Zaman o zaman idi ki, hələ dünyada Xanlar Məhərrəmov adlı bir sənətkarın varlığından xəbərsiz idim, amma “Sarıtel” verilişinin başlanğıcındakı “Baş sarıtel” havasına hayıl-mayıl qalmışdım. İnanın, hər dəfə havanın yarımçıq kəsilməsinə heyifsilənirdim və radioverilişin sonunu gözləyirdim ki, həmin ifanı bir də eşidim.
   
   Nə idi bu sirr? Onlarla “Baş sarıtel” dinləmişdim, niyə o ovqatı, o hissi, o enerjini heç birində görməmişdim?
   Bu sualın cavabını sonralar öyrəndim. Saz sənəti ilə dərindən maraqlanandan, Əli Quliyev kimi ustadlarla, Azər Xanlaroğlu kimi istedadlı gənclərlə yaxından tanış olandan sonra.
   Sən demə, məsələ çox sadə imiş... Bütün digər sənətlərdə olduğu kimi... Xanlar öz səsi, öz intonasiya və öz içi ilə gəldi sənətə. Aşıq Əmrah, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Əkbər kimi mogikanların heç birinə bənzəmədi.
   Zaman keçdikcə Xanlar Məhərrəmovun “Gəraylı”sını, “Cəlili”sini və digər ifalarını dinlədim. Eyni sənətkarlıq, eyni orijinallıq gördüm.
   Aşıq Xanlar o qədər də böyük diapazona malik olmayan səsi ilə fərqli bir dünya yarada bilmişdi. Yeganə adam idi ki, ifasını yarımçıq kəsib zarafata keçirdi, əhvalat danışırdı, “nadinclik” edirdi, ancaq ən həssas tamaşaçının belə ruhu incimirdi. Çünki hər şey təbii, necə lazımdırsa o cür baş verirdi. Xanlar elə şirin, elə doğma sənətkar idi ki, adamın könül dünyasında asanlıqla aşiyan qururdu. Onun nurlu çöhrəsi, eyhamlı baxışları, min bir məna verən mənalı jestləri var idi. Yadınızdadırsa, sazın köklənməyi barədə hansısa həkimlə (“Kökləmək gələndə, doxtur...”) necə maraqlı bir mükalimə yapmışdı. Yaxud Aşıq Zülfiyyə ilə birgə çıxışı zamanı gənc bir qızın ustad qarşısında imtahan verməsi anlamına gələn necə uğurlu bir tamaşa qurmuşdu. Çıxışından sonra başı ilə Zülfiyyə xanımı mikrofona dəvət etməsi belə tamaşaçıda xoş təəssürat yaradırdı.
   Nədənsə, Xanlar Məhərrəmovu düşünəndə yadıma ilk öncə xudmani məclislər düşür. Aşıq bu məclislərdə özünü suda balıq kimi rahat hiss edirdi. Çünki onun dinləyiciləri içkidən xumarlanıb saza tərəf əsnəyən boynuyoğunlar deyildi, əsil xiridarlar idi. Doğrudur, bu adamları əhli-ürfan adlandırmaq da olmazdı. Əgər belə desəm, heç kəs də olmasa ustadım Əli Quliyev qınayar məni və çox nəzakətlə bir “qulaqburması” verər. Aşıq Xanları da əksər həmkarları, üstəlik ustadı Aşıq Ədalət kimi irfan əhli adlandırmq düzgün olmazdı. Ancaq bu heç lazım da deyildi Aşıq Xanlara. O, sazın əzəli-əbədi sirlərini tapmış, ona şaman qavalına bağlanan kimi bağlanmışdı. Xanlar sazla yaşayırdı, sözün həqiqi mənasında.
   Aşıq Xanlar saza həm də kişi səsi gətirənlərdən idi. O, heç vaxt zarımır, inildəmir, öz dərdini dinləyiciyə yükləmirdi. Əksinə, ona böyük həyat enerjisi, yaşamaq sevgisi bəxş edirdi. Məncə, Xanların sazının və ifasının ən böyük sirri bu idi. Onun seçib xüsusi şövqlə oxuduğu şeirlərə baxın, dediklərimin təsdiqini görəcəksiniz.
   Xanlar vaxtsız vəfatı ilə qohumlarının, dostlarının, eyni zamanda mənim kimi onu sevən və heç zaman şəxsən tanımayan dinləyicilərinin ürəyində böyük bir boşluq buraxdı. Ölüm haqdır! Ancaq həmişə insanlara sevinc və yaşamaq eşqi bəxş edən, müsbət aurası ilə hamıda xoş duyğular yaradan bu insanın yoxluğunu heç kəs qəbul etmək istəmədi və bu gün də istəmir.
   Doğrudan, elə insanlar var ki, onları heç vaxt unutmurlar. Təbliğatsız, yubileysiz, anım mərasimləri keçirilmədən hər kəs onları yad edir, ürəyinin əziz guşəsində bəsləyir. Xanlar Məhərrəmov kimi...
   Bu kiçicik yazıda, Aşıq Xanlara əbədi yaşam haqqı verən keyfiyyətlərdən anladığım qədər bəhs etməyə çalışdım. Ancaq bu sualı heç zaman unutmadım: bizi də belə yad edəcəklərmi? Necə yaşayaq ki, arxamızca həmişə rəhmət oxunsun, oğlumuz, nəvəmiz, nəticəmiz barəmizdə “gözəl kişi idi” sözlərini eşitsin, qürur hissi keçirsin.
   Bir sənətkarı ki, düşünəndə içindən əsil insan kimi yaşamaq gəlir, deməli həmin sənətkar Tanrının ona tapşırdığı missiyanı yerinə yetirib və bu dünyadan nakam getməyib.
   ...Deyəsən, Xanlar Məhərrəmovun sirlərindən birini də açmaq qismət oldu bizə.    

   Şərif A.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar