Odlar arasında novruzgülü
   
   Zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınmışdır. Ölkəmizin ərazisində yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapmışdır. Belə unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli (Məhəmmədi) kəndində yerləşən «Yanar dağ»dır.
   
   Azərbaycan Prezidentinin 2007-ci il 2 may tarixli sərəncamı ilə «Yanar dağ» abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə ərazi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli qərarı ilə "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib, qoruq haqqında Əsasnamə təsdiq edilib.
   “Yanar dağ” ilin bütün fəsillərində turistlərin, paytaxtımızın tarixi-mədəni məkanları ilə tanış olmaq istəyən qonaqların diqqətini cəlb edib. Mən də qışın bu oğlan çağında havanın nisbətən əlverişli olmasından istifadə edib üz tuturam “Yanar dağ” qoruğuna. Metronun “Koroğlu” stansiyasından çıxıb, Bakının Məhəmmədi kəndinə gedən 217 saylı marşrut avtobusunu bir xeyli gözləyirəm. Üzərində “Yanar dağ” yazılan avtobus, nəhayət, dayanacağa yaxınlaşır və Məmmədli kəndinə yollanırıq. Bu kəndin adı el dilində həmişə “Məhəmmədi” kimi səslənib, tarixi sənədlərin əksəriyyətində də belə yazılıb. Amma ötən əsrin ortalarından hansısa dəftərxana məmurunun səhvi ucbatından bu kənd sənədlərə “Məmmədli” kimi düşüb və elə o vaxtdan da qalıb bu iki adın arasında.
   
   Qoruq tarixi mənbələrdə
   
   Gələk mətləbə. Nadir təbiət hadisəsi olan “Yanar dağ” kəndin qərb hissəsində, Bakıdan 27 km məsafədə, Məhəmmədi-Digah şose yolunun solunda yerləşir. Bir vaxtlar insanların möcüzə kimi qarşıladığı “Yanar dağ”, indiki elm səviyyəsindən baxdıqda, yerin dərinliklərindən çıxan qazın yanmasıdır. Bu qazlar vulkanik-tektonik proseslərin nəticəsində yaranır və çatlar vasitəsilə üzə çıxır. Ancaq tarixdən gələn möcüzəlilik informasiya və elm əsrində də öz gücünü qoruyub saxlayır. Erkən orta əsr mənbələrində, Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilə bağlı maraqlı məlumatlar verilmiş ərazi “Atəş-i Baquan” adlandırılıb. Ərazidə “əbədi od”ların olması ilə bağlı məlumat verən ilk tarixi mənbələrdən biri bizanslı Paniyli Priskin yazılarıdır. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyasının Bakısını təsvir edərkən sualtı qayadan qalxan oddan söz açır: “Kaspi dənizi sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsunkar görünərək, ətrafı, sahildə yerləşən torpaqları öz nuruna qərq edir”.
   
   Qoruğun bu günü
   
   “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayevlə ölkə Prezidentinin müvafiq sərəncamından sonra görülən işlər barədə danışdıq. Direktor bildirdi ki, Prezidentin sərəncamından sonra qoruğun ərazisi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dəqiqləşdirilib və təsdiqlənib. Qoruq ərazisində həm fiziki, həm də hüquqi şəxslərin mülkiyyətləri qeydiyyata alınıb, sənədlər toplanılıb Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib: “Eyni zamanda, bir sıra təşkilati işlər görülüb. Qoruğun “Yanar dağ” yerləşən ərazisi qismən hasara alınıb, əraziyə asfalt örtüyü çəkilib, müəyyən abadlıq işləri aparılıb, gül-çiçək kolları əkilib. Turistlərin qoruğun yuxarı hissəsinə qalxmaları üçün pilləkənlər düzəldilib. Bundan əlavə, qoruğun saytı yaradılıb və mütəmadi olaraq saytda gedən məlumatları yeniləyirik. Qoruq bütün turist marşrutlarına daxil edilib, məktəblərdə isə təbliğat işləri aparılır. Dünyanın bir çox televiziyaları - Yaponiya, Rusiya, Belçika, Türkiyə telekanalları qoruq haqqında çox geniş reportajlar hazırlayıb. Məqsədimiz qoruğu dünyada tanıtmaqdır. “Yanar dağ”ın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi sahəsində də müəyyən addımlar atılır. Müvafiq sənədləri, tarixi materialları toplayıb UNESCO-ya təqdim etmək üçün hazırlamışıq”.
   Direktorun sözlərinə görə, qoruqda müəyyən problemlər də qalmaqdadır: “Qoruğun mülkiyyət məsələsi həll olunmadığı üçün inzibati bina kənd bələdiyyəsində yerləşir. Bundan əlavə, qoruğun ərazisində hər hansı bir yeniliklər etmək, abadlıq işləri aparmaq da müəyyən çətinlər törədir. Yəqin ki, bu məsələlər həll edildikdən sonra qoruq öz yeni siması ilə turistlərdə daha böyük maraq yarada biləcək, turistlərə müəyyən əlavə xidmətlər də göstərmək mümkün olacaq”. 

   Turistlərin marağı
   
   Qoruğun ərazisi yalnız “Yanar dağ”dan ibarət deyil. Buraya Əli daşı piri, Qirməki palçıq vulkanı vadisi, “Qurd yuvası” təbii mağarası və VII əsrə aid olan köhnə qəbiristanlıq daxildir. Qirməki vulkanı Abşeron ərazisi üçün xarakterik olan palçıq vulkanlarından biridir. “Yanar dağ” qoruğundakı bu vulkan həm də müalicəvi xüsusiyyətləri ilə seçilir. Onun maye kütləsindən yerli əhali bu günə qədər müxtəlif dermatoloji xəstəliklərdə istifadə edir. Vulkandan hasil olan palçıq kosmetoloji vasitə kimi əvəzsizdir. Qirməki vadisində geoloji proseslər açıq şəkildə getdiyi üçün ərazi neft kəşfiyyatı ilə məşğul olan alimləri də çox maraqlandırır. Onlar burada mütəmadi olaraq tələbələrə təcrübələr keçirlər. Xarici dövlətlərin neft şirkətlərinin əməkdaşları da qoruqda tez-tez olurlar. Ümumilikdə isə, “Yanar dağ” Azərbaycan tarixinin tədqiqi üçün maraqlı bir obyektdir.
   
   Xaricdən ekstrasenslər enerji almaq üçün buraya gəlirlər
   
   Qoruğun direktor müavini Hamil Cabbarov “Yanar dağ”ın dünyanın dörd bir yanından gələn turistlərdə müxtəlif assosiasiyalar yaratdığını deyir: “Neft və qaz yataqları ilə zəngin olmayan ölkələrin vətəndaşları buranı seyr edəndə təəssüflənirlər. Söyləyirlər ki, “bizdə qaz yoxdur, amma burada bu qədər qaz boş yerə yanıb gedir”. Bir fransız turistə bələdçi ərazi haqqında ətraflı məlumat verdiyi zaman o söylədi ki, “sizin əcdadlar cənnətdə yaşayıblar”. Onun sözlərində həqiqət var. Soyuq ölkələrdən gələn turistlərdə bu ərazi tamam başqa bir təəssürat yaradır. Bir dəfə slavyan turistlərdən bir xanım saatlarla alovun qarşısında dayanaraq onu heyrətlə seyr edirdi. Səbəbini soruşduqda belə məlum oldu ki, bu xanım ekstrasensdir və bizim qoruğu yuxuda gördükdən sonra ondan enerji almaq üçün Azərbaycana gəlib. “Yanar dağ”ın qəribə bir sehri var və o bura gələn hər kəsdə xoş hisslər yarada bilir”.
   
   Bakının simvolik alov təpələri və qavaldaş
   
   Qoruq ərazisində sönmüş təpələr adı ilə tanınan üç yüksəklik var. Bu yüksəkliklərdən XIX əsrin ortalarına qədər nəhəng məşəllər şəklində alov yanması haqqında tarixdə çoxlu məlumatlar var. Dənizə daha yaxın olan bu odlu təpələri fərq edən səyyahlar təbiətin bu nadir möcüzəsi haqqında məlumatları eldən-elə çatdırmışlar. Sonralar bu üç alov dilimləri Bakı şəhərinin gerbində öz əksini tapmışdır.
   “Yanar dağ” qoruğunun yerləşdiyi ərazi çox qədim insan məskənlərindən biridir. Ərazidə tapılan qavaldaş bir daha sübut edir ki, bu yerlərdə insanlar qəbilə icması dövründən yaşamışlar. Həmin dövrdə insanlar bu daşlardan həm həyəcan siqnalı vermək, həm də uğurlu ov etmək üçün düzənlənən xüsusi ayinlərin icrası zamanı bir zərb aləti kimi istifadə etmişlər. Qavaldaşın verdiyi səslər tembr etibarı ilə o qədər rəngarəngdir ki, bu “alətdə” müasir ritmləri belə ifa etmək olur.
   
   Yanar torpaqda novruzgülü
   
   “Yanar dağ”ın təpəlik hissələri novruzgülü çiçəkləri ilə ağ örtüyə bürünmüşdü. Bu çiçəklər yazın gəlişinin ilk müjdəçiləridir. Havanın soyuq olmasına və yolda xeyli yubanmağıma baxmayaraq, bu çiçəklər əhval-ruhiyyəmi xeyli yüksəltdi. Qışın oğlan çağında “Yanar dağ”a getməyimə heç də peşman olmadım. Çünki gəlişim bir çox tarixi faktları öyrənməyimə və bu yanar torpaqdan ilk dəfə novruzgülü dərməyimə səbəb oldu.
   
   Lalə Azəri