Latın qrafikalı kitablar oxucuların sayını artırıb
   
   Son illər arzuladığımız kitabları əldə etməkdə elə də çətinlik çəkmirik. Çünki kitab mağazalarında nəşrlər indi daha bol və çoxçeşidlidir. Belə mağazalardan biri də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Kitab evi»dir.
   
   Bu kitab mağazası 2001-ci ildə Azərbaycanda və xaricdə istehsal olunmuş kitabların yayımı məqsədilə yaradılıb. “Kitab evi”nin satış üzrə meneceri Mehdi Əliyarov bizimlə söhbətində bildirdi ki, buradan istənilən sahəyə dair ədəbiyyatı əldə etmək olar: “Bədii, elmi, hüquq, uşaq ədəbiyyatı, dünya klassiklərinin kitablarını mağazada əldə etmək mümkündür”.
   Kitabların çeşidində də oxucu tələbatı nəzərə alınır: “Nəşriyyatlar və müəlliflərlə əlaqə saxlayıb, oxucuların sifarişlərini çatdırırıq. Hər kitabı bura yığmağın mənası yoxdur. Tələbatı öyrənib, buna görə addım atırıq. Yeni nəşrlər arasında seçim edib, daha çox oxunanı götürürük. Bəzən olur ki, gənc müəllifin əsərlərinin çox dəyərli olduğunu görüb, təbliğ edirik. Təqdimatlar da keçiririk. Bu kitabın yayımına yardım üçün bir addımdır».
   
   Müəlliflər üçün sınaq dövrü
   
   «Kitab evi»ndə hər bir kitabın satışı təxminən bir aylıq sınaq dövründən sonda kütləvilik qazanır. Əgər bu müddətdə müəllifin təqdim etdiyi kitaba oxucu marağı varsa, həmin kitabın satışı davam etdirilir. Əks halda satış dayandırılır. M.Əliyarov bildirdi ki, mağazada bəzən heç tanınmamış müəllifin əsəri məşhur müəllifin əsərini qabaqlayır.
   «Kitab evi»ndə olduğumuz müddətdə onun da şahidi olduq ki, buraya gələn oxucuları daha çox klassiklər maraqlandırır. M.Əliyarovun sözlərinə görə, bu kitablara daha çox tələbələr maraq göstərir: “Klassiklərin əsərlərinin son illər daha çox oxunmasına səbəb olan amillərdən biri də kitabların latın qrafikası ilə yenidən nəşridir. Gənc oxucular bu kitabları həvəslə alırlar. Dünya ədəbiyyatından F.Dostoyevski, T.Drayzer, L.Tolstoyun kitablarına böyük tələbat var. Bu əsərlərin həm Azərbaycan, həm də rus və ingilis dillərində nəşrləri alınır”.
   Əcnəbi alıcıları isə kitab mağazasında az-az görmək olar. Buna səbəb isə internetdir. Əcnəbilər Azərbaycana aid kitab və ya broşürü almaq əvəzinə internetə daxil olaraq, qısa vaxt ərzində özlərinə lazım olan informasiya əldə edirlər.
   «Kitab evi» II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına da hazırlaşır: “Sərgi-yarmarka kitab mağazaları üçün də çox önəmlidir. Sərgi zamanı tanımadığımız nəşriyyatlarla tanış oluruq. Bu yarmarkaların əsas vəzifəsi kitab yayımının səviyyəsini, oxucuların isə sayını artırmaqdır. Yarmarkadan sonra oxucuların sayında artım hiss olunur. Kitab reklamı həmişə oxucuları cəlb edir. Bizim əsas məqsədimiz isə səviyyəli kitablarla sərgi-yarmarkada təmsil olunmaqdır”.
   
   Balacaların sevdiyi məkan
   
   Böyüklərlə yanaşı, uşaqların da kitab dünyası maraq doğurur. Bu maraqla M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi kitab mağazasına baş çəkdik. Kitab mağazası 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Ölkəmizdə ilk belə layihə olan bu kitab mağazasında Azərbaycan dilində olan nəşrlərlə yanaşı, rus, ingilis, alman və fransız dillərində olan kitablar da var. Burada uşaqlar müxtəlif çeşiddə nəşrlər - nağıllar, məntiqi oyun kitabları və s. ala bilərlər.
   Mağazanın şöbə müdiri Şəfa Məmmədova bildirdi ki, azyaşlılar Azərbaycan ədəbiyyatından «Tıq-tıq xanım», «Göyçək Fatimə», «Məlikməmməd», «Cırtdan», «Qu quşunun nağılı», əcnəbi yazarların kitablarından «Karlson» və «Piter Pen»i daha çox alırlar. Kitablar əlvan rəngləri və maraqlı illüstrasiyaları ilə diqqəti cəlb edir. “Uşaqların maraq dünyası” bölməsində internet, futbol və s. məlumatların yer aldığı kitablar da satılır. Müxtəlif dilləri öyrənmək üçün isə lüğətləri burada əldə etmək olar.
   
   Gülər Nizamiqızı