Bu barədə məlumatı Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov verib. Onun sözlərinə görə, indiki Bərdə şəhərindən 7-8 kilometr aralıda yerləşən Şatağı kəndindəki Şortəpə və Bala təpə abidələrində aparılan qazıntılar zamanı buranın 3 min il tarixi olduğu müəyyən edilib.
  
   «Bu ərazilərin 1500 il əvvəl Sasanilər, 2 min əvvəl Parfiyalılar, 2500 il əvvəl Əhmənilər dövlətinin işğal etməsi məlumdur. Həmçinin, bəzi tarixi mənbələrdə Azərbaycan şəhərlərinin elə həmin dövlətlər tərəfindən salınması fikri bildirilir. Lakin qədim Bərdə şəhəri ərazisində aparılan arxeoloji qazıntılar onun daha qədimlərdən mövcud olmasını sübuta yetirdi».
    A. Məmmədov qədimdə Gəncənin Bərdə ilə ticarət əlaqələrinin olmasını xatırladaraq Gəncədə də arxeoloji araşdırmaların aparılmasını zəruri hesab edir. Beləliklə, Gəncənin yaşı daha qədimlərə gedib çıxa bilər. Qeyd edək ki, hazırda Gəncənin 2500 yaşı olduğu tam sübuta yetirilib. A.Məmmədov bildirdi ki, Bərdə də aparılan son arxeoloji qazıntı işləri haqda ictimaiyyətə elə həmin səhnədə keçiriləcək «Qarabağ» elmi-praktiki konfransında məlumat verilməsi nəzərdə tutulub.