Türkmən aşıq-şairi Molla Nəfəs milli ruhlu şeirləri ilə məşhur olub

XIX əsr türkmən aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri Molla Nəfəs olub. Onun bir-birindən gözəl qoşma, gəraylı və müxəmməsləri, ictimai-siyasi məzmunlu şeirləri türkmən xalqının zövqünü oxşayıb, gənc nəslin milli ruhda tərbiyə olunmasında böyük rol oynayıb.

Molla Nəfəs (Tanrıverdi) 1810-cu ildə Türkmənistanın Mərv şəhərində sərrac ailəsində dünyaya göz açıb. Buradakı molla məktəbində təhsil aldıqdan sonra dövrün məşhur təhsil ocaqlarının yerləşdiyi, mədəniyyət yadigarları ilə zəngin olan Buxara və Xivə şəhərlərində oxumağa gedir. Bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır. Türk, ərəb və fars dillərini öyrənir. Eyni zamanda mədrəsələrdə tədris olunan dünyəvi elmləri mənimsəyir. Şərq poeziyasının Nizami Gəncəvi, Xoca Əhməd Yəsəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Sədi Şirazi, Əbdürrəhman Cami kimi görkəmli nümayəndələrinin əsərlərinə dərindən bələd olur.
Folklorşünas alim Əli Şamil araşdırmasında yazır ki, Molla Nəfəs gəncliyində Durduxal adlı bir qıza aşiq olur. Lakin sevgisinə qovuşa bilmir. Bu nakam məhəbbət şair qəlbində kədərli duyğular oyadır. İllər keçsə də, o, ilk sevdasını unuda bilmir, ömrü boyu onu anır və həsrəti ilə şeirlər qələmə alır. Şair bir şeirində sevdiyi qızı xatırlayaraq belə deyir:

Tiği-peykanından bağrım dəlindi,
Razıyam, öldürüb canım al indi.
Qara zülfün üzdə yüz-yüz bölündü,
Hər zülfün üzündə yüz para könlüm!..

Nəfəs deyər, yara belim bağlaram,
Gecə-gündüz dərya kimi çağlaram,
Ta ölüncə Durduxal der ağlaram,
Gözlərimdən axar iki çay indi.


Molla Nəfəs aşıq və el şairi kimi Türküstanı və Qafqazı gəzərək şənliklərdə yaxından iştirak edib, toylar, məclislər aparıb. Onun əsərlərində Herat, Həmədan, İsfahan, Xorasan, Tehran, Qəzvin, Şam, Bağdad şəhərlərinin, eləcə də Misir, Rum, Firəng və s. ölkələrin adları çəkilir. Azərbaycanda da olduğunu nişan verən şair yazır:

Təvriz diyarında olmuşam səyyad,
Həzirbaycan şəhrin gəzdim adbaad.


Əli Şamil qeyd edir ki, bu gün də Türküstanın bəzi bölgələrində Azərbaycana “Həzirbaycan” deyilir.
Molla Nəfəs lirik şair olub. Şeirlərini sadə, anlaşıqlı bir dildə yazan şairin məhəbbət dolu misraları dağ şəlaləsi kimi çağlayır. Yerli-yerində işlədilən epitet və bənzətmələr lirik qəhrəmanın daxili təlatümünün ifadəsi baxımından diqqətəlayiq örnəklərdir. Xüsusilə müəllifin gəraylı, qoşma və müxəmməsləri öz coşqunluğu ilə insanı öz sehrində saxlayır:

Dilbər, yazım vəsfini,
Yandım ki fərağından.
Mən təşnəni yandırma,
Busə ver dodağından.


Şairin məhəbbət şeirləri məzmun və formaca bir-birindən fərqlənir. Bu baxımdan müəllifin “Bu məkana gəlmişəm” adlı poeması xarakterik örnəkdir:

Çəkdi sünbül saçların nazlı dilbər üzündən,
Gün tutulub, bu aləm şölə aldı gözündən,
Mövlam taqət gətirməz, getdi şol dəm özündən,
Dedi yarım: “Həqq aşiq dönə bilməz sözündən”.


Molla Nəfəs həm də millətə, vətənə bağlı bir qələm əhli olub. Onun vətənpərvərlik ruhunda yazdığı şeirləri bu gün də dillər əzbəridir. Şairin zəngin yaradıcılığında “Zöhrə-Tahir” dastanı xüsusi yer tutur. Əsər müəllif tərəfindən tamamilə yeni bir üslubda qələmə alınıb. Dastan türkmən həyatının, milli ruhunun, mədəniyyətinin və etnoqrafiyasının bütün çalarlarını özündə yaşadır.
XIX yüzilliyin ikinci yarısında çarizmin işğalçılıq siyasəti Türküstana da gedib çatır. Dövrünə görə müasir silahlarla təchiz olunan çar ordusu ilə döyüşlərdə pərakəndə dəstələr şəklində vuruşan türkmən vətənpərvərləri məğlub olurlar. Molla Nəfəs şeirləri ilə elin cəsur övladlarını vətənin müdafiəsinə qalxmağa ruhlandırmaqla kifayətlənmir, özü də döyüşlərdə iştirak edir. O, vətənin müdafiəsinə qalxan türkmən igidlərinin cəsurluğunu, rəşadətini ruh çoşqunluğu ilə tərənnüm edir. Şairin Qaraoğlan, Qacarbay, Mir Məmməd xan və digər adlı-sanlı türkmən igidlərinin qəhrəmanlığına həsr olunmuş 20-dən artıq şeiri var. Onun milləti birliyə, həmrəyliyə səsləyən qoşmaları qadağa və təqiblərə baxmayaraq, xalq arasında geniş yayılır. 52 yaşlı şair qızğın döyüşlərin birində ağır yaralanır və aldığı yaradan bir müddət sonra dünyasını dəyişir.
Onu da deyək ki, Molla Nəfəsin əsərlərinin böyük əksəriyyəti günümüzədək gəlib çatmayıb. Xüsusilə ötən əsrin 30-cu illərində, bir çox türk respublikalarında olduğu kimi, Türkmənistanda da milli-mədəni irsə ağır zərbə vurulur. Molla Nəfəsin də əsərlərinin toplanması, oxunması və nəşrinə qadağa qoyulur. Ancaq şairin vətəni müstəqillik əldə etdikdən sonra onun da ədəbi irsinə diqqət göstərilir. 2009-cu ildə Türkmənistanın “Miras” Milli Mədəniyyət Mərkəzi tərəfindən şairin “Zöhrə-Tahir” dastanı nəfis şəkildə nəşr edilib. 2010-cu ildə isə Molla Nəfəsin 200 illiyi böyük təntənə ilə qeyd olunub.

Savalan Fərəcov