Aşıq GülarƏ Azaflı:
“Mənim dövlətim, varım, dünyam sazdır. Heç kəsə deyə bilmədiyim dərdimi saza deyirəm. Bəzən onunla baş-başa verib ağlayıram da...”
Böyük bir sənətkar ailəsində dünyaya gəlməyin özü xoşbəxtlikdir. Gülarə Azaflı da belə bir ailədə doğulub. Aşıq Mikayıl Azaflının ocağında. 11 uşağın ortancılı dünyaya öz dünyasından baxmağa çalışıb. Ağlı kəsəndən mehrini, sevgisini babasının (atalarını baba deyə çağırardılar) çaldığı saza salıb. Babası evdə olmayanda sazı alıb çaldığı vaxtlar da olub. Amma dünya görmüş babası çox haqsızlıqlar, ədalətsizliklər gördüyündən, övladlarının heç birini bu sənətin davamçısı görmək istəmirdi. Bəxti də, sənəti də verən Allahdır...
1976-cı ilin baharında Tovuzda böyük Səməd Vurğunun yubileyi keçirilirdi. Yaxın-uzaq ellərdən bu yubileyə kimlər gəlməmişdi? O gün Gülarə ilk dəfə babasının da iştirak etdiyi məclisdə “Baş sarıtel” havası üstündə çalıb-oxudu. Ürəkdən oxudu, həvəslə oxudu. Bu azmış kimi özündə təpər tapıb Səməd Vurğuna həsr etdiyi şeiri də söylədi. Düz bir ay babasının gözünə görünmədi, düz bir ay babasından qaçdı...
Mikayıl Azaflı da Azaflıydı, sənətin daşlı-kəsəkli yollarından danışdı, qızını bu sənətdən uzaqlaşdırmaq istədi. “Dedi ki, əgər axıra kimi bu sənətin ardınca gedəcəksənsə, bu çətin yolda büdrəməyəcəksənsə, yolun açıq olsun, yox əgər sənəti yarı yolda qoyacaqsansa, dözümün olmayacaqsa, elə bəri başdan bu sənətdən əl çək”.
Gülarə hələ uşaq olanda böyük sənətkarlar barədə kitablar oxuyar və özünə belə bir sual verərdi: niyə onların övladları atalarının sənətlərini davam etdirmir? Bu dəfə babasına sual vermədi, sualın cavabını dedi. “Babama dedim ki, sənin uşaqlarından biri sırf Azaflı sənətinin davamçısı olmasa, onda gələcək nəsillər bizi lənətləyər. Necə ki, mən böyük sənətkarların övladlarını qınayıram”. Axır ki, babamın xeyir-duasını aldım...
“Ruhuma hopan havalar”
O zamandan 30 ilə yaxın vaxt keçir. Aşıq Gülarə saza-sözə o qədər bağlanıb ki, özünü bu sənətdən ayrı təsəvvür eləmir. Deyir ki, könlümə yatan, birbaşa ruhuma hopan havalar çoxdur. Amma o havalar bir az qəmli havalardı - “Qaraçı”dı, “Dilqəmi”di, “Ruhani”di, “Bəhməni”di, “Divani”di, “Təcnisdi”, “Baş sarıtel”di... Bu havaları ifa edəndə başqa bir aləmdə oluram. Sanki Dədə Qorqudun zamanına gedirəm, elə bilirəm ki, Dədə Qorqud bu havaları dinləyir, ona hesabat verirəm”. Saz havalarını olduğu kimi, nəsillərdən-nəsillərə çatdırmağı özünə sənət borcu bilir Gülarə Azaflı. “O kökün özünün şirinliyi, o kökün özünün dərinliyi insanı tamam başqa bir dünyaya aparır” - deyir.
“Aşıq Pəri”nin pərisi
Artıq on ilə yaxındır ki, Gülarə xanım “Aşıq Pəri” məclisinə rəhbərlik edir. “Aşıq Pəri” Məclisinin yaradıcısı Narınc Xatun əməyini, zəhmətini kövrək xatirələrlə xatırlayır:
- Narınc Xatun “Aşıq Pəri” məclisini böyük zəhmət bahasına yaradıb. Azərbaycanı qarış-qarış gəzib, saz tutan, söz deyən, fitri istedadı olan qadınları bir araya gətirib. Yadımdadır, Borçalı mahalının Hamamlı kəndində ömrünü-gününü saza bağlayan 70 yaşlı Aşıq Sonanı axtarıb tapdı. O görüşdə mən də vardım. Sona xanım elə bir “Zarıncı” oxudu ki, indi də yadıma düşəndə tüklərim biz-biz olur.
1984-cü ilin sentyabrında “Aşıq Pəri” məclisinin Yazıçılar İttifaqında ilk açılışı oldu. Orda çox böyük şəxsiyyətlər iştirak edirdilər. Rəhmətlik İsmayıl Şıxlı, Hüseyn Arif, Əzizə Cəfərzadə, Maral Rəhmanzadə, Mikayıl Azaflı... və neçə-neçə ustad aşıqlar, sənətkarlar. “Aşıq Pəri” məclisi ilk xeyir-duasını o böyük sənətkarlardan aldı.
Allah qoysa, sentyabr ayında “Aşıq Pəri” məclisinin 25 illik yubileyini keçirəcəyik. Məktubla lazımı yerlərə müraciət etmişik” - deyir.
Gülarə Azaflı sənətini təkcə ölkəmizdə deyil, yaxın-uzaq ellərdə layiqincə təbliğ edir. Türkiyədə, Almaniyada, Amerikada, MDB ölkələrində saz sənətinin qeyri-adi sənət olduğunu insanlara çatdırır. Bu yaxınlarda Qars festivalından qayıdan Gülarə xanım təəssüratlarını bölüşür: “Biz orda qonaq qismində iştirak edirdik. İfamızı eşidəndə heyran qaldılar. Bizim aşıqlarda olan o səsi, o avazı heç bir yerdə görmədim. Gələn ayın 30-da yenə Türkiyəyə dəvət almışam. Festivalı təşkil edən Amerikada yaşayan türkdür. Hansı ki, həmin adam 1985-ci ildə məni Dünya Musiqi-Folklor Festivalına dəvət etmişdi”.
Sənətdə öz sözünü deyən, uğurlar əldə edən Gülarə xanım görəsən nə vaxtsa aşıq sənətinə gəldiyinə görə peşman olmayıb ki? “Gərək gizlətməyəm, düzünü deyəm. Həyatda çox çətinliklərlə üzləşmişəm, çox zərbələr almışam. Amma şükürlər olsun ki, yıxılmadım, ayaq üstündə dayana bildim. Babama söz vermişdim ki, bu sənəti ləyaqətlə davam etdirəcəyəm. Axıra qədər də belə olacaq. Bu sənətsiz yaşaya bilmərəm. Saz mənim taleyimdir, dünyamdır, varlığımdır...”
Təranə Məmmədova