Ağsu rayon Mədəniyyət mərkəzində metodist vəzifəsində işləyən aşıq Məhəmməd Şirvanlının ifa etdiyi şikəstələr, gəraylı və müxəmməslər saz həvəskarlarının qəlbini ovsunlayır. 1971-ci ildən rayon Mədəniyyət evinin aşıqlar ansamblının üzvü olan Məhəmməd Şirvanlı el şənliklərində və rayon tədbirlərində fəal iştirak edir. Müxtəlif illərdə Ukrayna, Gürcüstan, Dağıstan və İranda çıxış edib, alqış qazanıb. 1991-ci ildə Dövlət Filarmoniyasında, 1992-ci ildə isə indiki Heydər Əliyev Sarayında solo konsert verib. Uzun müddət Şirvan Aşıqlar Birliyinin rəhbəri olub, öz davamçılarını yetişdirib. 2014-cü ildə aşıq sənətində səmərəli fəaliyyətinə görə “Dədə Qorqud” Fondunun təsis etdiyi “Dədə Qorqud” ordeni ilə mükafatlandırılıb.
Bugünlərdə isə aşıq sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Bu münasibətlə onu təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Əzəmət Əliyev,
Ağsu rayon Mərkəzi kitabxanasının işçisi