İyunun 4-də I Avropa Oyunlarının Atletlər kəndinə media turu təşkil olundu. Tur iştirakçıları idmançı və məşqçilərin qalacağı məkanda yaradılan şəraitlə tanış oldular.

Atletlər kəndi

Atletlər kəndi idman yarışlarının keçiriləcəyi Kənd qrupuna daxil olaraq, Olimpiya Stadionu və Milli Gimnastika Arenasına yaxın məsafədə yerləşir.
Bələdçi Nərmin Əlisoy bizi ərazi ilə tanış edir. Kənd meydanından başlayan turda ilk olaraq atletlərin qalacağı mənzillər barədə məlumat verildi. Burada 10-15 mərtəbəli 13 binada hər biri 3-5 yataq otağından ibarət ümumilikdə 1042 mənzil var. Buna əsasən demək olar ki, bir mənzildə minimum 6, maksimum 10 atlet qala bilər. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi sahələri mövcuddur. Bu sahələrdə oyunların translyasiyasını televiziya ilə izləmək və pulsuz internetə çıxış da mümkün olacaq. Atletlər kəndində hər binada ayrıca camaşırxana da fəaliyyət göstərir.
Burada 7 mindən çox atletin qalması üçün bütün şərait yaradılıb. Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları da bu ərazidə yerləşəcək. Oyunları işıqlandırmağa gələcək xarici jurnalistlər də burada, Atletlər kəndinə yaxın olan Media kəndində yerləşdiriləcəklər.
Növbəti tanış olduğumuz məkan Bayraqlar meydanı oldu. Meydan I Avropa Oyunlarında iştirak edəcək 49 ölkənin bayraqları ilə bəzədilib.

Hər zövqə uyğun yeməklər

Hər bir mənzildə ayrıca yemək otaqlarından əlavə, Atletlər kəndi ərazisində 2 böyük yeməkxana da fəaliyyət göstərəcək. Birinci - əsas yeməkxanada eyni zamanda 2079 nəfər qidalana biləcək. Nərmin Əlisoy bildirir ki, Avropa ölkələrinin müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olduqları nəzərə alınaraq idmançılara müxtəlif mətbəx nümunələri təqdim olunacaq. İkinci yeməkxana “Best of Azerbaijan” adı ilə fəaliyyət göstərəcək. Burada veriləcək yeməklər yalnız Azərbaycan milli mətbəxinə məxsus təamlar olacaq. Milli mətbəx nümunələrindən istifadə üçün ödəniş nəzərdə tutulur.


İstirahət yerləri

Ərazidə idman və istirahət mərkəzləri də fəaliyyət göstərəcək. Burada iki - super və adi əyləncə mərkəzi yaradılıb. Super əyləncə mərkəzində idmançıların asudə vaxtlarının daha səmərəli keçirmələri üçün müxtəlif oyun zalları, stolüstü oyunlar üçün şərait yaradılıb. Burada kafe də fəaliyyət göstərəcək. Adi istirahət mərkəzlərində sadəcə olaraq wi-fi, televiziya kanalları və kompüter oyunlarından istifadə etmək mümkün olacaq.
Növbəti tanış olduğumuz məkan Atletlər kəndindəki inzibati binada yerləşən fitnes və idman zalı oldu. Burada idmançılar müxtəlif idman növləri ilə məşğul ola bilərlər.

Tibb məntəqəsi

Tibb məntəqəsi idmançılar və ərazidə xidmət göstərən insanlar üçün sutkada 24 saat fəaliyyət göstərəcək. Tibb məntəqəsi iyunun 3-dən fəaliyyətə başlayıb. Burada əsas etibarı ilə ambulator xidmətlər göstəriləcək. Məntəqədə təcili yardım, fizioterapiya, stomatologiya, kardiologiya, buz vannaları və başqa tibbi xidmətlər var. İdmançıların daha ağır zədələnmələr və cərrahiyyə əməliyyatlarına ehtiyac yarandığı təqdirdə paytaxtda yerləşən digər müalicə müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulub.

Atletlər və ya kənd meydanı

Atletlər və ya kənd meydanında market, sauna, biletlərin satışı, informasiya və ölkənin müxtəlif ərazilərinə təşkil olunacaq turlarla bağlı turizm mərkəzləri yerləşir. Həmçinin Atletlər kəndinin icra başçısının ofisi də bu ərazidə olacaq. İyunun 11-də idmançıların qarşılanması mərasimi də bu meydanda gerçəkləşəcək.
Qeyd edək ki, mayın 25-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Atletlər və Media kəndlərinin açılış mərasimlərində iştirak ediblər.
Atletlər kəndində həmçinin idmançılar üçün basketbol, futbol və tennis stadionları da tam hazırdır. Burada idmançıların yarışların keçiriləcəyi məkana getmələri də nəzərə alınaraq avtobus dayanacağı inşa edilib. Artıq atletlərin qalacaqları mənzillərə qeydiyyatı da başa çatmaq üzrədir. Yarışlarda iştirak edəcək idmançılar iyun ayının 3-dən Bakıya gəlməyə başlayıblar və ən son atletin iyulun 1-də öz ölkəsinə dönməsi nəzərdə tutulub.

F.Hüseynov