XIX əsrin sonu - XX əsrin əvvəllərində Göyçə mahalında Dədə Ələsgərin saz-söz süfrəsindən ilham alanlardan biri də aşıq Nəcəf Bayramov olub. On il böyük ustada şəyirdlik edən Nəcəf aşıq sənətinin sirlərinə dərindən yiyələnib, el məclislərinin başında dayanıb.

Nəcəf Allahverdi oğlu Bayramov 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya göz açıb. Ailənin tək övladı olduğu üçün atası ona yaxşı təhsil vermək istəyirdi. Nəcəf molla məktəbində təhsil almağa başlayır, az vaxt ərzində ərəb-fars dillərində yazıb-oxumağı öyrənir. Ancaq maddi çətinlik üzündən təhsilini yarımçıq qoyur, atasına köməklik edir.
Araşdırmalardan məlum olur ki, o, erkən vaxtlardan şeirə, musiqiyə böyük maraq göstərir. Qoyun sürüsü arxasınca yaylaqlara qalxanda güllü-çiçəkli yamaclarda çomağa söykənib “Çoban bayatı”nı oxuyur. Şirin avazı, zil səsi çoban yoldaşlarını heyran edir. Çox keçmir, Nəcəf saz çalmağı da öyrənir. Bir gün Dədə Ələsgər onların kəndinə el şənliyinə dəvət olunur. Toyun ikinci günü ustad kəndin ağsaqqalları ilə çay süfrəsi arxasında oturubmuş. Nəcəfin atası Nağı bəydən xahiş edir ki, aşıqdan rüsxət alsın, Nəcəf də bir ağız oxusun. Nağı bəy aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə camaatın qarşısına çıxır və sazı sinəsinə basıb məlahətli bir səslə oxuyur:

Nəfs tox olarsa, ürək dar olmaz,
Zəhmət çəkilməsə, süfrə var olmaz.
Sənət meydanında şəyird xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.

Nəcəfin ifası Dədə Ələsgərin xoşuna gəldiyi üçün onu özünə şəyird götürür. Nəcəf on il ustada şəyirdlik edir, onun böyük hörmətini qazanır. Nəcəfin toyunu da aşıq Ələsgərlə aşıq Əsəd edir. Mənbələrdə qeyd olunur ki, toy günü gəlini - Gülüstanı ata evindən çıxararkən bəyin əmisi Həzrətqulu qapını kəsir. Bildirir ki, aşıq Ələsgər Gülüstana bir tərif deməsə, qızı verməyəcək. Ustad aşıq Gülüstana tərif deyir:

Eşitmişdim, görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan, Nəcəfə taydı Gülüstan.


Bir gün Dəli Alının bacısı oğlu Zeynalabdinin toyu imiş. Uzaq-yaxın kənddən toya gələnlər olur. Həmin vaxt kənd yolunda bir karvan görünür. Baxırlar ki, sarbanı dəvənin üstündə yuxu aparıb. Karvandan da bir dəvə ayrılıb arxada qalıb. Həmin dəvəyə bir canavar yaxınlaşır. Camaat nə qədər hay-həşir salırsa, sarban yuxudan ayılmır. Qurd az qalır ki, dəvəni haqlasın. Bu vaxt Nəcəf bir zil şikəstə oxuyur:

Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan sarban!
Karvanı qurda atıbsan,
Oyan sarban, dayan sarban!


Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə atılıbmış. Bu zaman güllə səsi eşidilir. Qandal Nağı uzaqdan nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi dəvəni xilas edir.
Nəcəf ustad aşıq olmaqla bərabər, həm də ətrafında baş verən ictimai-siyasi proseslərdən kənarda qalmayıb. Ötən əsrin əvvəllərində mənfur ermənilərin torpaqlarımıza göz dikib, xalqımıza qarşı soyqırımları törədəndə o, oğlanları Şəmiddin və Şəmistanla birlikdə mübarizəyə qatılır, qanlı döyüşlərin birində qolundan yaralanır.
Deyilənə görə, aşıq Nəcəfdə öncəgörmə qabiliyyəti də olub. Aşıq Ələsgərin evində şəyird olduğu günlərdə gecəyarısı qəflətən yuxudan ayılır. Bir ah çəkib ağlayır. Soruşurlar ki, ay Nəcəf, nə olub? Niyə ağlayırsan? Nəcəf yuxusunu belə söyləyir:

Aman Allah, nə yuxudu görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən, kimsəm köç eylədi dünyadan,
Töhmət qoydu el-obalar başıma.


“Daşkənd aşıq və şairləri” kitabında göstərilir ki, Nəcəf Bayramovun məlahətli səsi, şeirlərinin təsir gücü onu bütün mahalda məşhur edir. Çox keçmir, Nəcəfin sənətinin səs-sorağı Göyçənin hüdudlarını aşır. O, ustad bir aşıq kimi Qarabağın, Şirvanın və Borçalının böyük el şənliklərinə dəvətlər alır. Qüdrətli aşıq-şairlərlə dostluq edir, tanınmış sənətkar aşıq Hüseyn Bozalqanlı ilə qohum olur.
1910-cu ildə aşıq Əsədlə birlikdə Cənubi Azərbaycanda səfərdə olur. Təbrizdə onlara sənətlərinə hörmət və ehtiram əlaməti olaraq Xətai sazı bağışlayırlar.
Araşdırıcı Sərraf Şuriyə yazır ki, erməni quldurları bir gün qəflətən Aşıq Nəcəfi tuturlar. Ona olmazın əzabını verirlər. Erməni komandirinin arvadı ərindən xahiş edir ki, aşığı öldürməsin. O, naqanını çıxarıb arvadın da güllələyir. Deyir niyə türk aşığının xahişini edirsən? Nəcəf görür ki, artıq xilas yolu yoxdur. Üzünü vətənə tutaraq bir bayatı oxuyur:

El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi bu -
Yaram yox, can üstəyəm.

Erməni quldurları aşığın sazını əlindən alıb sındırır və yanan samovara doldururlar. Sonra da qaynar samovarı onun kürəyinə bağlayırlar. Beləcə, görkəmli sənətkar 5 fevral 1919-cu ildə “Küllü təpə” deyilən yerdə xüsusi qəddarlıqla qətlə yetirilir.

Savalan Fərəcov