Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası Xalq Komissarları Sovetinin müvafiq qərarı əsasında 1939-cu ildə təşkil olunsa da, 1940-cı ildə fəaliyyətə başlayıb. Kitabxana səhiyyə orqanlarında, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrində tibb elminin problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya xidmətləri və informasiya ilə operativ təmin etmək məqsədilə yaradılıb.
Səhiyyə Nazirliyinin tabeliyində olan kitabxana ölkəmizdə tibb kitabxanalarının elmi-metodik mərkəzi hesab olunur və 101 filialla fəaliyyət göstərməkdədir. Filiallar Bakı şəhərində və respublikanın demək olar ki, bütün rayonlarında təşkil edilib. Kitabxananın fəaliyyəti ilə bağlı məlumatları direktor əvəzi Yeganə Pirəliyevadan aldıq.
Müsahibim deyir ki, müasir texnologiyanın inkişafı, internetin təqdim etdiyi imkanlar bütün oxucuların işini asanlaşdırsa da, kitabxanaçıların məsuliyyətini artırıb. Bu mənada tibb sahəsində çalışan işçilər də özlərinə lazım olan elmi-tibbi ədəbiyyatları müxtəlif mənbələrdən asanlıqla axtarıb tapa bilirlər: “Nəzərə alsaq ki, bizim kitabxana 1940-cı ildən fəaliyyət göstərir və burada minlərlə müxtəlif elmi ədəbiyyat var, onda kitabxananın nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür edə bilərik. Yeri gəlmişkən, kitabxanamızda informasiya mərkəzi fəaliyyət göstərir, daimi internet xidməti, lokal şəbəkə yaradılıb. Əməkdaşlarımız oxuculara elmi-tibbi saytlardan istifadə edilməsi, müxtəlif mövzular üzrə sorğuların formalaşdırılması və axtarışların aparılması üçün metodiki köməklik göstərirlər”.
Elmi-tibbi nəşrlərin sayı artıb
Kitabxana Səhiyyə Nazirliyi tərəfindən 2006-cı ildə müvafiq bina və zəruri şəraitlə təmin olunub. Burada lazımi inventarla təchiz edilmiş 2 oxu zalı fəaliyyət göstərir. Kitabxana fondunda 480 mindən çox nəşr, CD və s. var.
Yeganə Pirəliyeva deyir ki, son illərdə Azərbaycan dilində olan elmi-tibbi nəşrlərin sayı artıb. Azərbaycanda onlarla tibb işçisi paralel olaraq elmi-tibbi axtarışlar aparır. Kitabxana tibbi ədəbiyyatlar nəşr edən nəşriyyatlarla, müəlliflərlə əlaqə saxlayır, ən müasir ədəbiyyatlar alır: “Biz hər il oxucular arasında sorğu keçiririk. Onların kitabxana haqqında fikirlərini, bizim fəaliyyətimizlə bağlı nələri gözlədikləri barədə təklifləri dinləyirik. Bir neçə il bundan öncə oxucular əsasən tədris ədəbiyyatlarının çox olmasını istəyirdilərsə, indi kitabxananın ən son tibbi yenilikləri əks etdirən qəzetlərə, jurnallara abunə olmasını, mütəmadi yeni nəşrləri əldə etməyimizi arzulayırlar. Kitabxana fondumuzu mütəmadi olaraq zənginləşdiririk. İl ərzində 3 min nüsxəyə qədər yeni ədəbiyyat alırıq. Ölkə daxilində kitabxanaların bir çoxu ilə əməkdaşlıq münasibətləri qurmuşuq. Kitabxanamızın oxucu kontingentini əsasən həkimlər, elmi işçilər və tibb sahəsində təhsil alan tələbələr təşkil edir. Çalışırıq ki, müxtəlif yollarla oxucuları kitabxanamıza cəlb edək”.
Tibb işçiləri səyyar sərgilərə maraq göstərirlər
Dövlət Respublika Elmi Tibb Kitabxanası hər il səyyar sərgilər təşkil edir: “Belə sərgilər müxtəlif tibb müəssisələrində, institutlarda müxtəlif mövzulara həsr olunmuş nəşrlərin təqdimatından ibarətdir. Bu da oxucuların sayının artmasına səbəb olur. Sərgilərdən öncə müvafiq oxucu profilini öyrənir, gündəmdə olan ən yeni nəşrləri təqdim edirik. Tibb müəssisələrində birbaşa kitabxana xidməti göstəririk. Səhiyyə işçiləri də fəaliyyət göstərdikləri tibb müəssisələrində yeni ədəbiyyatlarla tanış olmağa şərait yaratdığımıza görə razılıq edirlər”.
Müxtəlif təşkilatlarla əməkdaşlıq
Kitabxana informasiya xidmətinin təkmilləşdirilməsi üçün 2006-cı ildən tibbə dair müxtəlif mövzulu CD-lərdən ibarət fondun təşkilinə başlayıb. Azərbaycanda və Rusiyada dərc olunan ən nüfuzlu elmi-tibbi jurnalları kitabxanada görmək olar. Mədəniyyət və Turizm Nazirliyinin vasitəçiliyi ilə İRBİS proqramının alındığını deyən Yeganə Pirəliyeva bütün texniki məsələlərin həll olunduğunu, fondun elektronlaşdırılmasına başlanıldığını dedi.
Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin kitab abidələri ilə bağlı layihəsinə də qatılıb. Eyni zamanda, müxtəlif kitabxanalarla, elmi-tibbi müəssisələrlə əməkdaşlıq əlaqələrinə önəm verilir. Rusiya Mərkəzi Elmi Tibb Kitabxanası ilə əlaqələr mövcuddur.
Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə sıx əlaqələr qurulub. Təşkilat tərəfindən Azərbaycana göndərilən bütün resurslar bu kitabxanada toplanır. Onlar bir fondda cəmləşib, CD-lərdən kartoteka hazırlanıb.
“Çalışırıq ki, oxucular kitabxanadan “əliboş” qayıtmasınlar”
Kitabxanada 8 fond fəaliyyət göstərir. Nadir nəşrlər fondunda müxtəlif dillərdə elmi-tibbi ədəbiyyatlar saxlanılır. Xarici elmi-tibbi ədəbiyyatların yer aldığı fondun zənginləşməsində səfirliklərin xətti ilə göndərilən kitabların da rolu böyükdür: “Kitabxana əlamətdar günlərlə bağlı mütəmadi sərgilər təşkil edir. Bu il görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı elmi-praktik seminar təşkil olunub, sərgi açılıb, tədbirə həsr olunmuş toplu buraxılıb”. Kitabxana əməkdaşlarının əksəriyyəti ali təhsillidir. Onların ixtisaslarının artırılmasına önəm verilir. Bu məqsədlə treninqlərə, kurslara cəlb olunurlar.
Müsahibim oxuculara Elmi Tibb Kitabxanası ilə aktiv əlaqələr qurmağı tövsiyə edir: “Kitabxanamızda maarifləndirici məlumatları özündə əks etdirən ədəbiyyat kifayət qədərdir. Ötən il kitabxanadan 22 min 276 kitab verilişi, 3780 oxucu gəlişi olub. Əməkdaşlarımız da çalışırlar ki, oxucuları “əliboş” qaytarmasınlar. Bizim kitabxana əməkdaşları tibb sahəsində məlumatlı olmalıdırlar. Onlar gündəlik iş prosesinə uyğun olaraq, istər-istəməz mütaliə edir, məlumatlanırlar. Kitabxana işinin nə qədər məsuliyyətli və hər gün inkişaf edən bir sahə olduğunu nəzərə alsaq, görməli işlərimiz hələ çoxdur”.
Ceyhun Zərbəliyev