Aşıq Molla Cumanın 160 illiyi qeyd olundu
Dekabrın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə aşıq Molla Cumanın anadan olmasının 160 illiyinə həsr olunan yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin I katibi, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirdi ki, bu gün dövlətimiz aşıq sənətinə yüksək qiymət verir. Bu müqəddəs sənət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Məhərrəm Qasımlı Molla Cumanın XIX-XX əsr aşıq poeziyasına verdiyi töhfələrdən, yaradıcılığının məziyyətlərindən, faciəli taleyindən söz açdı.
Qeyd olundu ki, “Molla Cuma” aşığın təxəllüsüdür. Aşıq “Mən” rədifli vücudnaməsində yaşadığı yer və ailəsi haqqında məlumat verib:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki
Layisqi kəndinin binasıyam mən.
Molla Cumanın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, ictimai bərabərsizliklər və sairədən ibarətdir. Müəllifin şeirlərinin çoxunda İsmi Pünhanın adı çəkilir. Həmçinin şeirlərinin əksəriyyəti İsmi Pünhana müraciətlə yazılıb. Nədənsə müəllif əsərlərində sevgilisinin adını gizlədib.
AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Molla Cumanın həyat və yaradıcılığının maraqlı məqamlarına toxundu. Qeyd etdi ki, 1854-cü ildə Şəkinin Aşağı Layisqi kəndində dünyaya göz açan Molla Cuma hər şeydən əvvəl məhəbbət aşığıdır. O özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində görüb.
Bildirildi ki, sənətkarın şeirlərinin cüzi bir hissəsini 1930-cu illərdə folklorşünas Hümmət Əlizadə toplayıb “Aşıqlar” kitabında çap etdirib. Onun bir neçə saz havası da məlumdur: “Molla Cuma gözəlləməsi”, “Molla Cuma gəraylısı”, “Şəki dübeytisi”, “Molla Cuma müxəmməsi” və s.
Molla Cuma Azərbaycan Xalq Cümhuriyyətinin fədakar tərəfdarlarından olub. Gənclərin milli orduya səfərbər olunmasını təşkil edib. Erməni quldurlarının fəallaşdığı bir vaxtda Şəki rayonunun Səbətlər kəndində məskunlaşan və təşkilatlanan ermənilərlə mübarizəyə qalxıb. Sonra vətənpərvər gənclərdən bir qrupu ilə Gəncə şəhərinə gedib. Fətəli xan Xoyski və Nuru paşa ilə görüşüb. Car-Balakəndə və Şəki bölgəsindəki vəziyyət barədə məlumat verib, onlara köməyə gəldiyini bildirib.
1920-ci ildə bolşevik Rusiyasının XI ordusu Azərbaycanı işğal edəndə Molla Cuma da həbs olunur. Ondan kimliyini soruşurlar. O da aşıq olduğunu bildirir. Ruslar onu azad etsələr də, elə həmin il ermənilər tərəfindən qətlə yetirilir.
Yaqub Mahmudov aşığın xatirəsinin əbədiləşdirilməsi, qətlə yetirildiyi yerdə büstünün qoyulması və ev-muzeyinin yaradılması təklifini də səsləndirdi.
Akademik Milli Dram Teatrının aktyorları Əməkdar artist Sabir Məmmədov və Şəhla Əliqızı görkəmli sənətkarın şeirlərini oxudular. Sonda söz musiqiyə verildi. Əməkdar mədəniyyət işçiləri aşıq Əhliman, aşıq Samirə Əliyeva, aşıq Ağamurad Şirvanlı, aşıqlardan Kəmalə, Qələndər Zeynalov, Altay Məmmədov, xanəndə Ayşən Mehdiyeva, “Misri” sazçı qızlar qrupu, “Çeşmə” folklor qrupu və başqaları Molla Cumanın sözləri üstündə saz havalarını ifa etdilər. İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Savalan Fərəcov