“Oxucuların kitaba, mütaliəyə marağının azalması kitabxanaçıların məsuliyyətini artırır”
Bakıda yerləşən kitabxanalar sırasında Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası (keçmiş Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana) keçirdiyi tədbirlərin rəngarəngliyi, maraqlı layihələri ilə diqqəti çəkir. Zəngin fondu olan kitabxanada hər kəs onu maraqlandıran nəşri əldə edə bilir. Kitabxananın əməkdaşları da hər bir oxucu marağına diqqətlə yanaşaraq lazımi köməyi göstərirlər. Oxucu üçün də ən vacib olanı budur.
Kitabxana 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində yaradılıb. Ötən dövrdə özünəməxsus inkişaf yolu keçərək yaxşı ənənələrini qoruyub saxlaya bilib. Kitabın, mütaliənin təbliği, savadsızlığı aradan qaldırmaq məqsədilə yaradılan səyyar kitabxana fabrik, zavodlara kitab apararaq zəhmətkeşlərə paylayarmış.
Bu gün kitabxanada məlumatın toplanması və oxuculara çatdırılmasında yeni texnologiyalardan istifadə olunur.
Direktor Nüşabə Ələkbərovanın sözlərinə görə, uşaq və gənclər öz vaxtlarının bir qismini bu kitabxanada keçirir, dərslərə hazırlaşır, mütaliə edirlər. Kitabxana əməkdaşları da gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif tədbirlər işləyib hazırlayırlar. Bu xidmət həm də oxucuların mənəvi-psixoloji durumunun yaxşılaşdırılmasına yardımçı olur. Kitabxana direktoru bildirdi ki, kitabxanaçılar oxucuların əhvalına, istəyinə uyğun kitab tövsiyə edirlər. Bu işi isə kitablar haqqında ətraflı məlumatı olan kitabxanaçılar görürlər.
Kitabxana 6 şöbədən ibarətdir: oxuculara xidmət (abonement və oxu zalı), kitabişləmə və komplektləşdirmə, metodika və biblioqrafiya, elektron-informasiya, kütləvi tədbirlərin təşkili şöbələri.
Kütləvi tədbirlərin təşkili şöbəsi kitab fondlarının oxucular üçün daha geniş şəkildə açılmasına, günün ən zəruri mövzuları üzrə ədəbiyyatın məhz kitab sərgiləri, biblioqrafik icmallar, mülahizələr, ədəbi-bədii gecələr, anım günləri və digər kütləvi tədbirlər vasitəsilə təbliğini həyata keçirir.
Oxuculara xidmət şöbəsinin (Azərbaycan və rus abonementi) fondunda bədii və elmi ədəbiyyat, müxtəlif dərs vəsaitləri əldə etmək olar. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir. Kitabxana əməkdaşlarının bildirdiyinə görə, respublikada «Açıq rəf» üsulu ilk dəfə burada tətbiq edilib.
Kitablar oxuculara 15 gün müddətində istifadə etmək üçün verilir. Kitabların vaxtında qaytarılmasına xüsusi nəzarət var. Şöbənin fondu cırılmış və səliqəsiz halda olan, o cümlədən məzmun etibarilə köhnəlmiş ədəbiyyatdan mütəmadi olaraq təmizlənir. Həmçinin şöbə oxucuların tələbatını daha dərindən öyrənmək üçün sorğu-anketlər hazırlayır. Bu anketlər vasitəsilə oxucuların hansı kitablara daha çox maraq göstərdikləri bəlli olur.
Kitabişləmə və komplektləşdirmə şöbəsi yeni daxil olmuş ədəbiyyatın uçotunu aparır, fondların tərkibinin öyrənilməsini və yeni kitabların işlədilməsini həyata keçirir. 2011-ci ildən fəaliyyətə başlayan elektron-informasiya xidməti və biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əsas işi informasiya texnologiyalarının kitabxanalarda tətbiqinə, elektron kataloqun, elektron kitabxananın yaradılması, oxucuların informasiya tələbatını daha dolğun şəkildə ödəməkdən ibarətdir. MKS-in fondunda olan ədəbiyyatın biblioqrafik göstəricilərinin elektron kataloqu hazırlanır. Şöbə həmçinin MKS-in saytına yeni materiallar, keçirilən tədbirlər haqqında informasiyalar yerləşdirir.
Hər bir kitabxananın fəaliyyətinin forma və metodlarını metodiki şöbə tənzimləyir. Şöbənin əməkdaşları ayda bir dəfədən az olmayaraq MKS-in kitabxanalarına ezam olunurlar. Nöqsanlar və işdə buraxılan səhvlər yerindəcə araşdırılır, işçilərə lazımi tövsiyələr verilir.
Oxu zalının fondunda bütün bunlarla yanaşı kitabxanaya bir nüsxədə daxil olan ədəbiyyat toplanır ki, bu da ona kitabxanadakı ən zəruri ədəbiyyatın mühafizəsinə kömək edir. Oxu zalından müxtəlif sahələrdə çalışan insanlar, tələbələr, məktəblilər, təqaüdçülər istifadə edirlər.
Direktor N.Ələkbərova: «Kitab fondumuz 190 min nüsxəyə yaxındır. Oxucular bizim kitabxanada heç vaxt kitab baxımından korluq çəkə bilməzlər. Oxucu marağı müxtəlifdir. Klassik ədəbiyyat tədris proqramlarına daxil olduğundan bu kitablara maraq daha böyükdür. Lakin müasir ədəbiyyata həvəsi olan oxucular da çoxdur. Həmçinin qəzet-jurnal oxumağa gələn oxucular da çox olur. Mətbuatla oxucuları mütəmadi olaraq tanış etməyə çalışırıq».
Kitabxana direktoru bildirdi ki, oxucunun sayı mövsümdən asılıdır. Tətil günlərində oxucular az olur. Bu isə oxucuların böyük əksəriyyətinin məktəbli və tələbələrdən ibarət olması ilə bağlıdır: «İmtahana yaxın günlərdə oxucularımız çox olur. Bütün kitabxanalarda yay mövsümündə oxucu az olur. Bu, tətil günlərində əksəriyyətin istirahətdə olması ilə bağlıdır. Ümumi götürəndə isə oxucumuz çox olur. Bunun bir çox səbəbi var. Əsas odur ki, şəhərin mərkəzində yerləşirik».
2009-cu ildən kitabxananın saytının və kataloqunun fəaliyyətə başladığını deyən N.Ələkbərova kitabxanaya daxil olan yeni kitabların müntəzəm olaraq elektron kataloqa yerləşdirildiyini bildirdi. Oxucular kitabxanaya gəlməsələr də, kitabxanada olan kitablar, qəzet-jurnallar haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin də yeni kitablar haqqında tez-tez saytda məlumatlar, fonddakı kitablar tövsiyə edilir.
Kitabxana direktoru kitabxananın əsaslı təmir olunduğunu, iş və texniki təchizat şəraitinin də yaxşı olduğunu vurğuladı.
Son dövrlər kitablara, mütaliəyə marağın azalması probleminə də toxunun N.Ələkbərova bildirdi ki, bu problem bütün dünyada yaşanır: “İnsanlar daha çox internetə vaxt sərf edirlər. Bu isə kitabxanaların məsuliyyətini artırır. Dövlət tərəfindən kitabxana işinin yaxşılaşdırılması, bu sahədə problemlərin aradan qaldırılması üçün çox işlər görülür. Latın qrafikası ilə kitabların nəşrindən sonra, demək olar ki, bizim bütün fondumuz təzələndi. Oxuculara artıq köhnə deyil, yeni nəşr olunmuş kitabları təqdim edirik. Kitabxanaçıların borcu odur ki, oxucularda kitaba marağı artırsın”.
Gülər Nizamiqızı