“Ustad aşıqlarımız” seriyasından ilk kitab Dədə Ələsgərə həsr olunub
   
   Sentyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər” kitabının təqdimatı keçirildi. Kitabın tərtibçisi və nəşrə hazırlayanı Musa Nəbioğludur. Nəşr Xalq yazıçısı Elçinin məqaləsi ilə başlayır.

   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Aşıqlar Birliyinin “Ustad aşıqlarımız” seriyasından ilk nəşr olan “Aşıq Ələsgər” kitabı haqqında müfəssəl məlumat verdi. “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitab Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə ərsəyə gəlib. Kitabda ayrı-ayrı alimlərin görkəmli söz ustadı haqqında yazdıqları məqalələr, Xalq şairi Zəlimxan Yaqubun “Göycədən gələn səslər” poeması və Aşıq Ələsgərin qoşmaları yer alıb.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev qeyd etdi ki, Azərbaycanın klassik aşıq-şairlərinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgər dərin və məzmunlu yaradıcılığı ilə mədəniyyət xəzinəmizə çox dəyərli incilər bəxş edib. Böyük sənətkarın xatirəsi hər zaman xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilib.
   Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı ədəbiyyatımızda xüsusi yeri olan Aşıq Ələsgərin zəngin irsindən söz açdı. Bildirdi ki, onun geniş yaradıcılığı bu günə qədər neçə-neçə elmi əsərlər üçün tutarlı mövzu olub və bundan sonra da olacaqdır.
   Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub “Ustad aşıqlarımız” seriyasının ilk kitabının Aşıq Ələsgərə həsr edilməsinin təsadüf olmadığını dedi: “Çünki o, zəmanəsinin ən böyük şairi olub. Hesab edirəm ki, bundan sonra da olacaqdır. Aşıq Ələsgər zirvəsinə qalxmaq hər kəsə nəsib olan iş deyil”.
   Prezident təqaüdçüsü, şair İlyas Tapdıq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Kreml Sarayında görkəmli sənətkarın 150 illik yubileyinin qeyd edildiyini yada saldı. Bu gün ulu öndərin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin Aşıq Ələsgər yaradıcılığına yüksək qiymət verdiyini vurğuladı.
   Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, şair Musa Ələkbərli, Əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov, şəxsi mənzilində Aşıq Ələsgər muzeyi yaradan Hüseyn Hacı Qulu oğlu və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışdılar.
   Tədbirdə qeyd olundu ki, “Aşıq Ələsgər” seriyasının davamı olaraq Aşıq Alı, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma və digər ustad aşıqların da irsinin toplanıb nəşr olunması nəzərdə tutulur.
   Sonda görkəmli sənətkarın nəslinin davamçısı Nizami Ələsgər tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
   
   Savalan Fərəcov