Aşıq Hüseyn Şəmkirli o xoşbəxt sənətkarlardandır ki, zaman axdıqca, sular durulduqca, sazın sarı simi könlümüzə toxunduqca dirilən, durulan söz xəzinəsi ilə ruhumuzu işıqlandırır, yada düşür, xatırlanır.
   
   Yeri dağlar, sənlə həmdəm olmaram,
   Dağlar, əsirgədin qarı da məndən!
   Seyraqubun tənə-tənə sözləri,
   Bir gün ayrı salar yarı da məndən.
   Aşıq Hüseyn Şəmkirli XIX əsrin əvvəllərində 1811-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olub. Sonra ailəsi Qaracəmirli kəndinə köçüb, Hüseyn ömrünün son gününə kimi o kənddə yaşayır. Atası Qurban kişi oğlunu Alabaşlı kəndində yaşayan məşhur dəmirçi Kəblə Bağırın yanına gətirərək ona şəyird verir. Kəblə Bağır adi dəmirçi deyildi, mükəmməl mədrəsə təhsili almış, ərəb-fars dillərini öyrənmiş dövrünün gözüaçıq, savadlı, yeni fikirli adamlarından biri idi. Dəmirçilik sənəti ilə yanaşı saz çalar, şeir qoşar, “Məzlum” təxəllüsü ilə qoşmalar yazardı.
   Kəblə Bağır az vaxt içərisində Hüseynin istedadını qiymətləndirir, ona saz-söz sənətinin sirlərini öyrədir. Hüseynin əlində dəmir, ürəyində söz muma dönür.
   Nazlı yarın gül yanağı,
   Yaraşıbdır xal üstünə.
   İncə beldə gümüş kəmər
   Düzülübdür pul üstünə.

   Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Aşıq Hüseyn Şəmkirli ilə bağlı maraqlı məqamları bizimlə bölüşdü:
   - XIX əsr mənzərəsində Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı üçlüyü Azərbaycan aşıq sənətinin unudulmaz üçlüyüdür. Cərgənin bu cür düzülüşü onların yaş dövrləri ilə bağlıdır. Aşıq poeziyasının inkişafında bu üçlük misilsiz xidmətlər göstərmişdir.
   Bu il həm də Aşıq Hüseyn Şəmkirlinin 200 illik yubileyidir. Aşıq Hüseyn Şəmkirli doğrudan da böyük simadır və onun yubileyinin geniş miqyasda, çox yüksək səviyyədə qeyd olunması olduqca vacibdir.
   - Məhərrəm müəllim, deyilənlərə görə, Aşıq Hüseyn Şəmkirli ilə Molla Pənah Vaqif arasında qohumluq əlaqələri olub. Bu nə dərəcədə doğrudur?
    - Bir rəvayətə görə, Aşıq Hüseyn Şəmkirli Molla Pənah Vaqifin bacısı nəvəsidir. Burda özünü doğruldan müəyyən bir tərəf də var, “qoç igid dayısına oxşar”. Vaqif nəfəsi, şeir ənənəsi Şəmkirli Aşıq Hüseyndə özünü göstərə bilərdi və bəzi əlamətlər də var. Vaqifin məşhur “Oynasın” rədifli qoşmasının davamını biz Şəmkirlinin eyni adlı qoşmasında görürük. Bu genetik koddan, ənənədən də irəli gələ bilərdi.    

   İki böyük sənətkarın unudulmaz görüşü
   
   Maraqlıdır ki, Aşıq Hüseyn Şəmkirlinin dövründə onunla üzbəüz gəlib onun meydanında qürrələnə biləcək bir sənətkar görünmür. Özü başqa yerlərdə sənətkarlara meydan oxuyur və nəticədə dastanlar yaranır. İki böyük sənətkarı - Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgəri deyişən yox, görüşən görürük.
   Maraqlı bir əhvalat danışırlar. Aşıq Hüseyn Şəmkirli yaylaqda olanda ürəyinə düşür ki, gedib Göyçədə Aşıq Ələsgəri görsün. Aşıq Ələsgərin də ürəyinə damır ki, Aşıq Hüseyn Şəmkirli onlara qonaq gələcək. Oğlu Talıb danışırmış ki, səhər atam durub dedi ki, bu gün bizə Aşıq Hüseyn Şəmkirli qonaq gələcək. Gətirin, qoç bağlayın, gələndə qabağında kəsəcəm. Deyir, inanmadıq. Aşıq Hüseyn Şəmkirli gəlib kəndə girir, görür ki, damın üstündə bir ağsaqqal kişi oturub qəlyan çəkir. Bilir ki, bu aşıq Ələsgərdir. Yanına çatan kimi deyir salam məleyküm, aşıq Ələsgər! Aşıq Ələsgər eyni ilə cavab verir: “Əleykəssalam, Aşıq Hüseyn Şəmkirli!”. Heç vaxt bir-birinin üzünü görməyən haqq vergisi olan istedadlar həqiqətən də bir-birini tanıyırlar. O görüş sonralar dastana çevrilərək dillər əzbəri olur. Bu onu göstərir ki, Ələsgərin sənət meyarları ilə Aşıq Hüseyn Şəmkirlinin sənət meyarları biri-birinə tən gələn səviyyədə idi və Ələsgər Şəmkirli şeiriyyatına, Şəmkirli də Ələsgər şeiriyyatına böyük ehtiram bəsləyirdi.
   - Aşıq Hüseyn Şəmkirlinin özünün dediyinə görə, onun altı yüz divanisi, təcnisi, yeddi yüz qıfılbəndi, səksən bəhri-təhvili olsa da, zəngin irsinin çox az bir hissəsi bizə gəlib çatıb. Bunun səbəbi nədir?
    - Aşıq Hüseyn Şəmkirli yazıb-oxumaq bildiyindən şeirlərini həm də yazı şəklində ortaya qoyub. Deyilənə görə, Vəli Xuluflu 1930-cu illərdə Qaracəmirliyə gedib, aşığın iki at yükü xurcunla dolu əlyazmasını götürüb Bakıya gətirib. Sonralar Vəli Xuluflunun repressiya olunub güllələnməsindən sonra bu əlyazmaları itib-batır, aqibəti naməlum qalır.
   Bir ayrı rəvayət də danışırdılar ki, Aşıq Hüseyn Şəmkirlinin bir erməni şagirdi əlyazmalarını götürərək aradan çıxarıb məhv eləmişdir. Hər halda indi Aşıq Hüseynin əldə olan əsərləri nəhəng irsinin cüzi bir hissəsidir. Bununla belə yenə də dastan, bir çox dastan rəvayətləri və yüzə yaxın şeiri - divanillər, müxəmməsslər, təcnislər, qoşmalar yaddaşlara sığınıb günümüzə qədər gəlib çatıb.
   
   Aşığın zərif bəstələri
   
   - Aşıq Hüseyn Şəmkirli həm də tarixə bəstəçi aşıq kimi düşüb...
   - Bütün başqa aşıqlardan fərqli olaraq Aşıq Hüseyn Şəmkirli bəstəçi aşıq idi, o bir çox saz havalarının müəllifi idi. Köhnə aşıqlar deyirdilər ki, Şəmkirli 10-dan çox hava bəstələyib, ancaq indi onun adı ilə ortada olan havalar “Aşıq Hüseyn gözəlləməsi” deyilən məşhur hava (Borçalı aşıqları bu havaya “Dastanı” deyirlər), “Zarıncı havası”, “Şəmkir sarayı” və nəhayət, məşhur “Dilqəmi” saz havasıdır. Ola bilsin ki, desinlər ki, “Dilqəmi” havasını Aşıq Dilqəm yaradıb, elə deyil. Bu hava Aşıq Hüseyn Şəmkirli tərəfindən yaradılıb, sadəcə olaraq Dilqəmin sözlərini bu hava üstündə ilk dəfə səsləndirib. Bu hava da onun barmaqlarından yadigardır.
   Dediyim havaların melodik tərkibinə baxanda adamı heyrət bürüyür ki, nə qədər yüksək musiqi duyumu olmalıdır, nə qədər yüksək musiqi biliyi olmalıdır ki, havanı bu cür dəqiqliyi ilə bəstələyəsən. Təsadüfi deyil ki, bu havalardan ikisi - “Dilqəmi” və “Aşıq Hüseyni” havaları bu gün solo saz ifaçılığında çox mühüm yer tutur.
   Aşıq Hüseyn Şəmkirlinin şeirlərində də bu gözəllik var.
   Yarın bağçasında üç gül açılmış,
   Ağ gül, qırmızı gül, illah sarı gül.
   Hər üçü də bir-birindən sevməli,
   Ağ gül, qırmızı gül, illah sarı gül.
   Nə qədər gözəldir. Bunların içərisində həm melodik axar, həm kolorit, həm cazibədarlıq var. Aşıq Hüseyn Şəmkirlinin sənət dünyası poeziyası, aşıq sənətindəki xidməti doğrudan da unudulmazdır.
   Aşıq Hüseyn Şəmkirlinin irsi böyük bir məktəbdir. Onun irsini uca tutmaq lazımdır. O buna layiq sənətkardır.
   Hüseyn deyərlər adıma,
   Ellər yetişsin dadıma.
   Yarım düşəndə yadıma
   Yansa pərvanə layiqdir.
   Aşıq Hüseyn Şəmkirli lirik şeirlərlə yanaşı, irihəcmli əsərlərin də müəllifidir. Bunların arasında “Vaqif” dastanı, “Hüseyn-Reyhan” dastanı, “Aşıq Hüseynin Bəyçobanla əhvalatı”, “Aşıq Hüseynlə Aşıq Ələsgərin görüşü” və s. dastan və poetik rəvayətlər var.
   Aşıq Hüseyn Şəmkirli 1891-ci ildə 80 yaşında haqq dünyasına qovuşsa da, onun zəngin ədəbi irsi Azərbaycan aşıq ədəbiyyatının ən gözəl nümunələri kimi dildən-dilə, eldən-elə dolaşmaqdadır, yüz illər boyu da belə olacaq.
   
    Təranə Vahid