Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi, rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlının 50 illik yubileyi qeyd olunub.
Mədəniyyət mərkəzində təşkil edilən tədbirdə elm və mədəniyyət xadimləri, xanəndələr, aşıqlar və saz-söz pərəstişkarları iştirak ediblər. Qonaqlar əvvəlcə mərkəzin foyesində Ağamurad Şirvanlının ömür yolunu əks etdirən sərgiyə baxıblar.
Tədbirin aparıcısı, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı aşığın həyat və yaradıcılığından danışıb. Bildirib ki, Ağamurad Şirvanlı 1964-cü ildə Şamaxı rayonunun Mərzəndiyə kəndində dünyaya göz açıb. 18 yaşından sənətin sirlərini öyrənməyə başlayan Ağamurad Şirvanlı Aşıq Rza Qobustanlını özünə ustad sayır. Sənət yolunda ilk addımlarında dayısı, el şairi Nadir Mərzəngəli də ona dəstək verib. Görkəmli aşıqların ifalarını dinləyə-dinləyə sənətin incəliklərini öyrənib. 1988-ci ildən məclislərdə, bölgələrdə və paytaxtda keçirilən tədbirlərdə çıxışları ilə çoxsaylı pərəstişkar qazanıb. 1993-cü ildən aşıq Məmmədağa Babayev adına “İncə tellər” aşıqlar ansamblının rəhbəridir. Fəxri fərmanlara, diplomlara, 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. Ağamurad Şirvanlı ölkəmizlə yanaşı, Türkiyədə, İranda, Fransada keçirilən müxtəlif tədbirlərdə də aşıq sənətimizi layiqincə təmsil edib, mükafatlar alıb.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova aşıq haqqında xoş sözlərini dilə gətirib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub çıxışında tədbiri sazımızın, sözümüzün bayramı kimi təqdim edib, yubilyarı Azərbaycan aşıq sənətinin layiqli davamçısı adlandırıb.
Görkəmli ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev dünya mədəniyyəti xəzinəsinə dahi şairlər, elm, mədəniyyət və incəsənət xadimləri bəxş edən Şamaxının aşıq sənətinin tanınmış nümayəndələrindən söhbət açıb. Ustad aşıq Şakirin bu gün də sevilə-sevilə dinlənilən məşhur “Şirvan şikəstəsi”nin indiki nəsil aşıqlar arasında ən yaxşı ifaçısının Ağamurad Şirvanlı olduğunu deyib.
Tanınmış alimlər Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Seyfəddin Qəniyev, Buludxan Xəlilov, Elxan Məmmədli yubilyar barəsində xoş sözlərini söyləyiblər.
Yubiley gecəsində nümayiş etdirilən videoçarxda Ağamurad Şirvanlının ifasında səsləndirilən havalar, Xalq artisti Zabit Nəbizadənin və Əməkdar artist Bəsti Sevdiyevanın, müğənnilər Elnarə Abdullayevanın, Elburus Niftəliyev, Abgül Mirzəliyev, Mirələm Mirələmovun, aşıqlardan Əhliman Şirvanlının, Yanvar Bədəlov, Abbas Musaxanoğlu, Həşim Qubalı, aşıq Ulduz və “Rasimlər” qrupunun çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.
Tədbirdə Ağamurad Şirvanlıya rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin fəxri fərmanları təqdim olunub.
Sonda yubilyar çıxış edərək, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Rəfail Tağızadə,
Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi