Maşınımız Ağdaşa yaxınlaşırdı. Təqvimdə fevral ayı olsa da, hava günəşli idi. Uzun illər tez-tez ezamiyyətdə olduğum rayonlarla Ağdaşı müqayisə edəndə, qəribə bir bənzətmə yadıma düşdü: adətən kənddə sakit, başıaşağı, üzüyola bir adamdan söz düşəndə deyirlər: «Filankəs quzu kimi bir adamdır». Bu yanaşma, bu düşüncə bəlkə də, deyək ki, qonşu Göyçayı və Yevlax rayonları ilə müqayisədə, Ağdaşda sənaye müəssisələrinin azlığı, bu qədim Ərəş torpağında tarixən əkin-biçinin daha çox yayılması fikrindən qaynaqlanırdı. Bəlkə də bu, ətrafdakı rayonlardan fərqli olaraq, Ağdaşda dini ocaqların çoxluğu ilə bağlıdır. Bilmirəm. Hər halda, Ağdaşın obrazı beynimdə bu cür canlanırdı. Elə bu düşüncələrlə də Ağdaşa çatdım.
  
   Rayon Mədəniyyət və Turizm Şöbəsinə getməli idim, Ağdaşın mədəni həyatından yazı hazırlamaq arzusu ilə gəlmişdim bura. Rayon mərkəzini təklikdə gəzməyi qərarlaşdırdım. Bu fikrə gəlməyim, düzünü desəm, bəlkə də jurnalist marağından daha çox, havanın gözəl olması ilə bağlı idi. Bir də ki, küçə-meydan, ətrafdakı binaların, rayon mərkəzindəki nəhəng və yaşıl parkın abadlığı bir sözlə, ətrafdakı gözoxşayan, adama rahatlıq və xoş ovqat gətirən mənzərə, artıq Ağdaşdan hazırlayacağım yazının əsas cizgilərini beynimdə cızmışdı. Əlbəttə, elə böyük iqtisadi potensialı olmayan bir rayonda bu abadlığı görmək ürək sevindirir. Daş plitələr döşənmiş, səliqəli səkilərdən tutmuş, fasadları zövqlə rənglənmiş binalar, yol boyu yaşıllıqlara kimi, burada hər qarış, Ağdaşdakı işgüzar, sağlam mühitdən xəbər verir. Mübaliğəsiz deyirəm: bu rayon regionların sosial-iqtisadi inkişafının əyani nümunəsidi. Oxucularımı arxayın edirəm: Ağdaşa gələn hər kəs burda gördüklərinin, mənim yazdıqlarımdan qat-qat yuxarı olduğunu elə ilk baxışdaca təsdiqləyər...
   Təxminən 10-12 əvvəlin söhbətidir. Ağdaş rayon mərkəzində ölməz şairmiz M.Füzulinin heykəlinin açılış mərasimi idi. Şair, yazıçılar, millət vəkilləri, incəsənət xadimləri və rayon ziyalılarının iştirak etdiyi o tədbirdə akademik Bəkir Nəbiyev də çıxış etdi. Füzuli dühasından heyranlıqla danışan alim, müstəqil dövlətin millət üçün ən böyük, əvəzedilməz sərvət olduğunu, böyük işlərə imza atmağın, tərəqqi yolunun müstəqillikdən, azadlıqdan keçdiyini dilə gətirdi. O tədbiri mən söz xatirinə xatırlamadım. Onda ulu öndərimiz Heydər Əliyevin böyük siyasi iradəsi və səyi ilə dövlətçiliyimizin təməl sütunları qoyulurdu. Böyük sosial-iqtisadi islahatlar həyata keçirilirdi. Dağılmış iqtisadi strukturlar bərpa olunur, yeniləri qurulurdu. Onda, o çətin illərdə büdcəmizin kasadlığı bir çox sosial, mədəni proqramların, geniş tikinti - quruculuq işlərinin gerçəkləşdirilməsinə imkan vermirdi. Lakin ümumi istiqamətin, siyasi kursun düzgünlüyü Azərbaycanın həyatında başlanacaq firavan mərhələnin uzaqda olmadığına sarsılmaz bir inam yaradırdı. Tarix, doğrudan da, yanılmadığımızı sübut etdi. Elə təkcə Ağdaşın 10-12 il əvvəli ilə bu gününü müqayisə edəndə, bu həqiqət bir daha təsdiqlənir.
   Oxucularımıza onu da xatırladım ki, adamda Ağdaş rayon mərkəzinə girişdən başlayan xoş təəssürat, şəhərin bütün küçə və meydanlarında davam edir. Heç yerdə şəhərin abad, işıqlı palitrasında sönük, soyuq rəngə rast gəlmək mümkün deyil.
   Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyevlə iş otağında görüşdüm:
   - Bir həftədir xəstələnmişdim, - müsahibimin bildirir, - ancaq evdə qala bilmirəm, işsiz darıxıram.
   Təzəcə tanış olduğum Tahir müəllimin bu sözləri məndə onun haqqında ilk təsəvvür yaradır: o, bu sahədə çoxdandı işləyir və işinin fanatikidir. Sonradan öyrənəcəyəm ki, Tahir Əliyev 30 ilə yaxındır ki, Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edir. Arada yuxarı vəzifəyə irəli çəkilsə də, orada çox qərar tuta bilməyib, yenə də əvvəlki iş yerinə qayıdıb. Açığını desək, maliyyə, səhiyyə, təhsil və digər strukturlardan fərqli olaraq, Mədəniyyət və Turizm Şöbəsinin maddi imkanları çox aşağıdır. Təbii ki, bu sahədə işləmək üçün gərək işini sevəsən. Tahir müəllim çay gətizdirir, mən isə onun sözə başlamasını gözləyirəm:
   - Bilirsiniz, iqtisadi inkişaf olmasa, mədəniyyətin inkişafından danışmaq artıqdır. Bir də ki, mədəniyyətə mütləq dövlət qayğısı olmalıdır. Dövlət bizə dəstək verməsə, heç nə edə bilmərik. Allaha şükür ki, son illər mədəniyyətimizin inkişafı üçün böyük işlər görülür. Millətin inkişafının göstəricisi olan bu vacib sahəyə heç vaxt bu qədər diqqət və qayğı olmayıb, bu qədər çox maliyyə vəsaiti ayrılmayıb. Təbii ki, ölkə rəhbərliyinin mədəniyyətə göstərdiyi bu yüksək münasibət bizi çox sevindirir. Həmçinin H.Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətini də yada salmasam, insafsızlıq olar. Elə təkcə bir fakt deyim. Ötən il böyük sənətkarımız Habil Əliyevin 80 illiyi ilə əlaqədar H.Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ağdaş rayon mərkəzində üçmərtəbəli uşaq musiqi məktəbinin tikintisinə başlanıldı. Binanın inşası yaxın aylarda başa çatacaq. Bu məktəb Habil Əliyevin adını daşıyacaq. Bu ilin mayında, ulu öndərimizin ad günü ərəfəsində məktəbin açılışı olacaq. Sənətə, sənətkara bundan da böyük hörmət, bundan da böyük qiymət olarmı?
   Tahir müəllimin dediklərini başımın işarəsi ilə təsdiq etməklə, dəftərçəmdə bəzi faktları da qeyd etməyi unutmurdum. Qeyd dəftərçəmdən: Ağdaşda 149 mədəni-maarif müəssisəsi var. Burada çalışan 516 nəfərin 426-sı qadındır. Ötən il rayon Mədəniyyət evi, Ləki qəsəbə Uşaq Musiqi Məktəbi, rayon Tarix-diyarşünaslıq Muzeyi, Mərkəziləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev Muzeyi, Mədəniyyət və Turizm Şöbəsinin inzibati binası, Aşağı Ləki, Pirəzə, Şəmsabad kənd Mədəniyyət evlərində, Qarağan - Şıxlar, Aşağı Zeynəddin kənd klublarında əsaslı və cari təmir işləri aparılıb. İl ərzində tarixi hadisələr və bayramlar, habelə yubileylərlə bağlı tədbirlər keçirilib.
   Şəhər və kənd mədəniyyət müəssisələrində 20 Yanvar - Milli Matəm Gününə həsr olunmuş anım mərasimləri, rayon Mədəniyyət evində ədəbi-bədii kompozisiya, Mərkəzi Kitabxana Sistemində «Müdhiş gecə», Tarix-diyarşünaslıq muzeyində «Şəhidlər unudulmur», şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində «Qara Yanvar», Gənclər Kitabxanasında «Vətən uğrunda canından keçdilər», şəhər 65 saylı filial kitabxanasında «Ağla, qərənfil, ağla», Hüşün, Yenikənd, Pirkəkə kənd kitabxanalarında «Əbədiyyət zirvəsi» mövzusunda mühazirə və sərgilər təşkil olunub.
   Keçən ilin fevralında dünyaşöhrətli bəstəkarımız Q.Qarayevin anadan olmasının 90 illiyi münasibətilə şəhər və Ləki uşaq musiqi məktəblərində tədbirlər keçirilib.
   Xocalı faciəsi ilə bağlı bütün mədəniyyət müəssisələrində anım mərasimləri, sərgilər təşkil olunub.
   Novruz bayramı günlərində şəhərin müxtəlif yerlərində konsert və tamaşalardan ibarət rəngarəng proqramlar nümayiş etdirilib.
   31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar çoxsaylı mərasimlər keçirilib.
   Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri H.Əliyevin anadan olmasının 85 illik yubileyi rayonun bütün mədəniyyət müəssisələrində geniş qeyd olunub.
   Ötən il mayın 7-də rayon Mədəniyyət evində ulu öndərin 85 illiyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan mədəniyyəti» mövzusunda elmi-praktik konfransda mədəniyyətimizin hamisi H.Əliyevin hakimiyyəti dövründə mədəniyyət və incəsənətimizə verilən yüksək qiymətdən söz açılıb, ümummilli liderin layiqli davamçısı, prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bütün sferalarda olduğu kimi, mədəniyyət sahəsində də olan dinamik inkişafdan danışılıb.
   2008-ci ilin mayın 10-da Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ümummilli liderimizin abidəsi önünə gül-çiçək dəstləri qoyulmuş, ulu öndərin xatirəsi yad edilib. Həmin gün parkda təntənəli konsert və el şənlikləri təşkil olunub.
   Keçən il mayın 16-da Ağdaş torpağının yetirməsi, “Şöhrət” və «İstiqlal» ordenli, Prezident təqaüdçüsü, respublikanın xalq artisti, əvəzsiz kaman ustası Habil Əliyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub. İyunun 27-də Ağdaş Rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-publisist, ədəbiyyatşünas, istedadlı alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyi münasibətilə rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə oxucu konfransı keçirilib...
   Təbii ki, yuxarıda sadaladıqlarım Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin il ərzində gördüyü işlərin bir qismidir. Bu şöbənin tabeliyindəki mədəni-maarif müəssisələrinin fəaliyyəti, əlbəttə, bir qəzet səhifəsinə sığan deyil. Bir də ki, məsəl var, deyərlər: Duzun tamını bilmək üçün ondan bircə çimdik dadmaq bəs eləyir. Ağdaşın mədəni həyatı ilə bağlı qeydlərimə də elə bu məsəllə nöqtə qoymaq istəyirəm.
  
   Qorxmaz Şıxalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar