Ağ Aşıq aşıq ədəbiyyatının bəmbəyaz, uğurlu yoludur. Ondan sonra Aşıq Alı, Aşıq Ələsgər kimi sənətkarlar da bu ağ yolun yolçusu oldular...
      Yaddaş insana və tarixə məxsusdur. Bəzən tarixin unutduğunu yaddaş, yaddaşın unutduğunu tarix qoruyub saxlayır. Əvvəli və sonu bilinməyən insan selinin arasında dövrə, vaxta sığmayanlar zaman-zaman üzə çıxır.
   Aşıq ədəbiyyatında Ağ Aşıq kimi tanınan, ağ ucalıqda dayanan Aşıq Allahverdinin XVIII yüzilliyin sonu, XIX yüzilliyin əvvəllərində (1775-1880) yaşadığı güman edilir. Çox da uzaq olmayan bir tarixdə yaşayıb-yaratsa da, Ağ Aşıq barədə məlumatlar o qədər də çox deyil. XIX əsr Göyçə aşıq məktəbinin ən ünlü sənətkarlarından olan Ağ Aşığın yaradıcılığı kimi həyatı, nəsil şəcərəsi maraq doğurur.
   Deyilənlərə görə, Allahverdinin anadangəlmə saçı, qaşı, kirpiyi ağ olduğu kimi, dünyaya baxışı, yaradıcılığı da fərqli olmuşdur. Ömrünü-gününü aşıq sənətinə bağlayan Allahverdi xalq arasında Ağ Aşıq adı ilə tanınıb şöhrət tapmışdır.
   Allahverdinin Ağ Aşıq deyə çağırılması ilə bağlı başqa bir versiya da mövcuddur. Folklorşünas alimlərin tədqiqatlarına görə, Ağ Aşığın babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü olmuş, müridləri ilə quzeydən - çox güman ki, Qazax-Şəmşəddil, yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində məskunlaşmışdı. Şeyx Osman və onun oğlu Qara Osmanoğlu aşıq olmasalar da, gözəl saz çalıb oxuyarmışlar. Ancaq onların aşıqlığı təkkə mərasimi çevrəsindən kənara çıxmazmış.
   Ağ Aşığın bacısının da saz-söz sənətinin bilicisi olduğu, Kosacanda gəlin olduğuna baxmayaraq, ölənədək sazı yerə qoymadığı faktları mövcuddur. Günümüzə gəlib çatan rəvayətlərə görə, Ağ Aşıq Arazın o tayından Telli Cəfərin qızı Süsənbər xanımla ailə qurmuş, "Süsənbəri" havası da məhz onun şərəfinə yaranmışdır. Aşığın İsmayıl və Məhərrəm adlı iki oğlu olduğu da məlumdur.
   Ağ Aşığın Göyçəyə köçməsi səbəbini isə tədqiqatçılar iki hadisə ilə bağlayır. Atası öldükdən sonra ailənin bütün ağırlığının Allahverdinin üzərinə düşməsi və o zaman kəsiyində Qacarların İranda və Qafqazda tüğyan etməsi ilə əlaqələndirirlər.
   Xalq öz qəhrəmanını mifləşdirməyi sevir. Deyilənlərə görə, Allahverdiyə Allah vergisi verildiyindən, onun saz çalıb oxumasından sağalmaz xəstələr şəfa taparmış. Bu xəbər tezliklə Şərqi Anadolu hakimlərindən Sərdar Hüseyn paşaya çatır. Yuxusuzluqdan əzab çəkən Sərdar Hüseyn paşa əmr edir ki, aşığı, nəyin bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən silahlı dəstə onu çox axtarsa da, axır Göyçədə tapıb Sərdar Hüseyn paşanın hüzuruna aparırlar. Ağ Aşıq 5 ilə yaxın burada qalır. Deyilənlərə görə, aşığın ilk çalıb-çağırmağı ilə Sərdar Hüseyn yuxuya gedir. Yaxın adamlar paşanın öldüyünü güman edib, Allahverdini öldürmək istəyirlər. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və həmin andan dərdinə dava edən Ağ Aşığı heç yana buraxmır.
   Bu hadisədən beş il sonra Sərdar Hüseyn Allahverdiyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola salır. Ağ Aşıq Göyçəyə üz tutur. Onun yolda dediyi:
   
   Durnam, gedər olsan bizim ellərə,
   Qatıq söylə, qaymaq söylə, yağ söylə.
   Əgər soruşsalar Ağ Aşığın halını,
   Boynu armud saplaq, canı sağ söylə,
   - bəndi ilə başlanan şeiri bugümüzədək gəlib çatmışdır.
   Ağ Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı coğrafi çevrə olduqca geniş olmuş, Misirdən Şərqi Türküstana kimi gəzib dolaşmışdır.
   Ağ Aşığın irsindən bizə çox az nümunələr gəlib çatmışdır. Ancaq onun zərif, incə bayatıları günümüzə kimi gəlib çatıb.
   Mən aşıq, gəldi keçdi,
   Günlərim gəldi keçdi.
   Yarın odlu baxışı
   Sinəmi dəldi keçdi.
   Ağsaqqalların söylədiyinə görə, Ağ Aşıq çuxa, buxara papaq və İran məsti ("əcəmi çarıq" da deyərdilər o zaman!) geyər, geydiyi çuxa həmişə şabalıdı rəngdə olardı. Kim olursa-olsun, heç zaman hərcayi-hədyan sözlərə baş qoşmaz, ağzından bircə ağır söz belə qaçırmazdı. Heç kim və heç nə qarşısında əyilməzdi.
   Deyilənlərə görə, Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumasa da, söz qoşar, bayatılar çağırarmış.
   Aşıq ədəbiyyatında Ağ Aşığın ən böyük xidmətlərindən biri də ustad aşıqlar - o cümlədən, Aşıq Alı kimi sənətkar yetişdirməyidir. Aşıq Alı isə öz növbəsində Aşıq Ələsgərin ustadı oldu.
   
   Təranə Vahid