar şəhər əhli içməli sudan korluq çəkərmiş. Paulus adlı bir şəxs bu problemi həll etmək üçün döşünü qabağa verir. Texniki avadanlığın olmadığı həmin dövrdə su quyusu küt alətlərlə əl üsulu ilə qazılır. Quyu tam inşa olunandan sonra camaatın istifadəsinə verilir. O vaxtdan indiyədək su quyusu müqəddəsliyini saxlayıb. Quyuya təkcə xristianlar deyil, həm də müsəlmanlar və yəhudilər saf ocaq yeri kimi baxırlar. Hətta müsəlman icması Müqəddəs Paulusu Məkkə şəhərində qaynayıb çıxan Zəm-zəm suyuna bərabər tutur, quyunun Allahın hökmü ilə insanlara pay şəklində göndərildiyi iddia edilir.
Hava olduqca istidir, ancaq bu payız səhərində quyudan çıxarılan sudan bir ovuc sifətinə vurmaq istəyirsən, adamın barmaqlarını dondurur. Həqiqətən Müqəddəs Paulus quyusu Tarsusun mədəniyyət incisi sayılmaqla bahəm, bir Tanrı möcüzəsidir. Quyuda hər vaxt su eyni həcmdə qalır, nə qədər çəkib götürsən də, azalmır ki, azalmır.
Üçüncü sirli abidə şəhərin azca kənarında - kiçik boz dağın döşündəki qayalıqda yerləşir. Ərəbcə «Əshabi-Kəf» («Mağara tərəfdaşları») adlanan bu dərin mağaranın yaşayış məskəni olması şəksizdir. «Əshabi-Kəf»in üstündəki günbəzli came sonra tikilsə də, islam tarixçiləri onu öz dövrləri ilə bağlayır, müxtəlif dini-mifoloji rəvayətlərlə əlaqələndirirlər. Əlbəttə, bir tərəfdən bu ehtimalın müəyyən mənada doğruluğuna şübhə yeri qalmasa da, digər tərəfdən sığınacağın strateji mövqeyi abidənin daha qədim etiqadlara əsaslandığını təsdiqləyir. Axı bu tipli mağaralar dünyanın bir sıra ölkələrində, o cümlədən bizim Naxçıvanda da mövcuddur. Təkallahlığa çağırışı həyatı bahalarına qoruyan «Mağara qardaşları»na təkcə müsəlman dininə mənsub olanlar deyil, başqa dindaşlar da etiqad edirlər.
Şəhərin tən ortasında böyük bir əraziyə daxil olduq. Burada müxtəlif texnika işləyir, arxeoloji qazıntı işləri aparılır. «Bura nədir, açıq muzey, yoxsa Tarsusun altındakı gizli şəhər?» - deyə Kərkük şairi Fövzi heyrətini gizlədə bilmir. Bura həqiqətən aşçıq səma altında nəhəng muzeydir və antik mədəniyyətin hansı nümunəsini istəyirsən, burada tapa bilərsən: növbənöv küplər, soyuq silahlar, məişətdə işlənən qab-qacaqlar, bəzək əşyaları, zirehlər, uşaq oyuncaqları və s.
Bələdçi aram-aram yeraltı şəhər barədə məlumat verir: “Tarsusun bütöv tarixini aşkarlamaq üçün gərək şəhəri başdan-başa ayrı bir əraziyə köçürəsən, sonra burda qazıntıya başlayasan. Çünki yaşayış məskəninin altı tarixi xəzinədir, haranı qazırsan, nəsə çıxır: qədim qala, hasar. Bu yerdə Tarsus bələdiyyə başqanı Burhanettin Koçamazın göstərişi ilə abadlıq işləri aparırdılar. Qəfildən bu boyda yeraltı sərvət üzə çıxdı. Tezliklə bütün işlər dayandırıldı, ərazi qoruq elan olundu və arxeoloqların, tarixçilərin ixtiyarına verildi: indi bu alt şəhər təkcə Türkiyəni yox, bütün dünyanı heyran qoyub. Təəssüf ki, alimlərin geniş tədqiqatları üçün imkan yoxdur, ətrafda hündür mərtəbəli binalar tikilib, küçələr, prospektlər salınıb...”.
Yerüstü abidələr və muzeylər
Əslən Qazaxıstandan olan uyğur türkü Yusup Djolaliyevlə Tarsusu gəzirik. Meydanlar, küçələr, parklar, muzeylər bizi valeh edir. Təqdirəlayiq cəhətdir ki, Türkiyədə heç kəs tarixə biganə deyil. Tarix Türkiyədə təkcə muzeylərdə deyil, insanların yaddaşlarında da yaşayır. Onlar hadisələri, faktları həvəslə övladlarına ötürür, gələcək nəsildə sevgi dolu yaddaş formalaşdırırlar.
Tarsusda bir neçə muzey var. Osmanlı Muzeyi tarix-diyarşünaslıq muzeyidir, Osmanlı imperiyasının şanlı tarixini əks etdirir. Osmanlı dövlətinin qurucusu Osman Qazi (1258-1326) olub. Yeddi əsr əvvələ gedib çıxan bu tarix böyük savaşlarla, zəfərlərlə zəngindir. Tarsusun Cümhuriyyət meydanında Osman Qazi və yüzbaşı İbrahim Hakkunun heykəlləri var.
Cümhuriyyət meydanında böyük Mustafa Kamal Atatürkün əzəmətli heykəli də ucaldılıb. Türkiyə bir Atatürkdür, Atatürk bir Türkiyə. Birinci dünya savaşı (1914-1918) dövründə bu müdrik və cəngavər sərkərdə ölkəyə soxulmaq istəyən şər qüvvələrlə amansız mücadiləyə başlayıb, təkcə bircə gəmi ilə dənizdən düşmənin onlarla zirehli hərbi gəmilərinə həmlələr edərək onları vətən torpağına buraxmayıb. Məşhur Çanaqqala döyüşlərində minlərlə əsgər və zabit həyatlarını qurban versələr də, Türkiyə Cümhuriyyətini hifz edib qorudular.
Yeri gəlmişkən, Nüsrət Mayın gəmisi haqqında. Bu gəmi uzun müddət işbazların əlində oyuncağa çevrilmiş, sanlı tarixin ən böyük yadigarına bəslənən bu etinasızlıq xalq arasında haqlı hiddət doğurmuşdu. «Nüsrət» isə get-gedə köhnəlir, dəmirləri əyilir, taxtaları çürüyürdü. Nəhayət, Tarsusda göz dağına çevrilən bu canlı tarixi abidəyə münasibət dəyişdi. 2003-cü ildə bələdiyyə başqanı Bürhanettin Koçamazın təşəbbüsü sayəsində «Nüsrət» işbazların əlindən satın alındı. Dəfələrlə batmış və ikiyə bölünmüş tarixi gəmi təmirə verildi. İndi türkün şərəf tarixinin bir parçası kimi muzeyə çevrilib.
Şəhər heykəllərlə, tarixi abidələrlə zəngindir. Kim bu bölgədə yaşayıbsa, zərrə qədər xalqın hafizəsində iz buraxıbsa, müasir Tarsusda bəhrəsini görür, əməlləri müqabilində adı əbədiləşdirib. Şəhərdə klassik şair və ozanların, mütəfəkkir filosofların - Nizaminin, Yunis Əmrənin, Cəlaləddin Ruminin, Nəsiminin, Nəvainin, Füzulinin, Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Mehmet Akif Ersoyun misra və beytlərinə hər yerdə rast gəlirsən. Bu dəniz boyda sevgi təkcə klassik irsə deyil, eyni zamanda indiyə yönəlib.
Tarsusda Şah İsmayıl Xətai parkı salınıb. Tarsus bələdiyyəsi Bakının Xətai rayonunun bələdiyyəsi ilə dostluq əlaqələri saxlayır və bu təzə-təravətli park dostluğun rəmzidir. Vaxtilə Avropa türk düşməni dairələri Osmanlı sultanı Səlim Yavuzu Çaldıranda Şah İsmayılla müharibəyə təhrik etdilər, bir qardaş digər qardaşı qana boyadı. İndi bu acı tarix keçmişdə qalıb, türkün türklə qardaşlığı isə əbədi yaşayır.
Ağacəfər Həsənli