Aşıq sənəti tarixi və ənənələri baxımdan qədim və zəngin olmaqla yanaşı, həm də çoxcəhətli yaradıcılıq növüdür, dilimizi, folklorumuzu, şeiri, musiqini, eləcə də məqam və intonasiya, xalq xoreoqrafiyası, ifaçılıq və dastançılıq ənənələri, xalq teatrı elementlərini ehtiva edən sinkretik sənətdir. Bu çoxcəhətli xüsusiyyətinə görədir ki, aşıq sənəti musiqişünaslıq, folklorşünaslıq, dilçilik, etnomusiqişünaslıq, kulturologiya, teartşünaslıq, filologiya, etnoqrafiya, alətşünaslıq və digər elmlər tərəfindən ayrı-ayrılıqda və kompleks elmi metodlar ilə tədqiq olunur.
   
   Musiqi eposşünaslığı xalqların epos yaradıcılığını və təfəkkürünü araşdırır. Epik xalq düşüncəsi və xalq musiqisi təfəkkürü qarşılıqlı əlaqə və sistem halında məhz xalqların qədim epos yaradıcılığında yaşayır. Azərbaycan xalqının epos yaradıcılığı aşıq-dastan yaradıcılığında öz mədəni-tarixi davamını tapır. Bu baxımdan eposların, dastanların musiqi (melodiya, məqam, intonasiya, forma, ritm, ifaçılıq və s.) aspektlərinin tədqiqi, əslində, Azərbaycan musiqi tarixinin, xalq musiqisinin və ənənəvi professional musiqinin tarixən qədim təfəkkür, quruluş və ənənə qatlarının elmi yolla öyrənilməsi deməkdir.
   Respublikamızda bu istiqamətdə məqsədyönlü elmi fəaliyyəti və nailiyyətləri ilə nüfuz qazanan alimlərdən biri də Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. O, elmi redaktoru olduğu “Musiqi dünyası”, “Harmony” jurnallarında, müəllifi olduğu saytlarda da Azərbaycan aşıq musiqisinin elmi tədqiqatlarına, təbliğinə və öyrənilməsinə geniş yer verir. Professor T.Məmmədov uzun illərdir Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq yaradıcılığı” kursu, “Aşıq sənəti” fənni üzrə mühazirə və seminar dərslərini aparır, bu problemlərə həsr olunmuş dissertasiyalara elmi rəhbərlik edir. Onun bu sahədə uğurları artıq türk musiqili eposuna, türk xalqlarının dastanlarına, ozan-aşıq-baxşı-akın sənətlərinə sistemli yanaşmanı əhatə edir.
   T.Məmmədovun xüsusilə aşıq musiqisinə dair dərs vəsaitləri və dərslikləri müasir dövrdə ilk qiymətli tədris ədəbiyyatı olmaqla, tələbələr, magistrlər, doktorantlar üçün olduqca faydalı informasiya mənbəyidirlər. “Azərbaycan aşıqlarının ənənəvi havaları” (rus dilində, 1989), “Azərbaycan klassik aşıq musiqisi” (2009), “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti” (2002), “Azərbaycan aşıq yaradıcılığı” (2011) kimi monoqrafiya və dərsliklərdə aşıq musiqisi elmi-nəzəri aspektlərdə araşdırılmışdır. Bu ədəbiyyatların bir qiymətli cəhəti də bütün ənənəvi aşıq havalarının not yazıları ilə və havalardan, dastanlardan ibarət SD-lərlə təmin olunmasıdır.
   Onun Azərbaycan aşıq musiqisinə dair tədqiqatlarının daha bir obyekti “Koroğlu” aşıq havalarıdır. Alimin türk xalqlarının “Koroğlu” epos və dastanlarının ayrılmaz tərkib hissəsi olan epik qəhrəman - ozan, aşıq, baxşı musiqisinin elmi şəkildə öyrənilməsi istiqamətində müqayisəli tədqiqatları Asiya, Rusiya, Yaxın və Orta Şərq, Avropa etnomusiqişünaslığında maraqla qarşılanmışdır.
   T.Məmmədovun yazdığı kimi, Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik, mənəviyyat və məhəbbət ideallarında əbədiyaşar qəhrəman Koroğlu haqqında ustad ozan və aşıqlar xüsusi havalar yaratmışlar. Türk xalqlarının analoji sənət növlərində də Koroğlu haqqında nəğmələr geniş yayılmışdır. Xalqın bu qəhrəmanlıq musiqisi Koroğlunun oxuduğu, onun igidliyini, Qıratını, Misri qılıncını vəsf edən havalardan ibarətdir. Dastanda məhz bu havalar sistem halında ifa olunur.
   Professor T.Məmmədov Azərbaycan ərazisində tarixən mövcud olan aşıq bölgələrində (Qarabağ, Göyçə-Gədəbəy, Təbriz, Qaradağ, Urmiya, Dərbənd, Borçalı, Gəncəbasar, Qazax-Şəmkir-Tovuz, Naxçıvan, Şirvan, Kəlbəcər aşıq mühitlərində) orta əsrlərdən ifa olunan ənənəvi “Koroğlu” havalarını ilk dəfə musiqişünaslıq elminin tarixi-nəzəri tədqiqat müstəvisinə gətirmiş, bu havaları ciddi nəzəri meyarlarla tədqiq və təhlil etmişdir. Alimin bu mövzuda tədqiqatları və nəticələri rus dilində “Koroğlu mahnıları” (1984), Azərbaycan dilində “Koroğlu aşıq havaları” (2010) monoqrafiyalarında öz əksini tapmışdır.
   Alim bu günlərdə “Koroğlu Türkic Epic Songs” adlanan daha bir sanballı monoqrafiyasını təqdim etmişdir. Nəşr türk xalqlarının epik-qəhrəmanlıq irsinin fundamental tədqiq edildiyi, eyni zamanda Azərbaycan aşıq musiqisinə dair ingilis dilində ilk monoqrafiya və dərslikdir.
   “Apostrof” çap evi tərəfindən yüksək poliqrafik səviyyədə nəşr edilən, 432 səhifədən ibarət olan kitab foto, not və audio-video materiallara malikdir.
   Kitabda Azərbaycan şifahi ənənəli musiqisinin təsnifatı, növ və janrları, musiqi folkloru, aşıq sənətinin tarixi, mühit və məktəbləri, ifaçılıq ənənələri, repertuarı, saz alətinin kök, pərdə, hava sistemi haqqında xarici dildə geniş məlumat verilmişdir.
   Müəllif həmçinin “Koroğlu” havalarının melodiya, məqam və ritm xüsusiyyətlərini, musiqi, şeir və vəzn əlaqələrini nəzəri təhlilə cəlb etmişdir. XX əsr aşıq sənətinin Aşıq İmran, Aşıq Əkbər, Aşıq Mahmud, Aşıq Hüseyn Saraclı, Aşıq Mikayıl Azaflı və başqa şöhrətli aşıqlarından Koroğlu haqqında müxtəlif havaları və onların variantlarını yazıb tədqiq etməklə, müəllif bu sənətkarların da irsinin öyrənilməsinə töhfə vermişdir.
   Kitaba “Koroğlu” dastanının boyları, dastanda çalınıb-oxunan bütün havaların notları, ustad aşıqların və xalq musiqisinin toplanmasında xidmətləri olan bəstəkar və musiqişünaslar haqqında da məlumat verilib. Burada Türkiyə ozan və aşıq sənətində ifa olunan Koroğlu havalar silsiləsi, Türkiyə “Koroğlu” dastan havaları, eləcə də, türkmən və qazax xalqının Koroğlu haqqında epik-qəhrəmanlıq nəğmələri müqayisəli təhlil olunmuş, havaların not və audio materialları bir yerə cəmlənmişdir.
   Kitabın sonunda rus, fransız, alman dillərində də musiqi folkloru, aşıq sənəti haqqında dəyərli bilgi verilmişdir.
   Məlumdur ki, Azərbaycan aşıq sənəti UNESCO-nun dünya xalqlarının qeyri-maddi mədəniyyət irsi siyahısına daxil edilmişdir. Müasir dövrdə bu qədim və zəngin mədəniyyətimizin yaşaması, təbliği, öyrədilməsi sahəsində görülən davamlı işlər tədqiqatçıların da qarşısına yeni vəzifələr qoyur. Bu baxımdan professor T.Məmmədov ingilis dilində aşıq sənətinə həsr etdiyi monoqrafiyası ilə alim missiyasını layiqincə yerinə yetirmişdir. “Koroğlu Türkic Epic Songs” kitabı türk xalqlarının, o sıradan Azərbaycan xalqının qədim ozan, aşıq sənəti və musiqisini tədqiq edən xarici mütəxəssislər üçün çox qiymətli mənbədir.
   
   Ariz Abduləliyev,
   Ü.Hacıbəyli adına BMA-nın dosenti