Azərbaycan-Türkiyə qardaşlığına yeni ilmələr qazandıran “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” gözəl anlarla yadda qaldı
   
   Fevralın 3-4-də Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçirildi. Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak etdi. Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tədqiqatçı alimlər, ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları daxil idi.
   
   Fevralın 3-də “Elazığ-Bakı mədəniyyət və sənət görüşləri” çərçivəsində Elazığ şəhərində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidənin təntənəli açılışı oldu.
   
   Tarix heç nəyi unutmur

   
   Torpağı, vətəni uğrunda ölənləri isə heç unutmur. Çox uzun illərdən sonra tarix dönüb geriyə baxdı, 1918-ci ildə Bakının azad edilməsində şəhid olmuş iki elazığlı əsgərin şərəfinə abidə ucaldıldı. Bununla da bütün şəhidlərimizin ruhu bir daha şad oldu və yeni bir tarix başlandı...
   Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidənin təntənəli açılış mərasimində Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə başqanı Süleyman Salmanoğlu, Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərvət Kabaklı, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Dəliöməroğlu, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli çıxış etdilər. Natiqlər Azərbaycan-Türkiyə qardaşlığından, mədəni əlaqələrdən söz açdılar, tarixin çətin və sevincli anlarında bir-birinə dayaq olmağı bacaran qardaş ölkələr arasındakı münasibətlərdən danışdılar. Qeyd olundu ki, bu abidə həm də Dağlıq Qarabağda, Xocalıda, bütövlükdə bütün türk dünyasında şəhid olmuş insanların xatirəsinə ucaldılıb.
   Xalq yazıçısı Anar çıxışında bildirdi ki, bu iki qardaş ölkə tarixin ən çətin və ən sevincli anlarında bir yerdə olub, bundan sonra da belə olacaq. Akademik Milli Dram Teatrın aktrisası, Əməkdar artist Məsmə Allahverdiyevanın çıxışı iştirakçıların göz yaşlarına səbəb oldu.
   
   “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi”
   
   Həmin gün Fırat Universitetinin Fırat TV Toplantı salonunda “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” kitabının təqdimatı oldu. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Veysəl Karacanın aparıcılığı ilə keçən təqdimatda filoloq Asif Rüstəmli Cəfər Cabbarlının həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi.
   Fırat Universitetinin müəllimi, kitabı türk dilinə tərcümə edən Süleyman Kaan Yalçın böyük ədib Cəfər Cabbarlının ömür yolu və zəngin yaradıcılığından söz açdı. Dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova kitabın çap olunmasında əməyi olan M.Şenel Bulut, Əhməd Buran və Süleyman Kaan Yalçına “Cəfər Cabbarlı mükafatı”nı təqdim etdi.
   Tədbirdə Azərbaycanda çap olunan və 42 şairin həyatından və yaradıcılığından bəhs edən “Elazığ çələngi” kitabının da yaddaqalan təqdimatı oldu. Kitabın ilk təqdimatı 2010-cu il sentyabrın 15-də Bakıda keçirilib.
   
   “Türk dünyasında ilin ədəbiyyat adamı”
   
   Fevralın 3-də Elazığ şəhərindəki Bələdiyyə Mədəniyyət Mərkəzində Azərbaycan və türk dilinin, mədəniyyətinin, ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara Fırat Universitetinin “Fəxri doktoru diplomu” təqdim olundu. Təqdimatdan əvvəl yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Anarın həyat hekayəsi” adlı film nümayiş olundu.
   Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl Azərbaycan və türk dünyasının görkəmli ədibi Anara fəxri doktor diplomunu təqdim etməkdən qürur duyduğunu bildirdi. “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” seçilən Anar ona sevinc dolu anlar yaşatdıqlarına görə hər kəsə öz təşəkkürünü bildirdi. İki qardaş ölkənin - Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.
   Təqdimat mərasimində Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə başqanı Süleyman Salmanoğlu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli və başqaları çıxış edərək yazıçını bu yüksək mükafat münasibətilə təbrik etdilər.
   Mərasimin sonunda Türkiyənin ünlü sənətçilərindən olan saz, söz ifaçısı Əsat Kabaklının iştirakı ilə konsert proqramı oldu.    

   Almas İldırıma sonsuz sayğı
   
   İllər keçsə də, bu məkanda - Elazığda Almas İldırıma sayğı heç azalmadı, əksinə, qardaş ölkədə istiqlal şairimizə sevgi günbəgün böyüməkdədir. Fevralın 4-də Sivricə “Müəllim evi”ndə keçirilən “Almas İldırıma sayğı” gecəsi bunu bir daha təsdiq etdi. Tədbirdə Almas İldırımın oğlu Azər Almas, şair Vaqif Bəhmənli, Əjdər Ol, yazıçı Mövlud Ulutəkin Yılmaz və başqaları Almas İldırım yaradıcılığından söz açdılar, ona həsr etdikləri şeirlərini oxudular. Əməkdar artist Məsmə Ağaverdiyeva və “muğam üçlüyü” uğurlu konsert proqramı ilə çıxış etdilər.
   
   “Füzuliyə xatirə gecəsi”
   
   Həmin gün “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində “Füzuliyə xatirə gecəsi” keçirildi. Gecədə Azərbaycan və Türkiyə sənətçiləri bir səhnəni bölüşdülər. Muğam üçlüyünün (tar - Sahib Paşazadə, kamança - Toğrul Əsədullayev, xanəndə - Almaz Orucova), nağarada Emin Cəbrayılovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Türk sənətçiləri - Həsən Öztürk, Paşa Dəmirbağ, Mehmet Özbek, Zülfi Dəmirdaş, Mustafa Döner, Dəniz İldırım və başqalarının ifası dinlənildi.
   Sonda görüş iştirakçılarına Elazığ valisi adından xatirə diplomları təqdim olundu.
   * * *
   “Elazığ-Bakı mədəniyyət və sənət görüşü”nün zəngin təəssüratını qəzetimizin növbəti sayında oxucularla bölüşəcəyik.
   
   Təranə Vahid
   Bakı-Elazığ-Bakı