Azərbaycan aşıqları Qazaxıstanın Çimkənd şəhərində konsert proqramı ilə çıxış ediblər. Konserti Cənubi Qazaxıstan vilayətində yaşayan soydaşlarımız, Axıska türkləri və yerli sakinlər izləyiblər.
Konserti Aşıq Solmaz Kosayeva açaraq son illərdə Azərbaycanda dövlət səviyyəsində aşıq sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, məhz bu qayğı sayəsində aşıqlarımızın səsi ən nüfuzlu konsert salonlarından gəlir.
Sonra Solmaz Kosayeva, Telli Borçalı və Aşıq Mehdi qədim el havalarımızı ifa ediblər. Onların çıxışları alqışlarla qarşılanıb. Tamaşaçılar Aşıq Zülfiyyənin oğlu Babəklə birgə ifa etdiyi el havalarını isə ayaqüstə alqışlayıblar. Vilayət televiziyası və qəzetləri Azərbaycan aşıqlarının uğurları haqqında geniş materiallar veriblər.
Çimkənd vilayətində 40 mindən artıq azərbaycanlı yaşayır və onların demək olar ki, hamısı ötən əsrin 30-40-cı illərinin repressiya qurbanlarının nəvə-nəticələridir.