“Nə qədər yorğun olsam da, bura gələn kimi bütün yorğunluğumu unuduram”
Sentyabr ayından açıq kitabxanada müəlliflərlə görüş, imza günü, gənc yazarların kitablarının təqdimatının keçirilməsi nəzərdə tutulur
Xəbər verdiyimiz kimi, iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə “Açıq kitabxana” layihəsinin təqdimatı keçirildi. Kitabsevərlərin marağına səbəb olan bu məkan Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında yaradılıb. Bugünlərdə yolumuzu oradan salıb açıq kitabxananın fəaliyyəti ilə tanış olduq.
Şənbə və bazar günləri də gecəyə qədər burada oxuculara rast gəlmək mümkündür. Fəaliyyətə başladığı ilk gündən oxucular və müəlliflər sayəsində açıq kitabxananın rəfləri boş qalmır. “Mən oxudum, sən də oxu”, “Kitabı kitaba dəyişmə”, “Uşaq guşəsi” rəfləri müxtəlif kitablarla doludur. Burada, sözün əsl mənasında, kitab mübadiləsi həyata keçirilir. Bəzən Milli Kitabxananın fondunda olmayan kitablar da bura təqdim olunur.
Kitabxananın direktoru Kərim Tahirov bildirir ki, buradakı kitabların bir nüsxəsi fonda daxil edilir: “Oxucuların əksəriyyəti gənc nəslin nümayəndələridir. Buna görə də təqdim edilən kitablar latın qrafikalı nəşrlər olsa, daha uyğun olar. İşin bir müsbət tərəfi də odur ki, bizim fondumuzda olmayan bəzi kitablar da müəlliflər tərəfindən buraya təqdim edilir və kitabxana fondumuza daxil olur. Bir ay müddətində fonda 500 adda yeni kitab daxil olub: “Axşam saatlarında oxucuların sayında çoxluq müşahidə olunur. Bəzən gecənin gec saatlarınadək mütaliə edənlər olur. Bu səbəbdən də açıq kitabxananın ərazisi mühafizə xidməti tərəfindən qorunur”.
Direktorun sözlərinə görə, sentyabr ayından açıq kitabxanada şair və yazıçılarla görüşlər, imza günləri, gənc yazarların kitablarının təqdimatının keçirilməsi nəzərdə tutulur. Həmçinin burada kitabların satışı da planlaşdırılır. Məlumdur ki, bu gün Bakıda kitab mağazaları azdır. Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə kitabxanalarda kitab satışının təşkili sisteminə uyğun olaraq müvafiq vergi qanunvericiliyinə əməl edilməklə kitab satışı da həyata keçiriləcək.
Bundan əlavə, Milli Kitabxana və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə ədəbi-bədii məclis də fəaliyyətə başlayacaq, muğamlar, qəzəllər səsləndiriləcək. Layihə silsilə şəkildə davam etdiriləcək.
Milli Kitabxananın xidməti işlər üzrə direktor müavini Ədibə İsmayılova isə deyir ki, yeni layihə insanlarda mütaliəyə maraq yaradıb. Buraya gələnlər arasında yaşlı nəslin nümayəndələri də az deyil. Vaxtilə kitabxanadan bəhrələnən yaşlı nəslin nümayəndələri bu işi yüksək qiymətləndirir və öz fikirlərini xoş sözlərlə ifadə edirlər. Gün ərzində 150-yə yaxın oxucu açıq kitabxananı ziyarət edir: “Bədii ədəbiyyata maraq böyükdür. Son dövrlər gənclər bədii ədəbiyyat oxumur deyənlərlə razılaşmaq olmaz. Çünki biz bunun əksinin şahidi oluruq. Kitab, oxucu və müəlliflər bir-birindən uzaq düşüblər. Məhz bu cür layihələr onları yaxınlaşdırır. Burada təqdimatlar da keçirilsə, bu, yazıçını oxucuya tanıdacaq və kitaba maraq artacaq”.
Qeyd edək ki, Kolumbiyanın Azərbaycandakı səfiri bu yaxınlarda Milli Kitabxanada olarkən açıq kitabxana ilə də tanış olub. Səfir ideyanı müsbət qiymətləndirib, açıq kitabxanaya kitablar hədiyyə edib.
Təqdirəlayiq ənənə
Günorta saatları olsa da, açıq kitabxanada xeyli oxucu var. Kitab hədiyyə edən, kitab dəyişən insanlarla yanaşı, rahat şəraitdə oturub mütaliə edənlər də az deyil. İstənilən yaş qruplarından oxuculara rast gəlmək olar.
Yaşlı nəslin nümayəndəsi, ixtisasca mühəndis olan Zahid Əhmədov Mirzə Ələkbər Sabirin “Seçilmiş əsərlər”ini götürüb. Bədii ədəbiyyatı çox sevir. Açıq kitabxana fəaliyyətə başlayandan yeni layihədən bəhrələnməyə çalışır. Deyir ki, Sabir həmişə aktualdır: “Həftədə bir dəfə də olsa, mütləq bura gəlməliyəm. Belə bir guşənin yaradılmasına, göstərilən mədəni xidmətə görə Milli Kitabxanaya təşəkkür edirəm”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Məhəmməd Dadaşov dostu Natiq Əliyevlə açıq kitabxanada mütaliə ilə məşğuldur. Onlar əvvəlcə burada xidmətin ödənişli olduğunu düşünüblər. İndi isə təqdim olunan xidmətlərdən razılıq edirlər. Gənclər bu cür layihələrin başqa ünvanlarda da olmasını arzulayırlar. Bədii ədəbiyyata maraq göstərən gənclər açıq havada mütaliədən zövq alırlar.
Rusiyada yaşayan soydaşımız Nərminə Ağayeva bir müddətdir Bakıdadır. Nəvəsi ilə birlikdə bir neçə kitabı açıq kitabxanaya hədiyyə etməyə gəlib. O, Rusiyada belə bir ənənənin çoxdan reallaşdığını deyir və Bakıda da açıq kitabxananın fəaliyyət göstərməsini məmnunluqla qarşıladığını bildirir.
Milli Kitabxananın fəal oxucularından Dilənçi Qədimoğlu deyir ki, bu məkanın istifadəyə verilməsi onun kimi yaşlı insanlara ruh verir: “Elm insanın gözünü açır, deyirlər, elə mütaliə də. Ona görə də bura böyük həvəslə gəlirəm. Gün ərzində nə qədər yorğun olsam da, bura gələn kimi bütün yorğunluğumu unuduram. Rəflərdəki kitablar və müxtəlif mövzulu bilgilər hamıya gərəkdir”.
Açıq kitabxana və belə bir şəraitin yaradılması, hətta gecə saatlarına qədər işləməsi oxuculara sərbəstlik verir. Leyla və Ayaz bu məkanı mütaliə üçün, xüsusilə imtahana hazırlaşmaq üçün ideal hesab edirlər.
Beləcə açıq kitabxanada gördüklərimiz bir daha sübut etdi ki, cəmiyyətdə mütaliəyə maraq yetərincədir və oxucular arasında gənclərimiz üstünlük təşkil edir. Mütaliəsi çox olanlarınsa həmişə deməyə sözləri, prosesləri yaxşı analiz etmək imkanları olur.
Lalə Azəri