Aşıq Şenlik Anadoluda, Borçalıda, Ərdəbildə yüksək ədəb-ərkanı, ifaçılıq mədəniyyəti ilə böyük məclislər aparıb

Türkiyənin mədəni-mənəvi zənginliyi ilə seçilən Anadolu bölgəsinin Çıldır mahalı istedadlı saz-söz ustaları yetirib. Belə görkəmli sənətkarlardan biri də şöhrəti yurdun hüdudlarını aşaraq yaxın-uzaq ellərə yayılan aşıq Şenlik olub.

Aşıq Şenlik 1853-cü ildə Türkiyənin Çıldır mahalının Suxara kəndində dünyaya göz açıb. Mənbələrdə əsl adının Həsən olduğu bildirilsə də, müəllif heç bir əsərində buna işarə etməyib. Atası Qədir əkinçi, anası Züleyxa isə evdar qadın olub. Şenlik erkən çağlardan hazırcavablığı ilə diqqət çəkib. Valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olublar. O, əvvəl molla məktəbində oxuyub, sonra təhsilini mədrəsədə davam etdirib, ərəb və fars dillərini mükəmməl öyrənib.
Şenliyin sözə-saza olan marağını duyan dayısı İbrahim onu Borçalı mahalına aparır. O, burada aşıq Nuru ilə görüşür və söz sənətinə olan marağı ustadda maraq doğurur. Altı ay ondan aşıqlığın sirlərini öyrənir. Sonda aşıq Nuru Şenlik haqqında fikirlərini belə ifadə edir: “Bu oğlan çox yaxşı bir şair olacaq. Bir neçə il sonra önündə əyilməyən bir şair qalmayacaq”.
Aşıq Şenlik ədəb-ərkanı, yüksək ifaçılıq mədəniyyəti ilə qısa müddətdə şöhrət qazanıb. O, məlahətli səsi, müdrik kəlamları ilə təkcə Qars, Anadolu, Ərdəbil bölgələrində deyil, Qafqazın Azərbaycan türkləri yaşayan bir çox mahallarında da böyük məclislər yola verib. Aşığın iki oğlu, üç qızı olub. Böyük oğlu Qasım atasının yolunu davam etdirib...
Aşıq Şenliyin ömrünün son illəri yaradıcılığında geniş işıqlandırılıb. Bu baxımdan onun “Kağız” və “Bağışla məni” rədifli qoşmaları diqqət çəkir. Hər iki qoşmada müəllifin qocalıq dövründə keçirdiyi sarsıntılar, ağrılı-acılı günlər bədii təcəssümünü tapıb.
O, Borçalı mühitinin aşıq və şairləri ilə yanaşı, digər ustad sənətkarlarla da görüşüb, yaradıcılıq söhbətləri aparıb. Belə görüşlərdən biri də aşıq Ələsgərlə olub. Hətta onların yaxın dost olduqları da bildirilir. Belə qeyd edilir ki, bir el şənliyində aşıq Şenlik oxuyarkən təsadüfən Dədə Ələsgər də toya gəlir. Anadolu aşığının məlahətli səsi Ələsgərin xoşuna gəlir:

Səni gördüm mənim könlüm şad oldu,
Doğrudan da, vəfalısan, a Şenlik.
Sinən dərya deyil, ümmandı, seldi,
Doğrudan da, vəfalısan, a Şenlik.

Bu görüşdən bir gün sonra Ələsgər Göllü kəndinə gedəsi olur. Aşıq Şenliklə vidalaşıb ayrılanda hər ikisi iki xana söz deyir:

Aşıq Şenlik: Eşitmişəm bu dünyanın
Əzəl-axır yaxşılıqdır.
Aşıq Ələsgər: Könül sevən hər insanın
Əzəl-axır yaxşılıqdır.
Şenlik: Usta Şenlik suxaralı,
Ələsgər Göyçə mahallı.
Ələsgər: Nəyə lazım qalmaqalı,
Əzəl-axır yaxşılıqdır.


Aşıq Şenlik faciəli şəkildə dünyadan köçüb. Onun saysız pərəstişkarı ilə yanaşı, bədxahları da olub. Araşdırmalarda onun ölümü ilə bağlı aşıq İsgəndər Ağbabalı deyib: “Aşıq Şenliyin şöhrəti ellərə yayılmışdı. Şəyirdləri saz məclislərində onun şeirlərini oxuyardı. Yüksək mənsəbli şəxslər toy məclisini aparmaq üçün onu dəvət edərdilər. Bir gün aşığı irəvanlı Mehdixan toy məclisinə dəvət edir. Deyilənə görə, onun təşkil etdiyi saz-söz məclisində qırxa yaxın usta aşıq deyişib. Şenliklə yarışa bilməyən aşıqlar ona düşmən kəsilir. Şenliyin çayına vədəli zəhər qatırlar”.
Sənətkarın zəhərlənməsi ilə bağlı fakta yaradıcılığında da rast gəlinib. O, ölüm ayağında söylədiyi təcnisində yazır:

Şenlik der: məclisə sağı gələndə,
Qədəhi dəstində ağı gələndə,
Elə ağı gələndə,
Əjdər ağı gələndə,
Hicran şahı qan ağlar,
Cana yağı gələndə.
Şiddəti-şaxtanın çağı gələndə,
Dərər, talan eylər neçə dağları.


Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə aparılır. 1912-ci ildə vəfat edir, doğulduğu kənddə dəfn olunur. Bu gözlənilməz ölüm sənət dostlarını dərindən kədərləndirir. Şair Nəbi Borçalı aşığın vaxtsız ölümünə mərsiyə yazır:

Bir çıraq yandırdın Çıldır elində,
Nə qaranlıq etdin cahanı, Şenlik.
İsgəndər bac aldı dərin dəryadan,
Başatan varmadı dünyanı, Şenlik.


Görkəmli sənətkarın vəsiyyətinə əsasən, məzarının başdaşına “Öyünsün” rədifli qoşmasından bu misralar həkk olunub:

İstər ixtiyar ol, istər növcavan,
Bu dünyada baki qalan öyünsün...


Savalan Fərəcov