Şıx çimərliyində qum heykəltəraşlığı və qraffiti üzrə festival keçirildi

17-19 oktyabr tarixlərində Bakıda qum heykəltəraşlığı və qraffiti üzrə ikinci açıq festival keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə baş tutan festivalda 30 gənc hər iki sahə üzrə öz bacarığını nümayiş etdirdi. Budəfəki tədbir həm miqyası, həm də iştirakçı sayına görə fərqlənirdi. “Şıx” çimərliyindəki “Dostluq” istirahət mərkəzində təşkil olunan festivala Rusiya, İran və Türkiyədən də iştirakçılar qatılmışdı.
Ötən sərginin də yaddaqalan olduğunu nəzərə alıb yollandıq “Şıx” çimərliyinə. Festivalın ikinci günü və havanın küləkli olmasına baxmayaraq, gənclər böyük həvəs və təbiətin şıltaqlığı ilə mübarizə içində qum heykəllərini yaratmağa çalışırdılar. Bəziləri hələ başlanğıc mərhələdə olsa da, digərləri öz işlərini küləkdən qorumaq üçün bərkitmə işləri görür, qumu sulayırdılar. Biz də bu yaradıcı gənclərin işləri ilə yaxından tanış olmaq qərarına gəldik.


İlk həmsöhbətim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Müşfiq Heydərovdur. Ondan bir qədər özü barəsində məlumat verməsini xahiş etdim:
- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişəm, hazırda Dövlət Rəssamlıq Akademiyasının birinci kurs tələbəsiyəm. Heykəltəraşlıq ixtisası üzrə təhsil alıram. Eyni zamanda qum heykəltəraşlığı ilə də maraqlanıram və hesab edirəm ki, bu, əl işlərini daha böyük auditoriyaya çatdırmaq baxımından effektiv bir sənət növüdür.
- Necə oldu bu festivala qatıldınız?
- Akademiyada öyrəndim ki, paytaxtımızda qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival keçiriləcək. Mən də fürsəti əldən vermək istəmədim. Bilirsiniz ki, bu, ikinci festivaldır. Mən ötən festivala qatılmasam da, o vaxt sərgilənən işlərlə tanış oldum, iştirakçı tələbələrlə əlaqə saxladım, onlar da festivala qatılmağımı məsləhət gördülər.
- Festivalda təqdim etdiyiniz qum heykəl barədə nə deyə bilərziniz?
- Öncə bu festivala hansı işlə qatılmaq barədə çox götür-qoy etdim. Bir neçə ideya var idi və nəhayət, onların arasından “Qoca Xəzər”i seçdim. Belə fikirləşdim ki, festival doğma Xəzərin sahilində keçirilirsə, işim də onunla əlaqədar olsa maraqlı olar. Burada mənim ifadə etmək istədiyim Xəzərin, ümumiyyətlə götürdükdə isə dənizin canlı olmasıdır. Onun da xarakteri, sakitliyi, dəlisovluğu var. Bəs niyə “cavan” yox, “qoca” Xəzər deyə sual etsəniz, deyərdim ki, dəniz mənim aləmimdə “qoca”dır, çox illər, əsrlər görüb, neçə-neçə nəsilləri yola salıb. Bu səbəbdən Xəzəri qoca kişi şəklində dalğaya bənzətdim.
- Adi heykəltəraşlıqla müqayisədə qum heykəltəraşlığının çətinlikləri nədən ibarətdir?
- Hər ikisinin özünəməxsus çətinlikləri var, ancaq qum heykəltəraşlığı daha əziyyətlidir. Adi heykəltəraşlıqda yaratmaq istədiyin heykəlin əzələsini, hansısa əzasını daha dəqiq işləmək olur, orada istədiyin nüansı ifadə edə bilirsən. Ancaq qumda elə deyil, tez ovulur. Ona görə də qumdan heykəl düzəldərkən işə ümumi yanaşılır, nəinki ayrı-ayrı detallara. Digər çətinlik havanın küləkli, qumun isə narın olmamasıdır. Bilirsiniz ki, Xəzərin sahil qumu narın deyil, tərkibində balıqqulağı və xırda daşlar çoxdur. Bu səbəbdən də iş istədiyin kimi səliqəli və dəqiq alınmır.
* * *
Gənc heykəltəraşa uğurlar arzulayıb Türkiyədən olan iştirakçılara yaxınlaşırıq. Onlardan özləri və işləri haqqında məlumat vermələrini xahiş edirik.
- Adım Arife Çimendir. Türkiyədə heykəltəraşlıq ixtisası üzrə təhsil alıram, ikinci kurs tələbəsiyəm. Bakıda təşkil olunan festivala dəvət aldıq və bir qrup tələbə ilə şəhərinizə təşrif buyurduq. Baxmayaraq ki, qum heykəltəraşlığı üzrə o qədər də təcrübəmiz yoxdur, bununla belə, çalışırıq ki, festivalda ən yaxşı şəkildə təmsil olunaq. Biz qumdan yatmış it heykəlini düzəldəcəyik. Düzdür, siz indi heykəli tam görə bilmirsiniz, çünki qumu hazırlamağa çalışırıq və bu bizim vaxtımızı alır. Hava şəraiti və qumun heykəltəraşlıq üçün o qədər də münasib olmaması əlavə çətinliklər yaradır.
- Qum heykəltəraşlığı adi heykəltəraşlıqla müqayisədə bu qədər çətindir?
- Əlbəttə, çətindir. Ovulub tökülən qumla işləyirsiniz, təbii ki, çətin olmalıdır. Daim əliniz heykəlinizin üstündə olmalıdır ki, forması itməsin, külək uçurmasın. Bu baxımdan da əziyyətlidir. Digər problem isə fikrinizdə canlandırdığınız heykəli olduğu kimi yarada bilməməyinizdir. Məsələn, qum heykəlin gözünü və ya hər hansı əzasını xüsusilə vurğulamaq istəsəniz belə, bunu edə bilmirsiniz. Çünki qumun keyfiyyəti buna imkan vermir. Bununla belə müsbət tərəfləri də çoxdur. Sizin heykəltəraşlıq emalatxananıza bu qədər insan gəlmir, eyni zamanda siz də daş heykəllərinizi insanların görməsi üçün başqa şəhərə sərgidə iştirak üçün daşıya bilmirsiniz. Ancaq bu festivallar vasitəsilə bir çox insanlara öz yaradıcılığınızı nümayiş etdirə, tanına bilərsiniz.
- Digər iştirakçıların işləri ilə tanış oldunuzmu? Hansı işləri özünüzə rəqib hesab edirsiniz?
- Təbii ki, rəqiblərimizin işləri ilə də maraqlanırıq. Yerli tələbələrin, iranlı iştirakçının maraqlı işləri var. Xeyirlə şərin mübarizəsi ilə bağlı kompozisiya, şir heykəli xoşuma gəldi. Hesab edirəm ki, sadaladığım işlər jürinin də diqqətini çəkə bilər.
* * *
Növbəti həmsöhbətim Həmid Lütfullahpur Cənubi Azərbaycandandır. Hazırladığı heykəldə o tay-bu taylı Vətənin birliyi ideyasını ifadə etməyə çalışıb:
- Təbrizdə doğulmuşam. Bakıda Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə təhsil alıram. İlk dəfədir ki, qum heykəltəraşlığı ilə bağlı festivala qatılıram. Bu festivalda “Mədəniyyət birliyi” kompozisiyası ilə təmsil olunuram. Gördüyünüz kimi, burada kitab, kitabı vərəqləyən əl və iki səhifə əks olunub. Səhifənin sol üzündə o tayın ustad şairi Məhəmmədhüseyn Şəhriyarın, bu üzündə isə Əliağa Vahidin portretini əks etdirməyə çalışmışam.
- Bu kompozisiya ilə çatdırmaq istədiyiniz mesaj nədən ibarətdir?
- Öncə demək istəmişəm ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birdir. Burada bir kitabda, iki vərəq buna işarədir. Hər iki Azərbaycanın ustad şairlərinin səhifələrdə əks olunması da mədəniyyət, düşüncə, dil birliyinə işarədir. Hesab edirəm ki, bu kompozisiyamla öz fikirlərimi, az da olsa, çatdıra bilmişəm.
- İşinizin sahəsi böyükdür və eyni zamanda təsvirlər də xüsusilə dəqiqlik tələb edir. Bəs niyə tək çalışırsınız?
- Bilirsiniz, bu kompozisiyanın ideyası mənə məxsusdur. Tələbə dostlarımdan biri ilə bu işi həyata keçirə bilərdik, ancaq buna vaxtımız olmadı. Qısa vaxt ərzində ideyanı digərinə başa salmaq və icra etmək daha əziyyətli olardı. Ona görə də festivala tək qatılmaq qərarına gəldim. Düzdür, belə də çətindir, ancaq öhdəsindən gəlməyə çalışıram. Əgər imkanım olsa, vaxt yetsə, bu kompozisiyanı bir qədər də genişləndirmək istəyirəm. Ustad Şəhriyarın səhifəsinin üzərində “Məqbərətüş-şüəra”nı, Əliağa Vahidin səhifəsində isə Qız qalasını əks etdirmək fikrim var.
- Ümumilikdə festivala və işinizə maraq sizi qane edirmi?
- Maraq yüksəkdir, gəlib baxırlar, ən əsası isə baxdıqca düşünürlər. Bu da mənim daha çox xoşuma gəlir. Münsiflər heyətinin də bu kompozisiyaya diqqəti böyükdür. İnanıram ki, qaliblər arasında mənim işim də olacaq.

* * *
Qaliblər mükafatlandırılıb

Layihənin rəhbəri İsmayıl İsmayılov festivalın yekunu barədə məlumat verib. Onun sözlərinə görə, qraffiti nominasiyasında birinci yerə Yaylagül Ramazanova, ikinci yerə Azər Məmmədli, üçüncü yerə isə Mətanət Ağayeva layiq görülüb. Heykəltəraşlıq nominasiyasında isə Riza Hacıyev, Həmid Lütfullahpur, Müşfiq Heydərov müvafiq olaraq ilk üç yeri bölüşüblər. Qaliblərə hədiyyə və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib.

Sadiq Musa