Hər yaşdan olan insanların axınına qoşulub biz də içəri keçirik. Zala daxil olan hər kəs dərhal yerini tutmağa çalışır. Rəngli işıq saçan çubuqlar, qırmızı kloun burunları bu böyük zalda başqa bir ab-hava yaradıb.
Uşaqların həyəcanı və nağıl dünyalarının intizarı zaman daraldıqca daha qabarıq sezilir...
Zala çökən sakitlik və qəfil musiqinin səslənməsi tamaşanın başlanmasından xəbər verir. “Bakı Dövlət Sirkinə xoş gəlmisiniz!” kəlməsi ilə ekzotik “Rəqs edən begemotlar” proqramı başlayır.
Novruz ərəfəsində Bakı Dövlət Sirkində Rusiyadan dəvət olunmuş “Rəqs edən begemotlar” adlı proqramın çıxışları martın 11-dən başlayıb. Hər tamaşası anşlaqla keçən proqram Novruz bayramı və yaz tətili günlərində uşaqların istirahətini yaddaqalan edəcək.
Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə begemotlarla nömrəni xüsusi qeyd edərək proqramın özəllikləri haqda məlumat verdi: “Nömrələrin hər birinin fərqli xüsusiyyətləri var. Rusiyanın və Azərbaycanın Xalq artisti Tofiq Axundov proqramın rəhbəridir. Rusiya Dövlət Sirk Kompaniyasının artistləri maraqlı və qeyri-adi nömrələrlə iştirak edirlər. Proqramda zəif nömrə yoxdur. Tofiq Axundovun 2 fərqli nömrəsi var: meymunlarla və begemotlarla. Onun begemotlarla olan nömrəsini xüsusilə qeyd etmək istərdim. Begemot çətin əhliləşdirilən heyvandır. Onun təlimi çox çətindir. Lakin Tofiq Axundov bunu bacaran nadir sirk artistlərindəndir. O, bu nömrəni təxminən 2-3 ilə hazırlayıb və Bakıda ilk dəfə olaraq proqram çərçivəsində “Rəqs edən begemotlar” iştirak edir.
Bildiyimiz kimi, Bakı Dövlət Sirki Şərqdə yeganə stasionar sirkdir. Dünyanın bir çox sirk ustaları burda çıxış etmək istəyir. Bizim isə baxıb, seçim etmə imkanımız var. Ona görə də tələbə uyğun olaraq, yəni hansı nömrə uzun müddətdir Bakıda yoxdur və ya tamaşaçının daha çox nəyə marağı ola bilər prizmasından seçim aparırıq. Çalışırıq ki, hər proqramımızda bir nəfər də olsa azərbaycanlı sirk artisti iştirak etsin”.
Sirk incəsənətin sintetik və çətin növlərindən biridir. Bir nömrəni hazırlamağa bəzən illər lazım olur. Heyvanları əhliləşdirmək və ya hər hansı qəliz akrobatik nömrəni hazırlamaq zəhmət və səbr tələb edir. Sirk artisti hər gün məşq etməlidir. Onun həyatı da daim qastrollarda, səfərlərdə keçir. Proqramda rəhbəri olduğu akrobatlar qrupu ilə 3 müxtəlif nömrədə çıxış edən Rusiyanın Əməkdar artisti Boris Kim elementlərin çətinliyi haqda danışdı: “28 ildir ki, sirkdəyəm. Yaradıcılıqla məşğul olan insan heç vaxt sakitləşmir. Nə yaratsa, nə etsə də daha mükəmmələ can atır. İlk olaraq həndəsi kublar ağlıma gəldi. Bu, sirk artisti Aleksandr Tkaç tərəfindən icad edilib. Lakin o, solist olaraq çıxış edirdi. Mən isə qrup yaratmaq ideyasını irəli sürdüm və nömrəyə qrupun edə biləcəyi elementlər əlavə etdim. İkinci nömrəmiz “qeyri-adi sütun” (“xodulya”) isə təsadüfün məhsuludur. Almaniyada qastrolda idim, parkda bir oğlan ayaqlarına keçirdiyi qurğuyla sadəcə eksperiment olaraq bunu etməyə çalışırdı. Dərhal ağlıma gəldi ki, nəyə görə bunu sirkdə etməyim? Və bunu bəzəyib əsl sirk sənəti incisinə çevirməyə çalışdım. Üçüncü nömrəmiz “dor ağacı”dır. Bu nömrə ilə dünyanın əksər ölkələrində qastrolda olmuşam. Çətin akrobatik elementlərlə zəngindir”.
Rusiyalı sirk ustası Bakıya ilk dəfə gəldiyini və şəhərin gözəlliyinə heyran olduğunu dedi: “Eşitmişəm ki, Bakı həmişə beynəlmiləl, qonaqpərvər şəhər olub və buraya gəldiyimdə bunun şahidi oldum. İnsanlarınız çox mehribandır”.
“Sirk” deyilən zaman ağla ilk gələn, təbii ki, kloundur və sirki klounsuz təsəvvür etmək mümkünsüzdür. Nömrələr arası uşaqlara gülüş bəxş edən, onları əyləndirən kloun Maksim Çerevko “Rəqs edən begemotlar” proqramında həm də itlərin və safsarların təlimçisi kimi çıxış edir:
“Proqramda həm kloun, həm də təlimçi kimi çıxış edirəm. Təbii ki, ikisini bir araya gətirmək çətindir. Lakin sənətimi çox sevirəm. Bakıya ilk qastrolumdur. Tamaşaya çoxlu insanların gəlməsi məni sevindirir. Tamaşaçının gülüşü bizi daha da ruhlandırır. Burada işləmək də asandır. Çünki zalın dolu olması artist üçün həm məsuliyyətli, həm də sevindirici haldır. Ən əsası odur ki, tamaşaçılar istənilən zarafatı qəbul edir və uşaqlar da məmnun qalırlar. Şəhəriniz özünəməxsusdur. Köhnə və yeni şəhərin vəhdəti məni valeh etdi”.
Proqramın rəhbəri, Azərbaycanın və Rusiyanın Xalq artisti Tofiq Axundov doğma şəhərinə yenidən vurulduğunu dedi: “1984-cü ildən bu yana ilk dəfədir ki, Bakıdayam. Şəhər çox gözəlləşib. Amma bir az milli yeməklərimizin dadı dəyişib (zarafatla gileylənir). Yəqin, qərbin “fast food”u milli mətbəxə təsir edib. Mən bütün qitələrdə olmuşam, ən məşhur şəhərləri gəzmişəm, lakin Bakını görəndə yaxşı mənada təəccübləndim. Bura çoxdan gəlmək istəyirdim. Bilirsiniz ki, sirk artistinin həyatı ancaq qastrollarda keçir. Nəhayət, doğma şəhərimdəyəm”.
Tofiq Axundov “Rəqs edən begemotlar” sirk nömrəsinin uzun illərin əməyi sayəsində ərsəyə gəldiyini dedi: “Bu heyvanlarla neçə illərdir işləyirəm və indiyə qədər 13 begemot əhliləşdirmişəm. İndi 3 begemotum var. Azömürlü və çətin əhliləşən olmalarına baxmayaraq heyvanın qabiliyyətindən də çox şey asılıdır. Bəzən bir il və ya il yarım işləyib heç bir nəticə almamaq da olur. Lakin intensiv məşqlər nəticəsində onları əhliləşdirmək mümkün oldu. Bu begemotlar İsraildə doğulub. Çox vəhşi idilər. Bu gün isə sizin qarşınızda rəqs etməyi belə bacarırlar. İkinci nömrəm meymunların attraksionudur. Bütün Rusiya sirkində meymunlarla maksimum 10 nömrə var. Mənim nömrəmin özəlliyi ondadır ki, tullanma lövhəciklərindən istifadə edirəm. Meymunlarla bunu heç kim etməyib. Həmçinin bir tryukda bir neçə meymunun iştirakı da özəllikdir”.
Bundan başqa, proqramda “plastik etüd”, “hava gimnastı”, “trapesiya”, “velofiquristlər”, “güc jonqlyoru” və s. nömrələr çətin və diqqətçəkən elementlərlə yadda qalır. “Velofiquristlər” nömrəsində (Provatorovlar) velosiped üzərində edilən tryuklar dinamikasına və ən əsası sirk nömrəsi üçün vacib olan teatrallığına görə fərqlənir. “Hava gimnastı” (“Vertuşka”) isə balacalara əsl nağıl yaşadacaq qədər maraqlıdır. Uçuşu xatırladan və həyəcanlı məqamların olduğu bu nömrəni zalda hər kəs böyük maraqla seyr edirdi. “Jonqlyorlar” (Derqaçevlər) və “Təkərlərlə nömrə” (Yasenko) də tamaşaçıların alqışları ilə qarşılandı.
Ümumiyyətlə, sirkdə hər janrın öz gözəlliyi və çətinliyi var. Buna görə də nömrələri “yaxşı” və ya “pis” kateqoriyasına ayırmaq düzgün deyil. Proqramın tərkibində 40-a yaxın sirk artisti iştirak edir. Məlumat üçün bildirək ki, adətən proqramlarda 25-30 artist çıxış edir. 2 saat 20 dəqiqə davam edən “Rəqs edən begemotlar” proqramının martın sonuna kimi davam etməsi nəzərdə tutulub.
Tamaşalar həftənin cümə, şənbə, bazar günləri, məktəblilərin yaz tətili günlərində isə hər gün nümayiş olunacaq.
Yaxşı vaxt keçirmək, uşaqların istirahətini daha mənalı və yaddaqalan etmək istəyirsinizsə, siz də yolunuzu Bakı Dövlət Sirkindən salın.
Reyhan İsayeva