Başa çatan il mədəni həyatımızın bütün sahələrində, o cümlədən aşıq sənətimizdə əlamətdar tədbirlərlə yadda qalıb. Aşıqlar Birliyi tərəfindən bir sıra layihələr həyata keçirilib. Birliyin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu bu layihələrdən bir qismi barədə söhbət açdı:
- Son illərdə mədəniyyətimizin bütün sahələri kimi, aşıq sənəti də dövlətimizin diqqət və qayğısı sayəsində inkişaf edir. Bu qayğının nəticəsidir ki, aşıq sənəti xalqımızın milli mənəvi sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Sazımızın səsi dünyanın ən mötəbər salonlarından gəlir, aşıqlarımız fəxri adlara, Prezident təqaüdünə layiq görülürlər. 2010-cu ildə ilk dəfə olaraq ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirildi.
2011-ci il də bizim üçün uğurlu və yaddaqalan oldu. Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi ilə bir sıra layihələr həyata keçirdik. Onlardan bəzilərini qeyd etmək istəyirəm. Bu il ölməz sənətkar, ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 190 illiyi olduğundan biz 2011-ci ili Aşıq Ələsgər ili elan etmişdik. Bu il həm də Aşıq Ələsgərin ustadı olmuş Aşıq Alının andan olmasının 210 ili tamam olurdu və ilk böyük tədbirimiz də məhz ona həsr olundu. Fevral ayında Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Mahalım Göyçədi, əslim Qızılvəng” adlı yubiley tədbiri keçirdik. İlboyu Əli Quliyev, Əhməd Rüstəmov və digər aşıqların yubileyləri qeyd olundu, aşıqlarımız ölkəmizdə və xaricdə folklor festivallarında, digər tədbirlərdə iştirak etdilər.
- İlin ən yaddaqalan tədbiri hansı oldu?
- Təbii ki, Aşıq Ələsgərlə bağlı dekabrın 14-də Heydər Əliyev Sarayında keçirdiyimiz tədbir. Bu, Aşıq Ələsgərlə bağlı ilboyu keçirdiyimiz tədbirlərin yekunu idi. Tədbirə Türkiyədən, İrandan, Dağıstandan və Gürcüstandan da qonaqlar dəvət olunmuşdu. Onu da deyim ki, Aşıq Ələsgərin yubileyinə həsr olunmuş tədbirlər Bakı ilə yanaşı, bir sıra rayonlarda da keçirildi.
- Hər il olduğu kimi yəqin ki, bu il də aşıq sənəti ilə bağlı yeni nəşrlər çapdan çıxıb?
- Ozan-aşıq sənəti ilə bağlı mütəmadi olaraq müxtəlif nəşrlərimiz işıq üzü görür. 2010-cu ildən “Ozan dünyası” adlı jurnalımız nəşr olunur. Bu il “Sazımız - sazbəndimiz” adlı kitabımız işıq üzü gördü. Qeyd edim ki, bu, sazbəndlərdən bəhs edən ilk kitabdır. Həmçinin Aşıq Ələsgər yaradıcılığından seçmələrdən ibarət (toplayanı İslam Ələsgər) “Aşıq Ələsgərin hikmət dünyası” adlı kitabı nəşr etdirdik.
- Aşıq sənətinin dünyada təbliği üçün daha hansı işlər görülməlidir?
- Yuxarıda da qeyd etdiyim kimi, dövlətimizin qayğısı sayəsində aşıq sənətimiz bütün dünyada tanınır. Xüsusilə Avropa ölkələrində xalqımızın bu ölməz sənətinə maraq böyükdür. Aşıqlarımız tez-tez xarici ölkələrdə səfərlərdə olurlar. Lakin bu sənəti dünyada daha geniş təbliğ etmək üçün isə hələ çox işlər görülməlidir. Ustad aşıqlarımızın, eləcə də gənclərin ifalarından ibarət disklər buraxılmalı, aşıq sənətinin dünəni və bu günü, ustadlarımızın həyatı və yaradıcılığı ilə bağlı müxtəlif dillərə tərcümə olunmuş bukletlər, kitablar nəşr edilməlidir ki, xarici ölkələrə səfərə gedən aşıqlarımız özləri ilə aparıb bu sənəti təbliğ etsinlər. Ümid edirik ki, 2012-ci ildə aşıq sənətinin təbliği sahəsində daha böyük uğurlarımız olacaq.
Təranə Vahid