Qüdrətli şair-dramaturq, XX əsr Azərbaycan ədəbiyyatında fəlsəfi romantizmin banisi, ədəbi tariximizdə çox mühüm bir mərhələni təşkil edən Hüseyn Cavidin adı təbii ki, hər bir azərbaycanlı üçün əzizdir. Bugünlərdə ədibin böyüyüb boya-başa çatdığı Naxçıvandakı ev-muzeyinə baş çəkdik.
   
   Öz zənginliyi və emosional baxımlığı ilə seçilən eksponatları - nostalji yaradan əşyaları, bəşəriyyətə töhfə olan əsərlərinin əlyazmaları, fotolar və sənədlərlə zəngin mənzildə gələcək nəsillər üçün böyük bir mənəvi xəzinə yatır.
   1882-ci ilin 24 oktyabrında Şərqin qapısı qədim Naxçıvanda Əlixan məhəlləsində dünyaya göz açan şair cəmi 59 il acılı-şirinli ömür yaşayıb. Acısı çox olan bu ömrün bir hissəsi Təbrizdə, İstanbulda, Tiflisdə, bir hissəsi isə Gəncədə, Bakıda, sonu isə soyuq Sibirin ən ucqar yerində keçib.
   Bu qısa ömürdə Cavid hər kəlməsi bir fəlsəfə olan elə gözəl əsərlər yaratmışdır ki, onlar böyük şairə dahilik, ölməzlik bəxş etmişdir. Cavid yaradıcılığı təkcə Türk dünyasının deyil, bütün bəşərin əbədi parlayan ulduzudur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahi şairin irsinə verdiyi yüksək dəyərin təcəssümü olan Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyi 1981-ci ildə yaradılıb. Burada Cavidin həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkillər, «Keçmiş günlər», «Peyğəmbər», «İblis», «Uçurum», «Topal Teymur», «Şeyda», «Şeyx Sənan», «Səyavuş» əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafla, professor Əli Sultanlının bacısı Bətula xanımın hədiyyə etdiyi «İblis» (1926-cı ildə nəşr olunub) və qardaşı qızı Rəna Rasizadəyə hədiyyə etdiyi «Səyavuş» (1943-cü ildə nəşr olunub) əsərləri qorunur.
   Nümunələr arasında şairin müxtəlif teatrlarda tamaşaya qoyulmuş əsərlərinin afişa və proqramları, müxtəlif xatirə əşyaları, məktublar, ədibin qızı Turan Cavid tərəfindən muzeyə hədiyyə edilmiş «Knyaz» əsərinin əlyazması da var. Burada hər memorial muzeyə xarakterik olan şəxsi əşyalar da var. Bu sırada ailə şəkilləri, stolüstü yazı dəsti, ədibin oğlu Ərtoğrul Cavidin hərbi xidmət illərində 1942-ci ilin fevralından 1943-cü ilin oktyabrına qədər Abxaziyadan, Tiflis hospitalından və Naxçıvandan Bakıya - anası Miskinaz xanım və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktub da xüsusi yer alır. Onu da qeyd edək ki, muzey ekspozisiyasında tanınmış alimlər Məmmədcəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, İsa Həbibbəyli, Rəfayel Hüseynov, Hüseyn İbrahimov, Azər Turan, Ənvər Uzun və başqalarının muzeyə bağışladıqları onlarla kitab, şair haqqında xatirələr də qorunur.
   Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə baş vermiş tarixi hadisə - Cavidin nəşinin Uzaq Sibirdən Vətəninə gətirilməsindən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində Cavid irsinə marağı daha da artırdı. Elə o vaxtdən Cavidin ev muzeyi Cavid sənəti pərəstişkarlarının, bir növ yaradıcılıq və tədqiqat mərkəzinə çevrilmişdir. Yarandığı gündən indiyədək, «H. Cavid və teatrı», «H.Cavid və Naxçıvan teatrı», «H.Cavid-100», «H. Cavid-125» adlı səyyar sərgilər təşkil olunmuş və muxtar respublikanın mədəni-maarif müəssisələrində nümayiş etdirilmişdir. Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundovla muzeyin sərgi salonunda söhbətimizi davam etdirdik. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyin Cavidin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncama əsasən, ev muzeyinin əməkdaşlarının səyi ilə sərgilər təşkil olunmuş, ədəbi-bədii gecələr, görüşlər, disputlar, şeir müsabiqələri keçirilmişdir. Ev muzeyində nəfis şəkildə tərtib edilmiş 6 lövhədən ibarət «Hüseyn Cavid-125» adlı sərgi ötən ilin may ayında Türkiyənin İstanbul şəhərində Yedditəpə Universitetində, Cavid Əfəndinin vaxtilə təhsil aldığı İstanbul Universitetində, Türkiyənin Yazarlar Birliyinin İstanbul şöbəsində nümayiş etdirilmişdir.
   Ümumilikdə Cavidin ev-muzeyi yarandığı gündən daim başqa muzeylərlə əlaqələr yaratmış və bu işi davam etdirməkdədir. Böyük tamaşaçı marağına səbəb olan Hüseyn Cavidin ev-muzeyi naxçıvanlıların ən sevimli ünvanına çevrilmişdir.   

   Hüseyn Əliyev,
   Naxçıvan