“Azərilmə”nin sehrli sənət dünyasına qısa səyahət
   
   Bakının mərkəzində “Azərilmə” adlı bir müəssisə fəaliyyət göstərir. Burada əsrarəngiz Azərbaycan xalçaları toxunur. Paytaxtımızda bir çoxları tanımasa da, “Azərilmə”ni dünyanın əksər ölkələrində tanıyırlar. Biz də milli xalçaçılıq məktəblərimizi, zəngin sənət tariximizi yaşadan, dünyada tanıdan, ərsəyə gətirdiyi allı-güllü xalçaları ilə müxtəlif ölkələrin muzeylərini, mədəniyyət və tədris ocaqlarını, şəxsi kolleksiyaları bəzəyən bu məkanla oxucularımızı yaxından tanış etmək qərarına gəldik.
   
   Yuyulub çırpılma xalçanın gözəlliyini daha da artırır
   
   “Azərilmə” MMC-nin direktoru Vidadi Muradov bizi mehribanlıqla qarşılayaraq müəssisə ilə əyani tanış olmağımız üçün bir nəfər əməkdaşı bizə qoşdu. “Bütün prosesləri öz gözünüzlə görün, onda söhbətimiz daha maraqlı alınacaq”, - dedi.
   Beləliklə, başlayırıq xalça toxunan sexdən. Bələdçi xanım deyir ki, kənardan alınan iplərdə rənglər qarışdığından, iplər «Azərilmə»nin özündə daranır, sonra əyrilir. Hazır iplər istənilən rənglə boyanır.
   Xalça isə xanada toxunur. Burada 20-yə yaxın xana, 50 nəfər isə toxucu var. Toxucular bildirirlər ki, onlar lazımi naxışları almaq üçün eskizlə işləyirlər.
   Xalça toxunub qurtardıqdan sonra digər sexə göndərilir. Burada onun əvvəlcə tozunu alırlar, sonra isə yuyurlar. Bu işi həyata keçirən Ruslan Eyyubov deyir ki, birinci yuyulmadan sonra xalça qurudulur, sonra yenidən çırpılır. Bundan sonra xüsusi maşınlarla onun üzü kəsilir. Xalça ikinci dəfə yuyulub qurudulduqdan sonra darkeşdə dartılır, saçaqları bərkidilir.
   Burada çalışan Nəzakət Abışovanın dediyinə görə, yuyulub çırpılma xalçanın gözəlliyini daha da artırır. Xalçalar xüsusi şampunlarla yuyulur. Bu zaman onun tozu təmizlənir. Üzünün kəsilməsi prosesində isə xalça üzərindəki artıq saplar götürülür. Bu zaman xalça daha səliqəli görünür. Üzü kəsilən xalça yenidən yuyulub çırpılır. Bundan sonra isə kənarlarındakı saçaqlar kəsilir.
   Qeyd edək ki, saçaqların kəsilməsi adi bir proses deyil. Bu, formasından asılı olaraq xalçaya ayrı bir görünüş verir. Saçaqlar xalçanın naxışlarına yaraşan formada kəsilir. Bəzi hallarda bir neçə saçaq düyünlənir, bəzi hallarda isə biri digərindən fərqli olaraq daha qısa formada saxlanır və s. Saçaqlar qaydaya salındıqdan sonra xalça dartılır. Buna ütülənmə də demək olar. Bu zaman xalçanın əyriləri düzəlir, saplar öz yerini alır. Bütün bu proseslərdən sonra hazır xalça satışa çıxarılır.
   
   Bakıda əl xalçalarının xüsusi yuyulma yeri yoxdur
   
   Əyani tanışlığımızı başa çatdırıb Vidadi Muradovla söhbətə başlayırıq. Müsahibimin sözlərinə görə, «Azərilmə»ni 1994-cü ildə yaradıb. Buna qədər isə xalçaçılıq sahəsində 27 illik təcrübəsi olub, Türkiyəyə, İrana səfərlər edərək bu ölkələrin təcrübəsini öyrənib: “Xalçanın yuyulması, qurudulması, ütülənməsini ilk dəfə Türkiyədə gördüm. O zaman bizdə «Azərxalça» müəssisəsi fəaliyyət göstərirdi. Burada istifadə olunan iplər Zabratdakı əyirici boya kombinatında əyrilərdi və kimyəvi rənglərlə boyanardı. Burada bütün qruplara aid xalçalar Təbriz qrupuna uyğun toxunurdu. Amma hər qrupun özünün rəngləri, ipinin qalınlığı fərqlidir. Belə olan halda xalça toxunması prosesində istifadə edilən bütün proseslərin cəmləşdiyi bir şirkət yaratmaq qərarına gəldim. Hazırda «Azərilmə»də boyanma, toxunma, yuyulma, xalçaların çırpılması, dartılması prosesləri həyata keçirilir. Şirkətimizdə tədris mərkəzi var. Eyni zamanda burada kiçik bir xalça muzeyi yaratmışıq. Adı «Sehrli ilmələr qalereyası»dır. «Azərilmə» dünyada xalça sənəti ilə bağlı bütün proseslərin bir arada olduğu yeganə məkandır”.
   Vidadi müəllim xalçanın toxunmasından sonra yuyulması barədə bir qədər ətraflı danışdı. Onun sözlərinə görə, «Azərilmə» yaranana qədər bizim xalça toxuyanlar bu təcrübədən istifadə etməyiblər: “Halbuki hər bir xalça dəzgahın üstündən kəsiləndən sonra mütləq yuyulmalıdır. Çünki xalça toxunması çox mürəkkəb prosesdir və bu zaman o, dəzgahın üzərində bəzən aylarla qalır. Yuyulma zamanı onun üzərinə yığılan toz, mikrob təmizlənir. Sonra xalça xüsusi barabanlara dolanır və baraban fırlanaraq onu qurudur. Bu prosesdə xalçanın ilmələri yerindən oynayır, xalça yuyulub qurudulduqca iplərin tərkibindəki yağlar da təmizlənir. Xalça bir növ ekoloji cəhətdən təmiz bir materiala çevrilir. Dartılma zamanı isə saplar öz yerinə oturur. Bu, xalçanın uzunömürlülüyünü və keyfiyyətini təmin edir. Bizdə toxunan xalçalar nəmişlikdən yığılmır, olduğu kimi qalır. Satdığımız xalçaları müştəri nə vaxtsa yuduzdurmaq istəyirsə, yuyuruq, quruduruq, zədələnən yerini təmir edib özünə qaytarırıq. Bütün bunların hamısı pulsuz həyata keçirilir. Çünki Bakıda əl xalçalarının xüsusi yuyulma yeri yoxdur”.
   «Azərilmə»də xalçalar hər bölgənin özünə aid çeşnilərlə toxunur. Təbriz, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ xalçaları, Naxçıvan və İrəvan xanlığının xalçaları isə bir qrupda cəmləşib. Həmsöhbətimiz deyir ki, bununla bağlı müxtəlif araşdırmalar aparıb, bu qruplara aid qədim xalçaları toplayıblar: «Sonra bu məlumatlar əsasında broşürlər hazırlayıb dünyanın müxtəlif ölkələrində muzeylərə, kitabxanalara, universitetlərə, şəxsi kolleksiyaçılara payladıq. Bu gün müəssisəmizdə bütün qruplara aid olan xalçalar toxunur. Burada itib getmiş çeşnilər bərpa olunur. Biz bu çeşniləri tapırıq, rəssamlarımız onları millimetrlik ağızda işləyib hazırlayır”.
   
   “Xalçalar sanki mənimlə söhbət edir”
   
   «Azərilmə» ümumilikdə 350 toxucunu əhatə edir. Onların 150 nəfəri Bakıda, müəssisənin özündə, qalanları isə rayonlarda sifarişlə işləyir. V.Muradov deyir ki, xalça toxumağa maraq azdır. Müəssisənin içərisində tədris mərkəzi yaratmaqda da məqsəd gənc nəsli bu sənətə həvəsləndirməkdir: «Qonağı «Azərilmə»yə, yaxud da Qubada fəaliyyət göstərən bir xalça sexinə aparmaqla iş bitməz. Gərək respublikamızın hər yerində bu sənət inkişaf etsin. Xalçaçılıq kənddə olar, şəhərdə yox. Nə qədər çox xalça toxunsa, bir o qədər də alıcı olur. Çünki xarici biznesmenlər az sayda xalça üçün buraya gəlməzlər. Azərbaycan xalçasına dünyanın hər yerində tələbat var. Ən uzun ömürlü xalça 500 il yaşayır. 300-500 yaşında xalçalar xaricdə çox var. Onların sahibi həmin xalçalardan yenidən əldə etmək istəyir».
   Müəssisə rəhbəri Azərbaycan xalçalarının təbliği ilə də geniş məşğul olur. Onun sözlərinə görə, vaxtilə Azərbaycan xalçaları «Qafqaz» adı ilə daha çox tanınıb: «Biz dünyanın bir çox yerlərində Azərbaycana aid xalçaların hamısının adının altından «Azərbaycan» yazdırmışıq. Buna isə təbliğatla nail olmuşuq. Londonda «Xalı» adlı bir jurnal dərc olunur. Üç aydan bir 40 min tirajla çıxır və dünyada xalça toxunan yerlərə yayılır. Bu nəşrdə Azərbaycanın hər bölgəsi haqqında məlumatlar yerləşdiririk. Bundan əlavə, özümüz rübdə bir dəfə 3 min tirajla ingilis, rus və Azərbaycan dillərində «Azərbaycan xalçaları» adlı jurnal nəşr edirik. Burada xalçalarımız, Azərbaycan sənətşünaslığı haqqında məlumatlar yer alır».
   Qeyd etdiyimiz kimi, «Azərilmə» ölkəmizdən daha çox xaricdə tanınır. Yaponiya, Avstraliya, Amerika, Kanada və dünyanın daha neçə ölkəsindən müəssisəyə qonaqlar gəlir, xalçanın toxunma prosesi, naxışları, onların mənası ilə maraqlanırlar. Biz müəssisədə olanda orada bir neçə xarici qonaq vardı. Vidadi müəllim turizm şirkətləri ilə də yaxından əməkdaşlıq etdiklərini deyir: «Turizm şirkətləri vasitəsilə ölkəmizə gələn qonaqlarımız da çox olur. Elə şirkətlər var ki, onlar davamlı olaraq bizimlə əməkdaşlıq edirlər. Turist bir qonaqdır. O, ölkəni necə görsə, gedib öz ölkəsində elə də danışacaq. Ona görə də biz bura gələn əcnəbiləri maraqlandıran bütün sualları ətraflı cavablandırırıq”.
   Bir qədər də həmsöhbətimizin xalçaya sevgisi haqda danışırıq. Vidadi müəllim deyir ki, xalçaçılığa uşaqlıqdan marağı olub: «Mən artıq xalçanı övlad kimi sevirəm. Xalçasız yaşaya bilmərəm. Gördüyünüz kimi, hər tərəf xalçadır. Əksər insanlar bunu gözəllik kimi qəbul edir. Amma mən onların içərisində nələr olduğunu bilirəm. Xalçalar sanki mənimlə söhbət edir. Mən bu söhbətlər nəticəsində onların naxışını, növünü, hansı qrupa aid olduğunu başa düşürəm. Azərbaycan xalçasının tarixi qədimdən də qədimdir. Bütün Azərbaycan xalçalarının 90 faizinin yerliyi qırmızıdır. Bu rəng qəhrəmanlıq, mübarizlik, toy-bayram simvoludur. Rənglərə baxanda hansı xalqın nəyə qabiliyyəti olduğu anlaşılır”.
   
    Fəxriyyə Abdullayeva