2009-cu il may ayının 5-6-da Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov başçılığı ilə bir qrup nazirlik əməkdaşı Quba və Qusar rayonlarının mədəniyyət saraylarında bir sıra görüşlər keçirdilər. Bundan əlavə, həmin rayonların bəzi kəndlərində fəaliyyət göstərən bir sıra mədəniyyət evi, klub və kitabxanalara baxış keçirərək mövcud vəziyyətlə tanış oldular. Bütün bunlar gələcəkdə bölgələrdə mədəniyyət ocaqlarının yenidən bərpa olunması yolunda ilkin axtarışlar idi. Quba və Qusar rayonlarının turizm baxımından əlverişli təbii şərait olduğunu nəzərə alsaq, bu rayonlarda yerləşən mədəniyyət obyektlərinin və tarixi abidələrin bərpasına ehtiyac duyulduğunu görərik. Elə bu məqsədlə də Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri hər iki rayonda yerləşən mədəniyyət müəssisələrinin mövcud durumunu araşdırdılar.
Quba mədəniyyət sarayında
Quba Rayon Mədəniyyət Evində keçirilən görüşü giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov açdı. Tədbirdə nazirliyin Aparat rəhbəri Firudin Qurbanov məruzə ilə çıxış edərək rayon mədəniyyət müəssisələrinin fəaliyyətindəki nöqsan və çatışmazlıqları qeyd etdi, geniş turizm potensialına malik bölgədə işləyənlərin qarşısında duran məqsəd və vəzifələrdən danışdı, mədəniyyət və turizm sahəsində gedən inkişaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri görüş iştirakçılarının nəzərinə çatdırdı.
Məruzə dinlənildikdən sonra rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Xanımsona Əkbərova çıxış edərək gələcəkdə də belə görüşlərin keçirilməsinə ehtiyac olduğunu, tədbirin mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılmasına müsbət təsir edəcəyini bildirdi.
Qusar mədəniyyət sarayında
Qusar Rayon Mədəniyyət Evində keçirilən görüşü rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Elman Mustafayev açaraq tədbirin təşkil edilməsinə, kənd mədəniyyət müəssisələrində çalışan insanlara nazirlik tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq musiqi məktəbinin və MKS-nin direktorları çıxış etdilər. Çıxışlardan sonra tədbir iştirakçılarının çoxsaylı sualları nazirliyin əməkdaşları tərəfindən cavablandırıldı, mövcud problemlərin həlli yolları müzakirə edildi.
Mədəniyyət obyeklərindəki problemlər
Qusar rayonunun dörd kəndində yerləşən mədəniyyət obyektlərindəki acınacaqlı vəziyyət diqqətdən yayınmadı. Lazımi qeydlər aparıldı və mədəniyyət obyektlərinin binalarında şəkillər çəkildi. Qusar rayonunun Piral, Əvəcük, Həsənqala və Köhnə Xudat kəndlərinin mədəniyyət obyektlərinin hər birində mədəniyyət işçilərinin və kənd sakinlərinin fikirləri dinlənildi. Yararsız halda olan bu obyektlərin yeniləri ilə əvəz olunması və bəzilərinin tam bərpa olunması qeyd edildi. Köhnə Xudat kəndinin klub və kitabxanasının yerləşdiyi binanın keçən əsrin 50-ci illərində tikildiyi vurğulandı. Həsənqala kənd klubu və kitabxanasının yerləşdiyi binaların vəziyyəti daha acınacaqlı idi. Bu binanın Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsi tərəfindən qeydiyyata götürülməsi vacib hesab edildi. Bu kəndlərin kitabxanalarında kitabların saxlanılması üçün heç bir şərait yoxdur. Hətta Piral kəndində bəzi kitablar yerə düzülmüşdü. Adıçəkilən kəndlərdə klub və kitabxanaların bərbad şəraiti bir daha sübut etdi ki, bu obyektlər müasir standartlara uyğun olaraq yenidən tikilməlidir. Baxış keçirilən bütün kənd kitabxanalarına nazirliyin məsul işçiləri tərəfindən gətirilmiş kitablar hədiyyə edildi. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri Quba rayonunda 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalmış insanların bu yaxınlarda üzə çıxmış kütləvi məzarlığını ziyarət etdilər.
Bölgələrdə mədəniyyət obyektləri yenilənəcək
Qusar rayonunda keçirilən tədbirdə çıxış edən F.Qurbanov qeyd etdi ki, mədəniyyət müəssisələrindəki vəziyyətlə yerindəcə tanışlığın işin xeyrinədir: “Kəndlərdə mədəniyyət işçiləri ilə ünsiyyətdə olduq. Son vaxtlar dövlət tərəfindən mədəniyyət obyektlərinə diqqət artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı 2009-2013-cü illər üçün imzaladığı sərəncamda mədəniyyət obyektlərinin də inkişafı nəzərdə tutulub. Bu bir daha onu göstərir ki, dövlətimiz mədəniyyət obyektlərinin vəziyyəti ilə daim maraqlanır. Bu işə Mədəniyyət və Turizm Nazirliyi olaraq Quba və Qusar rayonlarından başladıq. Bu bölgə Azərbaycanın maraqlı turizm zonalarındandır. Turistlər bura gələrkən mədəniyyət obyektləri və tarixi abidələr də onların diqqətində olur. Deməli, mədəniyyət ocaqlarını elə səviyyəyə çatdırmaq lazımdır ki, respublikamıza gələn turistləri də cəlb etsin. Biz tarixi abidələri və mədəniyyət obyektlərini bərpa etməliyik ki, daha çox turist cəlb edə bilək. Bizim bu səfərimiz mövcud vəziyyətlə tanış olmaq və mədəniyyət obyektlərindəki problemləri aradan qaldırmağa xidmət edir. Bölgələrdə mədəniyyət evləri, klub və kitabxanalar nə qədər keyfiyyətli olsa, gənclərin diqqətini daha çox bu məkanlara cəlb etmək olar. Bu isə gənclərimizi küçə psixologiyasından uzaqlaşdırmağa xidmət edəcək. Biz buna doğru addımlayırıq. Dövlət başçısı son illərdə mədəniyyətlə bağlı 200-dən çox sərəncam imzalayıb. Dövlətin əsas prioritet istiqamətlərindən biri mədəniyyət ocaqlarınının yenidən qurulması, bərpası və yenilərinin inşa olunmasıdır. Son 5 il ərzində respublikamızın paytaxtında onlarla belə yeni mərkəzlər inşa olunub, bəziləri isə əsaslı şəkildə müasir standartlara uyğun təmir edilib. Bir sıra rayonların mərkəzlərində mədəniyyət ocaqları əsaslı təmir olunsa da, bölgələrdəki mədəniyyət obyektlərinin əksəriyyətinin yenidən inşasına ehtiyac var».
Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin Quba və Qusar rayonlarındakı görüşləri səmərəli keçdi. Bütün problemlər araşdırıldı və diqqətə götürüldü.
Əlavə olaraq bildirildi ki, nazirliyin bu xarakterli reydləri respublikamızın digər rayonlarında da keçiriləcək.
İntiqam Hacılı