Aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olundu
Sentyabrın 30-da Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olundu.
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub tədbiri açaraq aşıq Əkbər Cəfərovun yaradıcılığından söhbət açdı. Bildirdi ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Saza-sözə vurğun olan Əkbər bir çox ustad aşıqlardan Mirzə Bayramov, Məhəmməd Rzayev, Hüseyn Dəmirçi, Yusif Həsənov, Mikayıl Azaflı, Yunis Həsənov və Vəli Qaraxanlının yanında şəyirdlik edib, püxtələşib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Qədir İsmayılov olub. El sənətkarı dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların iştirakçısı və qalibi olub. Əkbər Cəfərov aşıq şeirinin gəraylı, təcnis, divani, müxəmməs və s. növlərində yüzlərlə gözəl örnək yaratmış sənətkardır.
Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq Əkbər Cəfərovun sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa etdiyini, sonra böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə sənətini dəyişərək aşıqlığa keçdiyini bildirdi. Bu bənzərsiz sənətkarın əsas özəllikləri ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edib. Oxuduğu “Heyratı”, “Mənsuriyyə”, ”Dilkəş”, “Zabul segah” ilə hər kəsi heyrətləndirib. Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, öz şeirləri ilə də ad-san qazanıb. O həm də “Leyli və Məftun” dastanının müəllifidir. “Vətən deyib dil-dil ötən, gümüş telli sazım var” - deyən ustadın yaradıcılığında torpağa bağlılıq, millətə sədaqət həmişə ön planda olub.
Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev bildirdi ki, XX əsr Azərbaycan aşıq sənətinin həm ifaçılıq, həm də yaradıcılıq sahəsində uğurlarının ləyaqətli daşıyıcıları olan qüdrətli saz-söz ustalarına könül borcumuz çoxdur: “İşığına toplaşdığımız bu görkəmli sənətkarın yaradıcılığı haqqında çox danışa bilərəm. Ancaq Aşıq Əkbər sənəti haqda sizdə maraqlı təəssürat yaratmaq üçün bir əhvalatı nəzərinizə çatdırmaq istəyirəm. 1964-cü ildə Əkbər və balabançısı Müseyib Abbasov Moskvada keçirilən beynəlxalq musiqi festivalında çıxış edirlər. Bu bənzərsiz ifadan heyrətə və vəcdə gələn amerikalı alim Alan Lomaks özünü saxlaya bilməyib deyir: “Mən həyatım boyu çox yerlər gəzmişəm və çox gözəl səslər eşitmişəm. Ancaq belə gur, şaqraq, məlahətli səsə ilk dəfədir ki, rast gəlirəm”. Həmin tədbirdə iştirak edən unudulmaz alim, Azərbaycanda aşıq yaradıcılığının fundamental şəkildə araşdıran ilk qadın musiqiçi Əminə Eldarova deyirdi ki, dünyanın müxtəlif ölkələrini təmsil edən yüzlərlə istedadlı ifaçı arasında məhz Aşıq Əkbər amerikalı qonağın diqqətini cəlb edir. Alan Lomaks Əkbərin ifasında bir neçə mahnını lentə yazdırıb Amerikaya aparır.
Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmov, sənətkarın dostu aşıq Çopur Ələsgər, folklorşünas Məhəmmədəli Məşədiyev və başqaları çıxış edərək aşığın çoxşaxəli yaradıcılığından, ifaçılıq məharətindən söz açdılar. Bildirdilər ki, Aşıq Əkbər Cəfərov həm də yaradıcı sənətkar idi. O, sənətinin çiçəkləndiyi bir vaxtda - 1990-cı ildə 57 yaşında vəfat edib.
Aşıqlardan Mahmud Məmmədov, Qələndər Zeynalov, Samirə Əliyeva, Altay Məmmədov, Həsən Babayi, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı və başqalarının ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş musiqilər səsləndirildi. Sonda Aşıq Əkbərin oğlu Arif Cəfərov çıxış edərək sənətə və sənətkara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Savalan Fərəcov