Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoydu. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirildi. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan bəzədilmişdi. 
   
   Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar prezidentə və xanımına bayram xonçası təqdim etdilər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
   Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlət başçısı bayram şənliyində nitq söylədi. Azərbaycan xalqını bayram münasibətilə təbrik edən prezident Novruzun xalqımızın sevimli bayramı olduğunu, əsrlər boyu Azərbaycan xalqının bu bayramı qeyd etdiyini, öz qəlbində yaşatdığını vurğuladı: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramını çox geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə sadiqdir. Bu gün Azərbaycan sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır”.
   Prezident bir məqamı xüsusi qeyd etdi ki, Azərbaycan rəhbərliyi dövlət quruculuğunda ilk növbədə xalqımızın milli dəyərlərinə arxalanır: “Əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üçün bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Biz müasir dövlət quruculuğunda ilk növbədə milli dəyərlərimizə arxalanırıq. Bu dəyərlər bizim üçün ən vacib dəyərlərdir. Təbii ki, biz ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə hörmətlə yanaşırıq, ancaq bizim üçün əsas dəyərlər Azərbaycan dəyərləridir. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda böyüsün, tərbiyə alsın, vətənpərvər olsun, Vətənə ləyaqətlə xidmət etsin, peşəkar, bilikli, savadlı olsun”.
   Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəldilər. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılandı. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.
   Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunurdu. İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirirdilər. Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular, gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər. Prezident bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.