Haqq aşığı
   
   
   Həyatı boyu Azərbaycanın güneyi ilə quzeyi arasında mənəvi körpü salmağa çalışan Hüseyn Cavan Azərbaycan aşıq ədəbiyyatının həmişəcavan, barlı-bərəkətli budaqlarından biridir.
   
   Aşıq nə gözəl yazdı,
   Mirzələr gözəl yazdı,
   Qumru kimi danışan
   Sinəmdə telli sazdı.

   - deyən Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Kərmədüz mahalının Uti kəndində yoxsul bir ailədə anadan olub. Erkən yaşlarında atası Mikayıl kişi qəfil dünyasını dəyişir, anası Zöhrə maddi-mənəvi ehtiyaclara tab gətirə bilmədiyindən oğlu və üç qızı ilə birlikdə Arazın şimal səmtinə pənah gətirir, Goranboy rayonunun Dəlməmmədli kəndində məskunlaşır.
   Allah bəndəsini darda qoymaz. Xeyirxah bir əlin vasitəsilə könülləri sevindirər. Belə bir sevinc yeniyetmə Hüseynə də qismət olur. Məskunlaşdıqları ərazidə xeyirxah əməllər, niyyətlər sahibi Məşədi Adıgözəl onun avazındakı şirinliyi, səsindəki qeyri-adiliyi eşidib günlərin birində onu qədim Göyçə mahalına - ozan-aşıq sənətinin qüdrətli istedad sahibi Dədə Ələsgərin qardaşı oğlu Musanın yanına aparır. Adıgözəl kişi: "Aşıq, bu uşaq həsrətindən göynədiyimiz Təbriz elindəndir. Naəlaclıqdan biz tərəfə gəliblər. Olduqca dadlı-duzlu səsi var. Onun həsrətli avazını eşidəndə, vallah, kövrəlirəm. Buna görə də yanınıza gətirmişəm ki, sənətin incəliyindən onu bir az da agah edəsiniz", - deyir.
   Hüseyn bu müqəddəs ocaqda saz çalmağı, söz qoşmağı daha mükəmməl öyrənməyə başlayır. Çox keçmir ki, nəyə qadir olduğu üzə çıxır, ustadı ilə birgə el məclislərində ad-san qazanır.
   
   Dərdi saza danışarlar
   
   Sazda ifa etdiyi "Yanıq Kərəmi", "Dilqəmi", "Baş sarıtel" havacatları dinləyicilərin böyük marağına səbəb olur, Hüseyn Cavan ürəyindəki sözləri sinəsindəki telli saza pıçıldayır.
   O, 1934-cü ildən şeir yazmağa başlayır. "Gül, Azərbaycan", "Oyan, vətəndaşım, oyan", "Ana vətən" kimi şeirləri Arazın o tayında, Təbrizdə "Vətən yolu" qəzetində dərc olunur, dillər əzbəri olur.
   Tale yenidən Hüseyn Cavanın üzünə gülür: 1938-ci ildə həsrətini çəkdiyi Təbrizə qayıdır. Onu alqışlarla qarşılayırlar. Təxminən səkkiz il orada yaşayır. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırır. Ona inananları, dinləyicilərini tərəqqiyə səsləyir. 1945-ci ildə Cənubi Azərbaycanda milli hökumət qurulur. El məhəbbəti qazanmış haqq aşığı xalq qarşısında xidmətlərinə görə "21 Azər" medalı ilə təltif olunur.
   
   Kərəm gəzdi lələsiylə Əslini,
   Axtarmadı nəcəbini, əslini;
   Axır tapdı gözəllərin əslini,
   Aşiq odur, yana-yana can desin!
   
   1946-cı ilin martında Təbrizdə Dövlət Dram Teatrı təşkil olunur, Hüseyn Cavan burada direktor müavini vəzifəsində çalışır, inqilabi ruhlu nəğmələri ilə çıxış edir. Teatrda aşıqlar ansamblı yaradır.
   
   Həsrət, işıq və məhəbbət
   
   Ürəyi Vətən həsrəti, qəlbi məhəbbətlə, işıqla dolu olan Hüseyn Cavanın yaradıcılığında məhəbbət şeirlərinin də öz yeri var. Bu illərdə o ən gözəl şeirlərini qələmə alır.
   
   Sevgilim, sən maral kimi
   Gəzməyi kimdən öyrəndin?
   Ay qabağa cığa teli
   Düzməyi kimdən öyrəndin?
   Bu gün də çoxları bilmir ki, dillər əzbəri olan, məclislər bəzəyən “Kimdən öyrəndin?” şeirinin müəllifi Hüseyn Cavandır.
   
   Mən sevirəm Zərnişanı,
   Onda var gülün nişanı,
   Sağ əlinlə bənövşəni
   Üzməyi kimdən öyrəndin?
   
   1946-cı ildə Cənubi Azərbaycanda milli hökumət süqut edir. Tale onu yenidən Arazın bu tayına gətirir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərir. Böyük səhnədə çıxışı hərarətlə qarşılanır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olur, birinci dərəcəli diplom alır. 1953-cü ildə "Şərəf nişanı" ordeni, daha sonra Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. 12 dastanı dillər əzbəri olan aşığın 9 kitabı işıq üzü görür.
   
   Azad bir qız girib bağa,
   Gəzir boylana-boylana.
   Xumar gözün sola-sağa
   Süzür boylana-boylana.
   
   Güney və Quzey Azərbaycanda səsi, sazı-sözü ilə dolaşan Hüseyn Cavan 1985-ci il noyabrın 14-də 69 yaşında dünyasını dəyişir. Goranboy rayonunda torpağa tapşırılır. Məzarı üstündəki abidə üzü doğma yurda - Təbriz səmtinə ucaldılıb...
   O, hələ 20 yaşında “Təbriz” şeirində yazırdı:
   
   Sarılıb boynuna bir körpə sayaq,
   Doyunca hüsnünə baxaydım, Təbriz!
   Sən bir dağ olaydın, mən də bir bulaq,
   Şırhaşır sinəndən axaydım, Təbriz!
   
   Hələ o zamanlar unudulmaz şair Süleyman Rüstəm bu qoşmanı oxuyub Hüseyn Cavana məktub yazmışdı.
   
   Qaraçıoğlu Aşıq Paşanın dedikləri
   
   Aylar-illər ötüb keçsə də, ustad sənətkar sevgiylə, məhəbbətlə yad edilir, saysız-hesabsız şəyirdləri onun sənətini layiqincə yaşadırlar.
   Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdən bir gün xəbər alırlar ki, ay ustad, kimə qulluq eləmisən? Gözləri yaşarır, yadına ustadı Hüseyn Cavan düşür. Babası Aşıq İbrahimi xatırlayır. Deyir ki, babam Qaraçıoğlu Aşıq İbrahim 103 yaşında idi. Bir gün dedim, ay baba, sazı mənə də öyrət, yaman həvəsim vardı: "Qaraçıoğlu Aşıq İbrahim dedi ki, mənim yaşım az deyil, qocalmışam, daha o gücüm yoxdu. Get, gör, aşıq Hüseyn Cavan səni özünə şəyird götürərmi? Götürsə, ondan öyrən, zəmanənin Ələsgəridi. Babamın məsləhəti ilə Hüseyn Cavanı tapdım. O gündən düz 13 il ona qulluq elədim. Çəkməsinə qədər təmizlədim. Əvəzində isə sazı-sənəti öyrəndim. Bu da ən böyük qazancımdı. Ustadım məni toylara da aparırdı, sonra halallığın aldım”.
   Hüseyn Cavandan bizə bir qatar bayatılar da miras qalıb.
   Aşığam, elçi məni,
   Gözlədir elçi məni.
   Öz sevdiyim bir qıza
   Göndərin elçi məni.
   Hüseyn Cavanın yaradıcılığı haqqında məqalələr, kitablar yazılıb. Belə topludan biri də ustadın şərəfinə özünə "Cavan" təxəllüsü götürmüş Adil Cavana məxsusdur. Onun "Azadlıq pərvanəsi" bədii-publisistik kitabına ön söz yazan tanınmış qələm sahibi, Əməkdar jurnalist Əhməd İsayevin fikirlərindən: "...Adil gözünü açandan evlərində, ocaqlarının başında ürəyi nisgilli Aşıq Hüseyn Cavanı görüb, onun sazını, sözünü eşidib. Bu ünsiyyətin bəhrəsi olaraq Adil Cavan həyatdan narahat, nigaran gedən Hüseyn Cavan haqqında müxtəlif xatirələri toplayıb oxuculara çatdırıb".
   ...Ozan-aşıq sənətimizin layiqli davamçılarından olan Hüseyn Cavan qədirbilən, sənətsevər insanlar tərəfindən dönə-dönə xatırlanır. Mərhum sənətkar taleyindən küsüb-barışsa da, məramı, məqsədi bir olub: Azərbaycanı daim uca görmək.
   Hüseyn Cavan dünyasına boylanan hər kəs onun dürlü-dürlü sözlərini, dərya-dərya fikirlərini, arzularını, diləklərini eşidər. Biz də bir dastan ömrü yaşayan aşığın könül dəftərini vərəqlədik. Ruhu şad olsun!
   
   Təranə Vahid