Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların - Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.   

   Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır.
   Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi.
   El ona “Zilxan” təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu “Heyratı”, “Mənsuriyyə”, ”Dilkeş”, “Zabul segah”ı ilə hər kəsi heyrətləndirərdi.
   Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun gəraylıları, qoşmaları, divaniləri, müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olmuşdu.
   O, həm də “Leyli və Məftun” dastanının müəllifidir.
   Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. “Vətən deyib dil-dil ötən, gümüş telli sazım var” - deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqət həmişə ön planda olub.
   Aşıq Əkbər 1990-cı il avqustun 24-də vəfat edib.
   
   İyirminci əsr Azərbaycan aşıq sənətinin həm ifaçılıq, həm də yaradıcılıq sahəsindəki uğurlarının ləyaqətli daşıyıcıları olan qüdrətli saz-söz ustalarına könül borcumuz çoxdur. Onların sazı-sözü, ifaçılıq məharəti illər, onillər boyu ruhumuzu oxşadı, sənət zövqümüzü biçimləndirdi, dizimizə taqət, ürəyimizə təpər verdi. Otuz-əllinci illərdə Aşıq Mirzə, Xındı Məmməd, İslam Yusifov və Qara Mövlayevin şərəfləndirdiyi sənət meydanı sonrakı onilliklərdə sevgi və nisgillə xatırlandı.
      
   Mahaldan-mahala atını sürdün,
   Ağır toylar gördün, məclislər gördün.
   Gəlinlər gətirdin, qızlar köçürdün,
   Çox nəmərlər aldın, ay Mirzə dayı-
   
   deyib kövrələn xalq şairi Hüseyn Arifin həmin dönəmi yuxu kimi, nağıl kimi əzizləməsi günü bu gün də saz-söz əhlinin ürəyindəndi.
   Əllinci illərdən Dədə Şəmşirin, Hüseyn Cavanın, Mikayıl Azaflının, Əmrah Gülməmmədovun sənətə gətirdiyi ab-hava yeni bir saz-söz nəslini qanadlandırdı. Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Şakir Hacıyev, İmran Həsənov, Murad Niyazlı, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov... Sadalanan sırsda daha neçə belə istedadlı saz-söz ustadının adını çəkmək olar. Bu yerdə “Onların içində biri də vardı”- deyə sadaladığım siyahıda böyük bir boşluğun olduğunu söyləsələr, ad çəkilməsə belə, hər kəsin ürəyindən Aşıq Əkbər Cəfərovun adı keçər. Təkcə adı keçməz, unudulmaz şaqraq səsi, hamını heyrətdə qoyan möcüzəli zənguləsi, şirin, məlahətli danışığı, sözü-söhbəti keçər...
   “Hamını heyrətdə qoyan” dedim də Amerikalı musiqişünas professor Alan Lomaksın Aşıq Əkbərin səsini dinləyib onun sehrində qalaraq söylədiyi sözlər yadıma düşdü. 1964-cü ildə təqribən otuz yaşında olan cavan Əkbər və balabançısı Müseyib Abbasov Moskvada keçirilən Beynəlxalq Musiqi Festivalında çıxış etdiyi zaman bu bənzərsiz ifadan heyrətə və vəcdə gələn professor Alan Lomaks özünü saxlaya bilməyib deyir: “Mən həyatım boyu çox yerlər gəzmişəm və çox gözəl səslər eşitmişəm. Ancaq sənin kimi gur, şaqraq, məlahətli səsə ilk dəfədir ki, rast gəlirəm.”
   Həmin tədbirdə Aşıq Əkbərlə birlikdə olan unudulmaz alimimiz Əminə Eldarova belə bir məqamı ayrıca vurğulayırdı: “Festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən yüzlərlə istedadlı ifaçı varıydı. Alan Lomaks bizim dilimizi bilməsə də məhz Aşıq Əkbərin ifası yüzlərlə ifa arasından onu özünə çəkmişdi. O, Əkbərin ifasında bir neçə mahnını lentə yazdırdı. Üstündən uzun illər keçəndən sonra 2006-cı ildə Bakıya gələn başqa bir Amerikalı musiqişünas professor Anna Oldflid həmin lent yazısının bir nüsxəsini mənə bağışladı. Alan Lomaks Əkbərin möcüzəli səsi barədə bizə dediklərini orada da söyləyir. Bu böyük musiqişünas 2002-ci ildə dünyasını dəyişib.”
   Aşıq Əkbər ifaçılıq ləmsinə görə Aşıq Mirzə Bayramovun səs-oxu məlahətini davam etdirirdi. Ancaq onun bülbül cəh-cəhi təkrarsız gözəlliyə malik idi. Adətən, saz havası aşığın səsini, ifasını tamamlayıb gözəlləşdirir. Əkbərin bənzərsiz şirinliyə malik olan səsi isə tamam başqa bir mənzərə ortaya qoyurdu. O oxuduğu zaman səsində çağlayan möcüzəli məlahət saz havalarını gözəlləşdiridi. “Ovşarı”, “Şahsevən”, “Kərəm gözəlləməsi”, “Qəhrəmani”, “Mirzəcanı”, “Çoban bayatı”, “Göyçə gözəlləməsi”, “Aşıq Söyünü” sırasından olan neçə-neçə saz havasının ifa biçimində onun səs möhürü var. Indi bu havalar, adətən, Əkbər səsi, Əkbər ifası ilə yaddaşlara köçmüş, ürəklərdə yuva bağlamışdır.
   Hansı məclisdə olmasından asılı olmayaraq Əkbər həmişə ürəkdən oxuyardı. Oxuduğu zaman ürəyi səsində görünürdü, işıq kimi, nur kimi bərq vururdu səs çalarları. Tanrı ona boy-buxun, yaraşıq verəndə səxavətini əsirgəməmişdi. Bu səbəbdən Əkbər təkcə səsiylə yox, görkəmiylə, üz-gözünün nuruyla, mehriylə də məclisə yaraşıq gətirərdi. Sazı bağrına basanda başqa bir aləmdən gələn mələkmisal bir adama bənzəyirdi.
   Əkbərin ifa və oxu tərzində, məclis aparmağında, əgər belə demək mümkünsə, bir ziyalılıq vardı. Çox ölçülü-biçili danışırdı, hərəkət plastikasına, etik davranış normalarına xüsusi diqqət yetirərdi. Mərifət, qanacaq, abır -həya, ləyaqət məkanıydı bu adam boyaboy. Əli də açığıydı, könlü də!
   İfa etdiyi havanın müxtəlif məqamlarındakı zil-bəm keçidlərini, eləcə də bir havadan başqa havaya adlama manerasını o qədər böyük ustalıqla həyata keçirirdi ki, gerçəkləşdirdiyi sənət məharətinə heyran qalmaya bilmirdin. Ifa boyu vurduğu güllər, boğaz qaynatmaları, zəngalələr də bir ayrı aləmiydi. Oxuduğu zaman nümayiş etdirdikləri səs gözəllikləri o qədər çoxqatlı və zəngin idi ki, səsinin hansı nöqtəsinə diqqət yetirirdinsə məlahət görürdün, şirinlik dadırdın. Bunun bir səbəbi də Aşıq Əkbərin “balabanı-balaban elmini” dərindən bilməsi idi. O, sənət aləminə balabançı kimi gəlmiş, sonra aşıqlığa adlamışdı. Havanın uyğun bir yerində sazla balabanı dəyişdirmək ənənəsini də o yaratmışdı.
   Aşıq Əkbər hələ sağlığında ikən böyük bir ifaçılıq məktəbi yraratmışdı. Onun ləmsində oxuyanların miqyası doğma Tovuzun hüdudlarından çox-çox uzağa yayılmışdı. Göyçədə, Gəncədə, Kəlbəcərdə, Gədəbəydə çalıb-çağıran davamçılarından başqa Təbriz-Qarabağda, Zəncanda da “Əkbər yolu” gedənlərin sayı beş deyil, on deyil. Bu gün o taylı-bu taylı Azərbaycanın elə bir mahalı, obası tapılmaz ki, orada Əkbərin adı bilinməsin, ifası sevilməsin. Hətta, sazdan-sözdən uzaq adamlar belə “Ögey ana” və “Böyük dayaq” filmlərində oxuyan aşığa- Əkbər Cəfərova heyranlıqlarını gizlədə bilmirlər.
   Sazın-sözün nə demək olduğunu bilən hər kəs Aşıq Əkbərin adamın ruhuna dalğa-dalğa yayılan məlahətli səsindən doymur, onu ürəyinin, canının qidası, dərmanı sayır. Sözün əsl mənasında ilğıma bənzəyən bu səs o qədər həlim və mehribandır ki, ona yoldaşlıq eləyib səfərə çıxmaq, onunla birlikdə uzun bir yol getmək hər bir saz sevdalısının ürəyindən olur. Dinlədikcə dinləyirsən, yormur, usandırmır Əkbərin səsi. Səni daim uğura, işığa çağırır bu səs. Ən yorğun, əzgin-üzgün çağında, hətta xəstə vaxtında belə qoluna girib ayağa qaldıra bilir, umuda doğru, sabaha doğru aparır səni. Bu baxımdan Aşıq Əkbər səsi dünənin nisgilli xatirəsində qalan səs deyil, bu günün-sabahın yarasına məlhəm qoyan, sevən ürəklərin işığını artıran, bütün zamanların gözəl duyğularını sığal çəkə-çəkə qanadlandıran və sözügedən bənzərsiz keyfiyyətlərinə görə ulu Tanrının müqəddəs dərgahından gəldiyinə heç bir şübhə yeri qoymayan ilahi sədadır.
   Əkbər səsinin, Əkbər sənətinin loğman möcüzəsi, sirli-sehirli şəfası heç bir zaman tükənməyəcək...
   
   Prof. Məhərrəm Qasımlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar