Aşıq sənətimiz Güney Azərbaycanda yeni inkişaf mərhələsindədir. Bunun ən bariz nümunəsi oradakı aşıqların təşkilatlanmasıdır. İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazi ilə söhbətimiz də bu barədədir.
- Güney Azərbaycanda aşıq sənətinin bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Aşıq sənəti müqəddəsdir. Mən bu sənətin aşiqiyəm. Özümü Məcnun, sənətimi də Leyli bilirəm. Ona görə də aşıq sənəti nə qədər zirvədə olsa, sevinirəm. İndi Güneydə aşıq sənəti yavaş-yavaş dil açır, ayaq üstə durmağa çalışır. Onu yaşatmaq hər birimizin borcudur. Təkcə aşıqlar bu sənəti qoruyub saxlaya bilməz, buna dövlət də kömək etməlidir.
- İran Aşıqlar Birliyi nə vaxt yaranıb?
- Birliyimiz 2015-ci ilin yazında yaranıb. 2001-ci ildə Tehrandakı Xaneyi-Musiqidə (Musiqi Evi İrandakı xalqların musiqisinin inkişafına nəzarət edir - S.S.) səsvermə yoluyla İran aşıqlarının nümayəndəsi seçildim, indi də bu işlə məşğulam. Bu işdə məndən başqa dörd ustad da var, ancaq o dörd ustadın üçü fars, biri türkdür. İlk gündən istədim ki, dövlət səviyyəsində İran aşıqlarının müsabiqəsini keçirim, aşıqlarımız tanınsın, baş tutmadı. Sonra istədim, hər il bir şəhərimizdə dövlətin yardımıyla bir ustad aşığa yubiley keçirək. Nə istədim, “yox” dedilər. Gördüm, bizim aşıqlara Musiqi Evindən bir kömək olmayacaq. Dedim, gərək özümüzə bir birlik yaradaq. Bunun yollarını səfər etdiyim şəhərlərdə bütün aşıqlara danışdım. Onlar mənə inandılar. Rəsmi adamlarla Milli Məclisdə, Daxili İşlər Nazirliyində, bələdiyyələrdə danışıqlar apardım. İki il bu işlə məşğul oldum. Sonda nazirliyə İran Aşıqlar Birliyi adıyla məktub yazdım. Məktuba cavab gəlincə min dəfə ölüb-dirildim, dedim, görən nə cavab verəcəklər? Əgər “yox” desəydilər, bir daha bu iş baş tutmazdı. Üç aydan sonra nazirlikdən bir nümayəndə zəng edib bildirdi ki, sizin işiniz çözümünü tapdı, gərək olan sənədlərinizi toplayın, qeydiyyata alınsın. Bu xəbəri eşidəndə sevincdən ağladım. Beləliklə, İran Aşıqlar Birliyinin rəsmi dövlət qeydiyyatına alınmasını eşidən kimi ayrı-ayrı şəhərlərdə aşıqları yığıb tədbirlər keçirdik, onları birliyimizə üzv etdik. Öncə Təbrizdən başladım. Ustadlarla bir neçə görüş keçirəndən sonra Təbrizin nümayəndələrini seçdim, onlar da məni rəhbər olaraq qəbul etdilər. Urmiya, Zəncan, Miyana, Parsabad, Meşkinşəhr, Tehran, Kərəc və başqa şəhərlərdə də nümayəndələrimizi seçəndən sonra 10 nəfərdən ibarət idarə heyəti yaradıldı. İrandakı bütün türk-azərbaycanlı şəhərlərində seçkilər keçirildi və bölgələrdə aşıqlar öz nümayəndəliklərini yaratdılar.
Birliyimizin əsasnaməsi yazıldı və qəbul olundu. İşimizə əngəl olmaq istəyənlər də tapıldı. Bir aydan sonra böyük bir törənlə İran Aşıqlar Birliyinin açılışını keçirəcəyik. Artıq indidən hazırlıq işlərinə başlamışıq.
- Bu taydakı Azərbaycan aşıqları ilə münasibətləriniz necədir, birgə tədbirləriniz olurmu?
- O tay-bu tay aşıq sənəti birdir. Hansısa fərq yoxdu, ona görə aşıqlarımız da bir-birlərini yaxşı tanıyırlar: kim yaxşı dastan bilir, kim yaxşı yaradıcı aşıqdır, kimin yaxşı danışmaq qabiliyyəti, kimin yaxşı səsi var və s. Ona görə də kimin könlü istəyir, o taydan bu taya gəlir, bu taydan o taya gedir. İstədiyimiz aşıqları Azərbaycandan bura dəvət edirəm. Hələ bir tədbirimizi də Azərbaycan aşıqları olmadan keçirməmişik. Azərbaycanda da aşıqla bağlı hansı festival, yubiley olubsa, mənim “Dədə Qorqud Aşıqlar Qrupu”m dəvət olunub. Yeri gəlmişkən, bizi tədbirlərə dəvət etdiklərinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm.
- O taylı-bu taylı Azərbaycanda saz sənəti nə qədər yayğın olsa da, vahid aşıq geyimi yoxdur. Sizcə, aşıq geyimi necə olmalıdır?
- Ustadım deyərdi ki, Dədə Qorquddan Dədə Qurbaniyə kimi aşıqlarımızın özünəməxsus bir paltarı olmayıb. Olubsa da, əlimizdə bir fakt yoxdur. Amma Dədə Qurbani zamanında aşıq sənəti çox inkişaf elədi. O da Şah İsmayılın bu sənətə olan sevgisindən idi. Aşıq sənəti şah sarayında müqəddəs sayılırdı. Çaldıran döyüşündə Şah İsmayıl Dədə Qurbaniyə deyir ki, aşıqlar da qızılbaşlar kimi geyinsinlər, döyüş meydanlarında onları tək qoymasınlar. O zamandan aşıqların paltarı indi biz geyindiyimiz paltardır: ayaqlarımızda çəkmə, başımızda papaq. Bəzən deyirlər ki, aşıqların geyindiyi paltarlar Stalinin geyimidir. Stalin dünənki söhbətdir. Yenə var olsun aşıqlar ki, bu paltarları geyinib qoruyurlar.
- Sevindiricidir ki, o taydakı aşıqlarımız da havalarımızı türkcəmizdə təmiz oxuyur, dilimizi yaşadırlar.
- Güneydəki aşıqlarımız öz dilimizdə bircə sinif də təhsil görməyiblər. Buna baxmayaraq ana dilimizi gözəl bilirlər, onu yaşadır, qoruyurlar. Aşıqlar latın qrafikalı əlifba ilə yazıb-oxumağa da çox meyl göstərirlər.
- Gələcək işləriniz nədən ibarətdir?
- Tehranda “Şah İsmayıl” dastanını 17 aşıqla birgə xalqımıza çatdırmaq və beynəlxalq aşıq festivalı keçirməyi düşünürük. Dediyim kimi, bunların hamısından önəmli və sevindirici hadisə qurumumuzun açılışını keçirməyimiz olacaq. Həmin gün münasibətilə bütün sazsevərləri və türk dünyasını indidən təbrik edirəm!
S.Soltanlı